Modern.az

23 iyul tarixinin nə günahı var

23 İyul 2019, 08:10

Vüqar Tofiqli


Yenə 23 iyul tarixi, Ağdamın erməni silahlı dəstələri tərəfindən işğal edildiyi gün gəldi. Hər ilin bu günü gələndə hər bir Ağdam rayon sakini üçün 26 il əvvəlki gün yada düşür. Sanki elə fikir yaranır ki, bütün günahlar elə bu günün  özündəymiş. Amma belə deyil...

Yəqin ki, zaman-zaman bizlərə bu ağrılı-acılı tarixi yaşadanlar barədə də  tarixi günlər gələcək. Kimin kim olduğunu, erməni separatçılarının və erməni xislətli insanların daxili dünyası açılacaq, hər kəsə öz layiqli qiyməti gec də olsa veriləcəkdir.

Təsadüf kimi, əzəmətli bir qalanın – Şuşanın süqutunun səhəri günü Qələbə gününü, Mətbuat gününün ertəsi günü isə Ağdamın işgal gününü qeyd etməli oluruq. Bəlkə də bizim üçün bu da bir sınaqdır. Amma bu günlərin heç bir günahı yoxdur, məncə.

Beləliklə, 23 iyul tarixindən bir gün əvvəl bizim qələm əhlinin bayramını keçirdik. 1993-cü ildə bu bayramın necə və hansı ab-havada keçirildiyi yadıma gəlmir. Amma təxmin edirəm ki, heç keçirilməyib. Çünki 1993-cü ilin həmin günləri  hər birimizə çox gərgin anlar və ağrılı məqamları  yaşadırdı. Nə isə.

Artıq o ildən 26 il keçir. Yenə deyəcəyik ki,  inşallah gələn ilin bu vaxtını doğma Ağdamımızda keçirmək bizlərə qismət olsun. Və daha nələri ürəklə söyləyəcəyik...

Sözsüz ki, içi özüm qarışıq bəzən ağdamlığımıza salıb nətər pafosla danışırıqsa, açığı elə hiss edirəm ki, gedib şəhəri bir dəfə dolanıb gəlmişəm. Bəlkə elə, belə pafoslu danışıqla özümüzü bir təhər aldatsaq da, sonda sanki rahatlaşmış oluruq.  Nə etməli...

Daha bir  ili də  Ağdamsız, Qarabağsız yola verdik. Hələ daha neçə ili beləcə, bəlkə də boş-boşuna yola verəcəyik. Bilinmir.

Sözsüz ki, biz qələm əhli müəyyən məlumatın içərisində olsaq da, aysberqin görünməyən tərəfini görməyə çalışsaq da, görə bilmirik. Siyasi meydanda yeni mübarizədən xəbərsizik. İş gedir, mübarizə gedir, ordumuz hər zaman döyüşə hazırdır, qələbə ruhu artıb. Bu həqiqətən belədir. Ölkəmiz 26 il əvvəlki deyil. Hər tərəfli inkişaf görünməkdədir.

Amma...

Mən bu il də Ağdama, Şuşaya gedə bilmədim. Bu il də gedə bilməsəm, bəs nə vaxt gedə biləcəyəm? Axı mən bundan sonra heç olmasa öləziməkdə olan enerjimi Ağdamın, Qarabağın bərpasına sərf etmək istəyirəm. Bəs mənim bu istəyim nə vaxt gerçəkləşəcək? Özü də tək mənim yox, bütün Azərbaycanı sevən hər şəxsin  ürəkdən istəyidir bu. Yəqin ki o günə az vaxt qalır. Yəqin...

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir