Modern.az

Zəhra ola bildikmi?

4 İyul 2019, 16:07

Məhsəti Şərif


İki il əvvəl acı xəbər güllə kimi yayıldı. İki yaşlı körpə Zəhra və nənəsi Sahibə xanım Füzuli rayonunun Alxanlı kəndində şəhid oldular. O gün xəbərin ağırlığı, dili vətən deməyə dönməyən körpənin vətən torpağında qana bələnməsi bizi elə sarsıtdı ki, hamımız Zəhra olduq.

İki il öncə sosial şəbəkələrdə doğurdan da hər kəsi Zəhra kimi görürdük. Şəkillər dəyişmiş, xəbər lentlərində Zəhra... Uzaq ölkələrdə Zəhra aksiyaları...

Bir sözlə, bir atımlıq barıtımızı iki il öncə atdıq bitdi... Günahsız bir körpənin evinin bağçasında oynadığı yerdə erməni mərmisiylə qanına qəltan olmasının barıtı da elə qanı torpağa qarışanadək oldu.

İki ildə bu körpənin günahsız ölmünü heç bir yerdə nə tanıtdıq, nə də hansısa bir beynəlxalq təşkilatda qaldırıb nəticəsin gördük. Söz pəhləvanlığımız burda da reklamdan o tərəfə keçmədi.

İkinci ildə Zəhranı xatırlayan tək-tük insan qalıb. Məsələn, bu gün Milli Məclisdə AŞPA nümayəndəsi ilə millət vəkillərimiz görüşüb. Millət vəkili Səməd Seyidov o görüşdə uzun bir çıxış edib. Bir kəlmə Zəhradan danışa bilərdi. Bu sadəcə bir məsəldi. Bunun kimi çox belə görüşlər var. Sadəcə, yazını yazarkən önümə çıxan xəbər bu oldu.

Biz iki il sonra Zəhra ola bilmədik. Məsələ budu! Bəlkə kiçik detaldı. Məsələn, biz hələ də köçkünlərə həmrəylik nümayiş etdirən çarxlar hazırlayırıq. Bu il o çarxlardan biri Zəhraya və ya Zəhranın fonunda körpə şəhidlərə həsr edilə bilərdi. Problem Zəhranı anmaq da deyil. Unutmaqdı!

Hər seyi çox tez unuduruq! Elə unutduğumuz üçün də uduzuruq! İşğal olunan torpaqları, şəhidləri...

Çox maraqlıyıq biz. Agır dərdlərimizi unutmaq üçün Bayram Nurlunun kəkili yetir...
Bu gün Zəhra olaq... Evimizdə başqa ZƏHRAlar yetişir...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov