Modern.az

Bu bədxahlar “kəşflərimizi” görməzdən gəlirlər

9 Oktyabr 2018, 11:56

Fazil Mustafa,
Milli Məclisin deputatı

İlin Nobel mükafatlarının hansısa nominasiyasında qaliblərin içində yenə də müsəlman və türk adlarına rast gəlmədik. Nobel komitəsinin qərəzliliyi, islamafobiya və türkəfobiyası onsuz da dillər əzbəridir. Sonuncu dəfə səhv etmirəmsə bizimkilərdən Əziz Sancara bu adı vermişlər. Onun da bəxti gətirib ki, öz tədqiqatlarını ABŞ laboratoriyalarının birində aparıb. Necə ola bilir ki, bu bədxahlar Əfqanıstanda yeni texnologiya ilə əkilən həşiş tarlalarını görmür. Pakistanda yeni qurğularla partladılan məktəb və məscidləri görmür. Bizim arealda yeni çarpaz zincirləmə üsulu ilə başını yaranları görmür. 21-ci əsrdə hələ də İsrailin modern texnikasına qarşı yeni daş atma texnikasını tətbiq etmiş ərəbləri görmür. Türkiyədə və Azərbaycanda başını ziyarətgahların daşına sürtməklə sağalan insanların kəşf etdiyi yeni tibb metodunu görmür. Yüzlərlə belə uğurlu kəşflərimizi əlbəttə görürlər, sadəcə görməzdən gəlirlər.

Fizika üzrə 96 yaşlı qocaya götürüb Nobeli verdilər, halbuki, həmin xristian qoca bizdə əksəriyyəti parklarda 60-dan sonra vaxtını öldürən ağsaqqallarımızla nə domino, nə də nərd oynaya bilər. İnanın ki, zərin üstünə qoyub o qocanı NASA-nın raketlərindən də böyük sürətlə havaya fırladarlar.

Hərdən fikirləşirsən ki, biz niyə gül kimi hicri təqvimini qoyub, özümüzü soxuşdumuşuq miladi təqvimə... Mütləq qayıtmalıyıq hicri təqvimə. Modern dünya ilə bu cür mənasız mübahisələr aparıb ümidsizləşməmək üçün hicri təqviminə qayıtmaqdan başqa çıxış yolumuz yox. Çünki özümüzü 21-ci əsrdə hər dəfə İlon Mask havaya raket fırladanda çox rahatsız hiss edirik. Bir də Nobel mükafatını paylayanda yadımıza düşür ki, biz türkük, biz müsəlmanıq və 21-ci əsrin dünyasında özümüzü sehirli xalatla gəlmiş xan kimi hiss edirik. Axı biz yaşamaq istəyirik. Bir canlı üçün hansı əsrdə yaşamanın fərqi varmı?

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var