Modern.az

Ağdamın sehirli səsi

9 Aprel 2018, 09:58

Vüqar Tofiqli

Bakıdakı “Dostluq” kinoteatrı  ağdamlılar üçün əziz yerlərdən biri idi. Bu kino mərkəzi Ağdam şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən  işğal olunandan sonra Bakı şəhərinə pənah gətirənlərin sanki görüş yerinə çevrilmişdi. Kimi axtarmaq lazım olanda bura bir dəfə gəlmək kifayət idi.

Mənim də həyatımda “Dostluq” kinoteatrının böyük və əvəzedilməz rolu olub. Belə ki,  Ağdamın sayılan-seçilən ağsaqqallarıyla məhz burada daha yaxından tanış olmuşam. Onlardan birincisi isə seyid Kamran Ağamirovdur. Onun vasitəsiylə Ağdamla bağlı demək olar ki, bütün məlumatları ya dəqiqləşdirir, ya da əlavələr edirdim. Və bu proses bu gündə davam etməkdədir.

Qarabağla bağlı hazırladığım kitablarda seyidin  xüsusi əməyi olduğunu səmimi etiraf etməliyəm. Onun vastəsiylə tanış olduğum şəxslərdən birincisi isə fəxrimiz Arif Babayevdir.

Bu məqamda bir əlavəni də edim ki, ağdamlılar “Dostluq”da  olmaqla sanki Ağdamdakı günlərini xatırlayırdılar. Çünki Ağdamın da öz “Dostluğ”u var idi. Uzun müddət  kino mərkəzinə rəhbərlik etmiş Fazil Qasımovun dövründə isə “Dostluğ”un şan-şöhrəti bütün Qarabağa yayılmışdı.

Bakıdakı “Dostluq”da olmaqla bizlər o günlərə qayıdır, xatirələrimizi vərəqləməklə ümidimizi dahada artırmış olurduq.

***

Arif Babayevin 80 illik yubiley mərasimindəyəm. Səhnənin ən parlaq yerində yubilyar oturub. Dahi  sənətkar ona təqdim edilən gül çələnglərindən az qala  görünmür.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edir. Dövlətin muğam sənətinə,  onun bilicilərinə verdiyi qiymətdən danışır.  Yubilyara prezident sərəncamıyla təltif edilən  “Şərəf” ordenini təqdim edir.

Mən isə “Dostluq”dayam. Təəssüf ki, Bakıdakı “Dostluq”da. Özümdən asılı olmayaraq Arif müəllimlə görüşlərimə ekskurs edirəm.


Bu gün Arif Babayev kimi dahinin sənətinə, onun yaradıclığına, pedaqoji fəaliyyətinə qiymət verə bilmərəm. Açığı bu mənim səviyyəm deyil. Mən sadəcə onunla söhbətlərimdə diqqətimi çəkən bəzi məqamlara toxunmaq istərdim.

Onun ən yüksək cəhəti bütün məsələlərə yaradıcı şəxs kimi yanaşmasıdır.  Həyatda xoşlamadığı insanların belə  yaradıcılığına digərlərindən fərqli olaraq yüksək dəyər verməyi bacarır.

Ağdam haqqında danışanda, doğma kəndindən söz düşəndə özünü zorla ələ aldığını dəfələrlə şahidi olmuşam: “Öz sənətimlə, tələbələrimlə Ağdama olan borcumu sanki qaytarmaq  istəyirəm. Hara getsəm, harada olsam, bu gün ancaq Ağdamın işğal altında olmayan ərazisinə gedəndə rahatlıq tapıram”.

Arif müəllim çox maraqlı həmsöhbətdir. Özü də yanında 65 illik dostu Seyid Kamran olanda ürəyi açılır və  hər sözə bir xatirə danışır. Beş nömrəli məktəbdə  oxuduğu illərdə, habelə tələbəlik illərində “Sovetski”də kirayədə qaldıqları mənzildə  başlarına gələn macəralardan danışır, danışdıqca hamını özüylə sanki o illərə aparır və yorulmur. Özü də bütün məqamlara Qarabağ ləhcəsinin şirinliyini  qatmağı da unutmur.  Çox böyük ümidlə torpaqların azad edilməsini gözləyir Arif müəllim, o günün gələcəyinə  inanır.

***

Başqa bir dahinin Fərhad Bədəlbəylinin çıxışı məni sanki özümə qaytarır: “Rəhmətlik maestro Niyazi deyərdi ki, Arifin səsində sehirli bir qüvvə var. Necə zilə qalxıb düşürsə hiss etmirsən”.

Çıxışında Fərhad müəllim  Arif müəllimin səsini Braziliyia futbolu ilə müqayisə etdi:

“Azərbaycan futbolçuları topu alarkən özlərində saxlaya bilmir və hara gəldi vururlar, lakin Braziliya futbolçuları topu elə ustalıqla alıb ötürürlər ki, adamın ürəyinə sarı yağ kimi yayılır. Arifin sehirli səsi bax belədir, adamın ürəyinə sarı yağ kimi  yayılır.”

***

Çox möhtəşəm mərasim təşkil edilmişdi. Yubilyara layiq. Mərasimin sürprizini isə  xalq artısti, professor Səyavuş Kərimi etdi. Çıxış etdi və sonda yubilyara  sürprizini etdi: “Mən çox fikriləşdim ki, Arif müəllimə nə hədiyyə edim. Bu məqamda əziz dostum Polad Bülbüloğlunun zəngi  kifayət etdi ki, fikrimi dəqiqləşdirim. Polada dedim ki, bu gün sənin yerlinin ad günüdür. Vaxtın varsa bəlkə gələsən. Polad müəllim fikirləşmədən tədbirə gələcəyini dedi”.

Yubiley mərasiminə Polad Bülbüloğlunun çıxışı ayrı bir rəng qatdı.

Bu arada qeyd edim ki,  “Leyli və Məcnun” tamaşasından bir parçanın qeyri-adi formada təqdim edilməsi diqqətimdən yayınmadı.  Xalq aritstləri Mənsum İbrahimov, Aygün Bayramova və Nəzakət Teymurovanın gözəl ifası, digər tərəfdən gənclərin bu obrazlarda rolları səssiz ifa etməsi tamaşaçılarda maraq yaratdı.    Mərasimin səhnə arxasında olan aparıcısı  tanınmış bədii qiraətçi, əməkdar artist  Azad Şükürovun ciddi və qətiyyətli səsi gecəni daha da əvəzedilməz etdi. Üstəlik Azad müəllimin Arif Babayevə həsr edilmiş şeiri  çox ustalıqla ifa etməsi deyərdim hamını, o cümlədən yubilyarı da  kövrətlimiş oldu.

Tədbirin “Qarabağ şikəstəsi” ilə bitməsi isə gözlənilən idi.  Şikəsətəyə qulaq asan Arif müəllimin yerində dayana bilməyib bir ağız gənclik həvəsi lə oxuması isə sanki “mən də varam” demək idi.

***


Dahi sənətkar haqqında fikirlərimi, hətta müxtəlif illər və hadisələr arasında var-gəl etsəm də, qısa bir yazıya sığışdırmaq mümkün deyil.


Yəqin zaman gələcək Arif Babayevin  yaradıcılığı barədə elmi əsərlər də   yazılacaq, simpoziumlar da təşkil ediləcəkdir.

Fikrimcə, Arif Babayevi yaşadan dövlətimizin onun sənətinə göstərdiyi diqqətlə yanaşı, həm də onun məktəbini bitirənlər olacaq.  Maraqlıdır ki, bu məktəbi bitirənlərin hər biri  xalqımızın sevilən sənət adamları  olurlar.    

Sonda tədbirin təşkilatçılarına təşəkkür etməklə arzu edərdim ki, Ağdamın sehirli səsinin bundan sonrakı yubileylərini Şuşada  və Ağdamda keçirmək qismət olsun.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir