Modern.az

Primitiv maksimalistlər...

13 Noyabr 2020, 17:10

Qəzənfər Həmidoğlu

Sanki sevincimizin qursağımızda qalması üçün əlləşirlər. Əcaib durumdayıq: Qələbəni bayram edirik, yandan ağız büzürlər ki, nə qələbə, nə bayram?!.

44 gün polad yumruq olub düşməni əzdik və 45-ci gün - üçtərəfli bəyanat imzalandıqdan sonra bəziləri bu poladı çiling-çiling etməklə milləti hücrələrə yuvarlatmaq istəyir: maksimalistlər, minimalistlər, praqmatik revizionistlər, optimist mozaxistlər, pozitiv sadistlər, islaholunmaz rusofillər və pessimist rusofoblar - hərə əlinə bir bayraq alıb baş-beynimizi aparır, içimizə şübhə toxumu səpir.

Bəs o 44 gün nə oldu, düşməni əzməyimiz, iti qovan kimi qovmağımız nə oldu, Şuşaya bayraq sancmağımız nə oldu, Paşinyanın kapitulyasiyası nə oldu?!.

Vətən müharibəsi Azərbaycanın böyük Qələbəsi ilə bitdi. Realpolitik çərçivəsində nə mümkündürsə, onu da qazandıq. Amma kimsə gözləyirdisə ki, 44 günə 200 illik bütün dərd-sərimizə nöqtə qoyacağıq, getsin yuxusunda yenə İrəvana bayraq sancsın.

Ermənistan heç hara getməyib, Rusiya da getməyə tələsmir. Qələbə qazandıq, amma bitmədi, irəlidə kim bilir tale bizə nə tələlər quracaq, nə zəfərlər bəxş edəcək?!.

Amma noyabrın 10-da imzalanmış bəyanata - Ermənistanın kapitulyasiya saydığı sənədə Azərbaycanın imza atmasını "xəyanət" kimi qiymətləndirmək, "ruslar qayıtdı, Qarabağda baza qurdu, suverenliyimiz əldən getdi" deyə dizinə döymək, 44 günün uğurunu Ərdoğan-Putin anlaşması sayıb, hər "pisliyi" Bakının ayağına yazmaq və tarixi qazancımıza göz yummaq maksimalizm yox, primitiv müxalifətçilik, qərəzli təftişçilikdir.

Müzakirə edək, amma söyüşməyək, gələcəyimizlə bağlı baş sındıraq, amma bədgüman olmayaq!

Kimsə rus sülhməramlılarının bölgəyə yerləşməsini bayram etmir. Rusları tanıyırıq və sakit deyilik. Və bu Rusiya 90-cı illərin Yeltsin Rusiyasından dəfələrlə güclüdür. Amma Türkiyə yanımızdadır, tələsmədən bütün torpaqlarımıza tam nəzarəti bərpa edərik və yeri gəldikdə, supergüclə "çiling-ağac" da oynarıq.

Noyabrın 10-da imzalanan bəyanat sülh sazişi deyil, atəşkəs sənədidir. Unutmayaq ki, biz yalnız ermənilərlə vuruşmuruq, Şuşaya, Qarabağdakı digər topraqlarımıza məhz ruslara rəğmən qayıtdıq və qayıdırıq. Baxmayaraq ki, "protiv loma net priyoma" - yəni, rus linginə qarşı dünya hələ bir fənd tapmayıb.

44 gündə biz yalnız torpaqlarımızı qaytarmadıq, regionda fərqli reallıq yaratdıq, taleyimizi dəyişdik, şəhid və qazilərimizin canları-qanları bahasına milli ləyaqət və qürurumuzu yüksəltdik.

Biz Qalib millətik!

Keçdiyimiz tarixi dönəmi real qiymətləndirmək üçün zamana ehtiyac var. Sentyabrın 27-də 30 illik bir epoxaya son qoyduq. Artıq müstəqil Azərbaycanın tarixində yeni era başlayır və o 44 gün bizi daha irəlilərə aparacaq!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok