Modern.az

Tanrı bizə məqam verib: duruluğa çıxmağın zamanıdır

14 Aprel 2020, 17:03

Aida Eyvazlı

Su-dan danışacağam. Həyatın mənbəyi və əzəli olan Su-dan. Eramızdan əvvəl 209-174 cü yüzillikdə yaşayan Mete Xaqan Mərkəzi Monqolustandan Mancuriyaya yürüş edərək (indiki orta Monqolustan vilayəti) zəfərlə ələ almışdı. Buralarda Hulun nohurun ətrafında abadlıq yaradıb, dövləti bərqərar etdikdən sonra Böyük Baykalın cənubuna, Yenisey çayının sahillərinə yetişdi. Yenə yamyaşıl çəmənlər, bol sulu çaylar. Böyük Hun Ordusu ilə dünyanı zəbt etməkdə iddialı idi. Qurduğu səltənətlərinin hamısı bol sulu yerlərdə idi. Harada iz qoyurdusa, orada mal-qaranın sayını artırır, mal-qarası olmayana yardım edir, çox varlı adamları isə kasıba əl tutmağa, onun da həyətində mal-qarasının çoxalması üçün şərait yaratmağa çağırırdı. Verdiyi əmrlər dövlətin Törəsinə (Qanununa) uyğun icra olunurdu. Dövlətinin qanunları su kimi aydın idi. Ona görə də 300 illik hun hakimiyyəti yaşadı.

Həəəə... Əziz dostlarımız, aydınlıq istəyən, şəffaflıq axtaran əzizlərimiz. Harada iz qoyduqsa, harada yurd saldıqsa, əvvəlcə su axtardıq. Uzun yollarımızda içib yorğunluğumuzu çıxardıq, atlarımızı suvardıq. “At”- dedim, Kül Tegini xatırladım. 10 min atını Orhon çayının yanındakı Sarca gölündə suvarardı. Həmin Orhon çayının sahilində su kimi şəffaf , azad və qorxmaz insanların gücü ilə Ötükən dövlətini qurdu. Yurdlarının, alaçıqlarının içərisindəki, çölündəki təmizlik su ilə arınırdı. O sularda Mete xaqanın xanımı, Umay ana, Altın Tarım...

Dədə Qorqud dastanının ğözəlləri əl-üzlərini yumuş, saçlarına sığal çəkmişdilər. O sularla evlərinə-eşiklərinə, həyət bacalarına təzəlik, təmizlik gətirmişdilər. Heç alaçıqlı evlərə girdinizmi, qapısını açdınızmı? Həmin o alaçıq evlərin içərisindən hər zaman su ətri və süd ətri gələr. O alaçıq ətrafında çoban arvadlarının inəklərin məmələrini suyla yuyub, gözəl oxşamalarla tər-təmiz süddana süd sağdıqlarını gördünüzmü? Bir çobanın obasında qonaq olanda o evin xanımının açdığı təmiz süfrəsində çay içib, tutduğu pendir və yağla təmiz saç üstündə bişirdiyi yuxadan yedinizmi...

Əgər bunları görmüsünüzsə, o zaman su ilə təmizlənən yerləri xatırlayacaqsınız. Bir evdən gəlin köçəndə onun cehizinə misdən döyülmüş su məcməyisi, su saplıcası və aftaha qoşardıq. Gəlin üç gündən sonra onu görməyə gələn qonaqları qarşılayanda qolunun üstündə dəsmal, əlinin birində su məcməyisi birində su dolçası—bir-bir qonaqların qarşısına keçib, ədəblə onların əlinin altına məcməyini tutub, sonra su töküb, dəsmalla qurutmağı təklif edərdi.

Unudulmaz Əzizə Cəfərzadə anamız Seyyid Əzim Şirvani haqqında yazdığı“Aləmdə səsim var mənim” kitabında Seyyidin oturduğu məclisdə Mahmud ağanın qonağı olan Adam Oliarinin başına yığılmış qonaqların süfrəyə təam gəlməzdən əvvəl , əllərini yumaq səhnəsini də belə təsvir edir. Şamaxının hamamlarından, ovdanlarından , bulaqlarından danışır. Biz bir xalq kimi, el kimi hər zaman odda yanıb, suda bərkidik.

Tanrı yurdlarımızı bol sulu çaylarla, dənizlərlə mükafatlandırdı. Dünya var olan gündən Suya, Günəşə, Oda, Göy Səmaya and içdik. Su kimi durulduq, Günəş kimi şəfqətli olduq, Od kimi doğmaları isindirib, düşmənləri yandırdıq, Göy Səma kimi bizi sevənlərin nazını çəkdik. Heç dənizllərin, göllərin Göy Səma ilə söhbətini seyr etdinizmi? Göy üzü mas- mavi olanda dənizin də rəhngi dumduru, suları göm-göy və ya yamyaşıl zümrüd rəngində olur. Demək ikisi də bir-birini anlayırlar. Elə ki, Göyləri bulud aldı, Yerdəki çaylar, göllər, dənizlər də vahimələnir, rəngi göyün qara rənginə dönür.

“Abadlıq könüldən başlayır”- deyirdi, rəhmətlik İslam Kərimov. Könül evimizi təzə tutanda, evimiz, ətrafımız, kəndarımızı da təzələnir. Biz Baharı Su çərşənbəsi ilə qarşılayırıq. Həyətlərimizi, evlərimizi təmizləyirik. Daşkənddə olanlar yaxşı bilir. Mart ayının ilk günlərindən qonum-qonşular öz həyərtlərini-bacalarını, yaşadıqları küçələri təmizləyib, abadlaşdırırlar ki, Ergenekonun azadlığa çıxdığı günlərdə Bahar dönəmi evlərinə təmiz yollardan gəlib keçsin. Bu Bahar bizi sınağa çəkdi. Təbiət anamız dağların qarını əridib su elədi, çaylara-dənizlərə yönəltdi. O qədər olub ki, Ana təbiəti incitmişik. Torpağını döymədik, ağacının meyvəsini dərib, dibini belləmədik. Dədə-babalardan qalan evlərimizi kəndlərdən şəhərə gətirib, hündür hasarlar tikdik.

Kül Tekin hələ 13 əsr bundan əvvəl Ötükəndə çinlilərə qarşı vuruşanda məğlubiyyətin səbəbi belə yazldı daşlara: “O qədər hasar tikdik ki, Vətənimiz hasar içi qədər kiçildi”. Laylalarla isindirdiyimiz evlərin divarlarının, meşədən gətirdiyimiz quru ağacların odunları ilə qaladığımız sobalarımızın, təndirlərimizin istisi getdi, biz kənd evlərimizin qıfılını düyünləyib arxamıza baxmadan kənddən çıxanda. O gündən bu günə evlərimizdə dəli-dəli küləklər oynaşdı. Divarlar çat verdi, şirələri töküldü. Su ilə qarışdırıb divara çəkilən şirələrin yeri qırış-qırış damar-damar genişləndi. Evlərimiz, göydən asılan beşiklərimiz tənhalıqdan dəli oldular. Elə təhna pəncərələr, elə tənha evlər var ki, qapılarını külək açdı-örtdü, dəli rüzigarlara qoşulub cırıldadılar, bayatı-ağı dedilər. Bəlkə, Tanrı öz əlimizlə Yerə göndərdiyi bu süni bəlanın Şeytanlar tərəfindən oynanılmasına ona görə rəvac verdi ki, kənd evlərimizə qayıdaq, torpaqdan palçıq yoğuraq, təndir quraq. Bəlkə həyatın ən gözəli elə 50-60 il bundan əvvəl yaşadığımız internetsiz, telefonsuz həyat idi. Onda nənələrin nağılları da şirin olurdu, anaların laylaları da ...

Mənim də kəndimdə bir atılmış evim var. Orada bir nənni asılıb tavandan. Nənəmin oxuduğu laylanın səsi gəlir qulaqlarıma: Laylası dərin balam, Yuxusu sərin balam. Tanrımdan əhdim budur, Toyunu görüm balam. Lay-lay beşiyim laylay Evim-eşiyim laylay. Ey insanlar! Xəbəriniz varmı ki, dünya layla üçün darıxır. Boş qoyub gəldiyiniz beşiklər darıxır. Bir beşiyin laylalarıyla 5-10 uşaq böyüyərdi hər ailədə. Ailələri dağıtmışıq. Dəyərləri dağıtmışıq. Ağ duvaqlı, qırmızı örpəkli gəlinlər gəlmir ocaqlara. Arxasınca su atılmır yola düşən oğlanların, qızların... unutmuşuq. Mənim anam haraya getsəm arxamca su atardı. O zaman işlərim də su kimi aydın olurdu. Dünyaya bulaq çəkməyi, ovdan tikməyi, at yəhərləməyi, onu suvarmağı, hamam tikməyi türklər öyrətdi. Niyə SU-dan bu qədər bəhs etdim?! Hə o dünyanın başına özünü TAC kimi endirən mərəzə görə...

İlk gündən bütün informasiya saytları, xarici ölkələrdən yayılan xəbərlərdə “Su ilə əllərinizi tez-tez yuyun” məsləhətlərinə görə... Mən yaxşı bilirəm, çox görmüşəm o Avropada, Amerikada yaşayanları, gigiyenik təmizliyə necə riayət etmələrindən də xəbərdaram. O biz olduq ki, su başına gedəndə də əlimizdə aftaha getdik, yeməyi yeməzdən əvvəl də əllərimizi yuduq, yeyib-bitirəndən sonra da. İslamı yayarkən Ərəbistan səhralarında yaşayan insanlara nicat yolu göstərmək, insanları təmizə çıxarmaq, paklandırmaq üçün Məhəmməd Peyğəmbər nələr etmədi?! Xəlvətə çəkilib,yenə insanların içərisinə qayıdandan sonra hər gün namaza başlamazdan əvvəl 5 dəfə su ilə dəstəmaz almağı tövsiyə etdi. Təmizlənməyi –arınmağı məsləhət bildi bütün sufilər. Su kənarında, çay kənarında təkyələr qurdular. Bosniyanın Mostar şəhərindəki o ulu dağın ətəyində gördüyüm Sufi təkkəsinin ən kiçik otağının küncündə belə yuyunmaq üçün yer gördüm. Təkkəni sufi-islami qaydalarına uyğun olaraq bu gün də o qədər təmiz saxlayırlar ki, təkkədən də su ətri gəlir, böyründən axan nəhrdən də. İnsan su ilə arınar, su ilə bütün bəlalar başımızdan gedər. Bizdən fərqli olaraq o Amerikada, Avropada yaşayanlar su başına gedəndə kağız aparırlar. Gördünüzmü “mədəniyyətlərinə heyran olduqlarımız” tualet kağızı üçün necə baş yarırdılar?! Həmin o avropalıların, fransalıların ətirdən nə üçün istifadə etmələrini deyimmi? Kəndin və ya meydanın ortasında bir çəlləkləri olardı. O çəlləkdə yüz nəfər adam çimərdi. Pis-iy qoxu Avropanın küçələrində- meydanlarında dolanıb hər zaman. Bu qoxudan qurtarmaq üçün ətir icad etdilər. Siz də deyirsiniz ki, Fransız ətri. Suyun ətrindən gözəl nə ola bilər?!

Tanrı bizə düşünməyə-daşınmağa məqam verib. Aydınlığa, duruluğa çıxmağın zamanıdır. Bu taclını da yenəcəyik. Buna görə əvvəlcə qəlb evimizi, sonra evimizin içərisini, sonra çölümüzü, ətrafımızı təmiz saxlayaq. Bir amalımız olmalıdır ki, Vətəni və vətəndaşları ayırmayaq. Fikirləşək ki, zillətdə olan, tapdaqda olan torpağımızı geri qaytarmağa gecikməmişik ki?!

Unutmayaq ki, o torpaqlarda qanı-tökülüb həlak olan qurbanlarımızın, şəhidlərimizin ruhu narahatdır. Bu taclı çıxıb gedəkcək. Bu məqamda Nihal Atsızın “Bozqurdlar” romanında yazdığı bir fikiri xatırlayıram: “Yağmur yağıyor... İrmağın kıyısında döyüşürsünüz... Budun kurtuluyor... Adınız unudulmayacak... 1300 yillik ölümdən sonra dirileceksiniz...”.

Tanrı bizi suya dönməyə, arınmağa dönməyə çağırır ki, yenidən dirilək. Axı bir damla sudan yarandıq. Bu taclı vəbanı yola saldığımız gündə də yağmur yağacaq. Yağmur yaxacaq ki, biz yenidən dirilək.

14.04.20

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…