Modern.az

Erməniçilik klubları

7 Dekabr 2018, 14:08

Hidayət Elvüsal


O gündən bəri səsi-küyü dördyana yayılan bu “Lazerov klubu” sizi çoxmu təəccübləndirir? Burada heyrətedici nə var axı? Qardaşım, bu, ermənilərin açdığı növbəti bir siyasət klubudur. Sadəcə olaraq o Lazorevdi nədi, ona maaş kəsib, kluba müdir təyin ediblər. Vəssalam! Ruslar “armyanstvo” termininin nə olduğunu bilirlər. Bilirlər ki, bu yalan, uydurma, saxtakar, vəhşi, faşizanə… bir zehniyyətin məhsuludur. Elə Rusiya telekanalları vaxtaşırı onların uydurma, sərsəm iddialarını ifşa eləmirmi? Amma nə olsun? Pul puldur, illah da yaşıl rəngdə. ABŞ dolları qiyafəsində. Rusun da, əyninə görədir, fransızın da… Və yeri gəlmişkən Fransada baş verən hadisələrdə erməninin neçə barmağı olduğu gec-tez məlum olacaq. Sabiq prezident Sarkozinin partiyadakı müavini Dəvəçiyan o gündən bəri əllərini bir-birinə sürtür - bax “armyanstvo” - ermənilik, erməniçilik budur.

Rus generalı Roxlinin ölümü hələ də müəmmalı olaraq qalır. O zaman Dumanın üzvü olan general, Rusiyanın ermənilərə gizli yolla külli miqdarda silah göndərməsini açıq-acığına söyləmişdi. Öldürdülər. Arvadı nəsə demək istədi. Susdurdular. Rus siyasətinin sinəsində ilan kimi qıvrılan “armyanstvo” sözdə və əməldə özünü göstərir.

Amma bəzən bu yalandan özləri də bezirlər - Jirinovski kimi. Qəflətən həqiqət onların sinəsini yarıb bomba kimi partlayır:

- Bəsdir, bu yalançı ermənilərin tərəfini saxladıq! Həqiqət də, ədalət də Azərbaycan tərəfindədir!

Digər görkəmli siyasət adamları da bunu təsdiq edirlər. Amma dövlətin siyasəti başqadır. Qafqazı əldə saxlamaq üçün bu münaqişə lazımdır. Ermənilərə:

- Baxın, əlimi üstünüzdən çəksək, Azərbaycan sizi tapdalayar! - həqiqətini deyirlər.

Azərbaycana:

- Hər şey mənim əlimdədir. 2 Apreldə Cəbrayıl şəhərini də geri aldınız. Amma “oradan çıxın” dedik. Belə lazımdır. Yoxsa…

2 Aprel döyüşləri zamanı Cəbrayılın alınıb, sonra tərk edilməsini TV-lərin birindəki çıxışında Müdafiə Naziri Zakir Həsənov da etiraf elədi.

Yəni erməni klubları çoxdur, lap çoxdur, Rusiya dövlətində də var, alkaş çevrələrində də. Ermənilər “Lazerov klubu” özfəaliyyət üzvlərini “Noy” konyakı ilə suvarırlar. Bu “Noy”un sahibi o gün Suriyadan, ordan-burdan Cəbrayıla gələn ermənilərə 10 min ABŞ dolları da paylayıb. İndi gör Lazerov və onun ansamblı nə qədər alır?

Hə! Hələlik ermənilərin rus klubundan danışdıq. Amma söylənəsi o qədər söz var ki… “Desəm öldürərlər, deməsəm ölləm” silsiləsindən eşidəcəkləriniz olacaq. Bəzilərini artıq bilirsiniz. Bizim oralardakı səfirimiz Polad müəllim deyir ki, ermənilər bizim düşmənimiz deyil. Bir azərbaycanlı xanım orada nəsə balaca bir klub açıb (və ya onun üçün açıblar) dil boğaza qoymur: ermənilər, sakit və mehriban insanlardır. Bizim səhiyyə nazirinin qızı da erməni Ciyərxanyanı qucaqlayıb, Moskva tərəflərdə vəzifə aldı və sairə. Və ilaxır.

Bax “erməni klubu”, “armyanstvo” erməniçilik budur. Belə yaranır, belə böyüyür. Biz də onların kilsələrinə pulsuz qaz veririk…

Erməniçilik…

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var