Modern.az

Baş redaktor: Kaş koronovirusa yoluxub öləydim əlinizdən...

21 Mart 2020, 22:46

Elçin Alıoğlu

Koronavirus pandemiyası ilə bağlı ölkədəki redaksiyalardan biri qərara gəlir ki, əməkdaşların səhhətinin mühafizəsi tədbirlərinin önəmini nəzərə alaraq, onlayn iş rejiminə keçilsin.

Axşam saatları, 20.30. Baş redaktor evdə noutbukunu qoşur, Skype konfrans vasitəsilə sabah görüləcək işləri müəyyənləşdirmək qərarına gəlir.

Skype-a əməkdaşlar qoşulur, konfrans rejimində.

Baş redaktor: Salam, dostlar! Məni eşidirsiniz? Hamı eşidir?

Baş redaktorun müavini: Xrxxxxx (Mikrofonda sadəcə, nəfəs səsi gəlir)

Baş redaktorun ikinci müavini: Hə, məllim! Hər şey əladır!

Kriminal şöbənin redaktoru: Mən heç nə görmürəm!

Mədəniyyət və iqtisadiyyat şöbələrinin müdirləri xorla: Məllim, çox pis eşidilir ey!

Ara qarışır, hamı danışır, xışıltı...

Baş redaktor: Dostlar! Dostlar! Bir-bir danışınn! Bir-iki... İndi eşidilir?

Hamı: Həəəə!

Sosial şöbənin redaktoru: Mən heç kimi görmürəm! Bu nədi ee...

Kriminal şöbənin redaktoru: Bəs iqtisadiyyat şöbəsi hanı?

Süküt...

Baş redaktor: Khm... Ona kimsə başa salıb Skype-dan istifadə etməyi? Hanı adminlər?

SMM-çi: Buradayam, məllim! O birililəri bilmirəm.

Sosial şöbənin redaktoru: Mən! Heç! Kimi! Görmürəm! Məni eşidirsiniz?

Hamı: Hə!

Sosial şöbənin redaktoru: Bəs onda niyə SUSURSUNUZ?

Hamı: Eeeee!

Köşə yazarlarının "ağsaqqalı"ının mikrofunu uzun müddət xırıldayır, xışıldayır, "bir, bir" səsləri gəlir. Ekranda isə heç nə görünmür.

Baş redaktor: Deməli, belə, dostlar! Bəzi dostlarımız bir azdan qoşularlar yəqin.
İndi isə sabahın informasiya gündəmini müzakirə...

Sosial şöbənin redaktoru mikrofona bərkdən fısıldayır, nəfəs alır, sonda asqırır.

Baş redaktor: Müzakirə edək ki, səhər tezdən intensiv işə başlayaq və...

Fotoqraf: Mən demək istəyirəm ki... Ay oğul, get burdan! Ay qız, apar da bunu buradan! Ay qııııız!

Kriminal şöbənin redaktorunun mikrofonundan səs gəlir: Ataaa, ay ataaaa! Totuş kiyesyoya çiş elədi! Ataaaa!

Baş redaktor: Nə? Kim nə elədi?

Baş redaktorun birinci müavini: Heç, kriminal şöbənin redaktorunun oğlu kresloya pəşov edib.

Baş redaktor: Kimin oğlu, anlamadım? Nə kreslo?

Mədəniyyət şöbəsi: Kriminal şöbə... Batırıb.

Baş redaktor: Nə edib?

Fotoqraf: Çiş edib.

Sosial şöbənin redaktoru: Bağışlayın, nə olub?

Mədəniyyət şöbəsinin redaktoru: Fotoqraf deyir ki, kimsə çiş edib.

Kriminal şöbənin redaktorunun mikrofonu: Ataaaa, ay ataaa! Totuş aboyü yazıy!

Sükut...

Baş redaktor: Kriminal şöbənin redaktoru hanı? Nə baş verir? İqtisadiyyat şöbəsi nəyi yazıb?

SMM-çi: Məllim, o yox e, Totuş yazıb.

Baş redaktor: Anlamadım, Totuş kimdir?

Mədəniyyət şöbəsi: İqtisadiyyat şöbəsi də...

İqtisadiyyat şöbəsi: Mən yox, kriminal şöbə....

Baş redaktor: O nə edib?

Sosial şöbənin mikrofonu yenə fısıldayır.

Baş redaktorun müavini: Bağışlayın, dostlar! Nədən danışırdınız, eşidə bilmədim. İndi qoşuldum.

Baş redaktor: Hmmmmm! Sabahkı gündəmdən danışacaydıq. Sonra da kreslodan. Kreslo nə idi, tfu!

Sükut...

Kriminal şöbəninin mikrofonu: Ata, ay ataaaa! Totuşa bax, göy nə ediy!..

Baş redaktor: Yetər artıq! Koronovirusla bağlı olaraq biz...

Sosial şöbə: Kim hara yazıb?

Mədəniyyət şöbəsi: Deyirlər fotoqraf nə isə yazıb, sonra şalvarını batırıb.

Fotoqraf: Eeee! Mən yox, kriminal şöbə!

Baş redaktorun birinci müavini: Siz nədən danışırsınız?

SMM-çi: Doğrudan da, nə baş verir? Kim nə edib?

Sosial şöbə yenə mikrofona fısıldayır.

Xor: Buradasınız?

Fotoqraf: Eşidirsiniz məni? Görüntü yenə itdi!

Baş redaktor: Kaş koronovirusa yoluxub öləydim əlinizdən...

Sükut...

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?