Modern.az

O dünyadan Sabir Rüstəmxanlıya məktub

4 Sentyabr 2018, 15:55

Mahir Qabiloğlu


Əzizim Sabir! Sənə hamıdan salamlar!


Çoxdandır heç kimə məktub yazmıram. Çünki ədəbiyyat aləmində nəsə bir yenilik yoxdur. Heç ictimai-siyasi həyatda da... Amma sənin Anar haqqında müdafiə tipli yazını oxuyandan sonra sevindik. Bir tərəfdən isə kədərləndik. 
Bir gün gözlədik, gələn olmadı. İki gün gözlədik gələn olmadı. Yeddisi çıxdı... Oğlundan xəbər aldıq. Dedi görməmişəm. Fikirləşdik ki, o boyda adam o dünyadan bu dünyaya təşrif gətirib, neujeli bizim xəbərimiz olmayıb, hə? Dedik yəqin qoca vaxtında Əkrəm Əylisli kimi nəsə siyasi səhv buraxıb. Ona görə haqq dünyasına "Fəxri xiyaban hava limanı"ndan yox, Ağdaş kənd aeroportundan uçurdublar. Tez Axirət dünyası Yazıçılar Birliyi adından cənnətdən cəhənnəmə “zapros” göndərdik. Cavab gəldi ki, son bir həftədə Azərbaycan Yazıçılar Birliyindən buraya gələn olmayıb. Bir az sakitləşdik. Ay rəhmətliyin oğlu, bacıoğlunun saytında çap etdirdiyin "Köhnəlməyən soru: biz kimik və nə istəyirik” məqaləsində yazmısan ki, “Çingiz Abdullayev kimi dünya şöhrətli və işləməkdən yorulmayan  birinci katib, yenə başqa iki istedadlı və gənc katib Rəşad Məcid və İlqar Fəhmi olan yerdə Anarın işləməsinə ehtiyac da qalmır”. 
Biz də elə bilmişik ki, Fikrət Qocaya nəsə olub, yeri boşalıb. Çingiz də avtomatik olaraq onun yerinə transfer edib. Yazanda belə şeylərə diqqət elə. Vəzifələrin adını dəqiq yaz. Qoca, həssas adamlarıq. Axı ani bəd xəbərdən ürəyimiz partlaya bilər. 


Deməli, Fikrət Qoca öz xoşuyla getdi. Düz elədi. Ömrünü uzatdı. Yoruldu Anarı müdafiə etməkdən və estafeti verdi sənə. 53 yaşlı gənc katib Rəşad Məcidə, 43 yaşlı gənc katib İlqar Fəhmiyə, 75 yaşlı gənc Baş redaktor İntiqam Qasımzadəyə də uğurlar. Cümlənin sonunda “...Anarın işləməsinə ehtiyac da qalmır” ifadəsini çox ustalıqla işlətmisən. Halal olsun.



Vallah, sözün ucundan tutub ucuzluğa getmək fikrim yoxdur. Yazmısan. Amma son sözü deməyə gücün çatmayıb. Uzadırsan, uzadırsan, amma yazının final nöqtəsini qoya bilmirsən. Ona görə də mən, Bəstəkarlar İttifaqının sədri Tofiq Quliyev və 1-ci katibi Vasif Adıgözəlov bu yazının nöqtəsini qoymaqda sənə yardımçı olmaq qərarına gəldik. Qonşu Vasif fani dünyada etdiyimiz bir söhbətimizi xatırlatdı mənə.


2000-ci il idi. Mahirlə harasa gedirdik. Həyətdə maşın gözləyirdik. Bu zaman Vasif gəldi. Çox əsəbiydi. Sən bilirsən də... Hüsü Hacıyev küçəsində Yazıçılarla Bəstəkarlar evi yanaşıdır. Tofiq Quliyev, Süleyman Ələsgərov, Xəyyam Mirzəzadə, Şəfiqə Axundova və başqa bəstəkarlarımız orda yaşayırdı. Soruşdum ki, “ay Vasif, nə olub? Niyə əsəbləşmisən?”. Cavab verdi ki, “Tofiq qocadır, xəstədir. Nə olsun ki, Bəstəkarlar İttifaqının sədridir, işə ümumiyyətlə gəlmir. Tanınmış bəstəkarlar da yığışıblar ki, 1-ci katib kimi qurultay çağır, onu çıxaraq, təzə sədr seçək. Mən isə bunu eləyə bilmərəm, Qabil. Bacarmaram. Tofiqin ordan ölüsü çıxacaq”.


Hə, Sabir. Tofiqin də ordan ölüsü çıxdı, Vasifin də. Vasifi qızışdıranlar, Tofiq Quliyevi yıxmaq istəyənlərə isə sürpriz bir sədr qoydular. Bununla da söhbət bitdi.


İndi kim nə deyir desin, Anarı sevməyənlərə veriləsi yalnız bir cavab var: “Özünüzü çox cırmayın. Anarın Yazıçılar Birliyindən ölüsü çıxacaq. Yerinə isə qadın gələcək”.


Bu qədər, Sabir. Salmısan humanistliyinə, sözünü qətiyyətlə deyə bilmirsən. “Mustafa”nı gətirmirsən. Yəqin yaş öz sözünü deyir. Çox ürəyi yumşaq olmusan. Başlamısan ki, “Anar belə yazıçıdır, elə vətənpərvərdir. Anarı söyürlər”. Anarı yazılarına görə yox, vəzifəsinə görə söyürlər. Artıq buna öyrəşib də... Məşədi İbad demişkən “Bir nov adətkərdə olub”. Buna tibbi dildə immunitet deyirlər.


Xətrinə dəyməyin Anarın. Ey gənc yazıçılar, imkan verin işləsin. Mən belə tezliklə Axirət Yazıçılar Birliyinin sədri (Azərbaycan üzrə) vəzifəsindən istefa vermək istəmirəm. Qoy oturmuşam yerimdə. Transfer pəncərəsini bağlayın. Azı 20 il.  Çünki Cənnət qanunlarına görə vəzifədə ölən adama burda da eyni vəzifəni verirlər (Elçin uduzdu).

 


Hörmətlə: QABİL

Axirət dünyası, Cənnət şəhəri.

4 sentyabr 2018

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir