Modern.az

Heyif deyil müasir rabitə....

7 Aprel 2018, 14:40

MülatifAdurov,
veteran jurnalist


Nasaz telefon oyunlarına, rusların “isporçennıy telefon” əhvalatlarına bənzər hadisələr sovetlər dönəmində tez-tez baş verirdi. İndiki rabitə hara – o vaxtli rabitə hara! Dağ kəndlərinin rabitəsi barədə heç danışmağa dəyməzdi. İndi, şükür Allaha, hər kənddə əla texnologiyalı rabitə qovşaqları var, mobil telefonlar də hər cibdə.


Bir daha təkrar edirəm ki, söhbət dönə-dönə təriflədiyimiz sovet dövründə dağ kəndlərinin birindən  gedir.


İki qonşu kəndin əhalisinin hamısı biri-biri ilə qohum idi. Bu kəndlərin arası cəmi 7 kilometr olsa da, yük avtomobilləri bu məsafəni 2-3 saata qət edirdi. Özü də ancaq yayda. Qış aylarında bu kəndlər arasında rabitə tamam kəsilərdi, piyada gedib-gələnlər xəbər çatdırardılar.


Sarıcalı kəndində hamı bilirdi ki, qonşu kənddə Xoşu nənə ağır xəstədir, bu gün sabahlıqdır. Günlərin birində Sarıcalıya xəbər çatdı ki, Xoşu nənə ölüb. Kənd ağsaqqalı Sevdimalı müəllim yük maşını təşkil etdi, xeyli düyü, qənd, çay tədarük olundu (o vaxt bu ərzaqlar əhaliyə talonla paylanırdı). Bunları əldə etmək üçün Sevdimalı müəllim nüfuzundan istifadə edərək, raykom katibinə müraciət etmişdi. Qohum-əqraba qazan-qazan halva çalmışdı, kimisi qoyun kəsdirmişdi. Bir sözlə, bir yük maşını dolu arvad-kişi qonşu kəndə yasa yollandı. Xeyli əzab-əziyyətlə (qaya daşları yolu bağladığından hər 100-150 metrdən bir kişilər maşından düşüb yolu təmizləyirdilər) yas yerinə çatanlar ağlaşa-ağlaşa həyətə girmək istəyirdilər ki, bir qadın onların qabağına çıxıb “Ağlamayın, Xoşu nənə hələ ölməyib” dedi. Həmişə təmkinliyi ilə fərqlənən Sevdimalı müəllim od püskürdü:

-         Nə? Ölmüyüb? Niyə ölmüyüb?

Hamı tutulub qaldı. Qonaqları qarşılayan qadın özünü itirdi:

-         Bu nə sözdür, ölməyib də! Odur otağın ortasında döşəmədə qıvrılıb yatıb, inanmırsınız gedin baxın.

Sevdimalı müəllim səhv etdiyini anlayaraq bir qədər yumuşaldı:

-         Bəs bizə niyə xəbər veriblər ki, ölüb?

-         “Ölüb” deməmişik, “ölür” demişik, yəni can verir. İndi əcəli çatmayıb, biz neyləyək ...

-         Aydındır, - deyə Sevdimalı müəllim əsəbiləşdiyinə peşimançılığını gizlətmədi.

-         Sözümün canı budur ki, ərzaq tədarükü görmək asan deyil, hələ bu yolu gəlib-qayıtmaq. Bəs bu səhvi kim edib?

-         Onu deyə bilmərəm. Ağbirçəklər deyirlər ki, Xoşu nənə hələ çox yaşayacaq.

Qadın bir az sözünə ara verib öz-özünə pıçıldadı:

-         Dünyanın işinə bax ey! Görün nəyə görə danlanıram: xəstə niyə ölmüyüb? ...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək