Modern.az

Bizim nazirlərin qara taleyi

30 Yanvar 2019, 12:17

Hidayət Elvüsal

Bir dəfə bu barədə yazmışam. Yazmışam ki, mən şəxsən nazir olmaq istəmirəm. Çünki bunların çoxu ya həbsxanaya gedir, ya da səfir adı ilə mədəni sürgünə. İndi mən sizin vaxtınızı almaq istəmirəm. Həbs olunan, səfir kimi uzağa göndərilən nazirləri xatırlayın, sayın və görün neçə nəfərdirlər.

Hələ son vaxtlar işdən çıxarılan gözəl-göyçək nazirlərimizi demirəm. Gidi dünya dünənə qədər onları əzizləyir, öyür, nümunə göstərir və… birdən qaldırıb vurur yerə ki, belə-belə işdəkləri varmış.

Mən saymışam. Həbs olunan, uzağa göndərilən nazirlərin sayı, bu gün vəzifə başında olanların sayından çoxdur. Yəni nazir vəzifəsi həsəd aparılası bir iş-güc deyil, həvəslənməyin.

Bir məsələ də var. Nə sirrdirsə işdən çıxarılan, başını da salamat qurtaran nazirlərin sorağı bir qayda olaraq Londondan gəlir. Orada qurduqları şirkətlərdən aldıqları bahalı evlərdən-filandan söz açılır. Hətta ən “yerəbaxan” sabiq nazirin Londona daşıdığı var-dövlətdən söz açılır.

Və mən deyirəm ki, qalan nazirləri heç tərpətməyək. Əvvəla əksəriyyəti təzədir, cavandır. Yəqin ki, baş verənləri görüb, bir nəticə çıxarıblar. Anlayıblar ki, dövlətin malı onların deyil, xalqındır, dövlətindir, ona toxunmaq, oğurlamaq olmaz.

Məni danlayırlar. Deyirlər ki, özünə görə deyilsən. Belə şeylərdən yazma. Səni elə itirərlər ki, heç Xoşqədəm də tapa bilməz.

Neynəyim? Bəzilərini tökülmüş əlləri oğurluqla məşğul olur, belə öyrənib. Mənim də bu tökülmüş əlim yazmaqla öyrəşib. Başqa iş bacarmır. Əgər bacarsaydı, mən də nazir olardım, yəni məsələni birdəfəlik həll edərdim.

Ya məhbəsə, ya qürbətə…

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var