Modern.az

Həmrəylik duası

27 Yanvar 2018, 18:55

Fazil Mustafa,
Milli Məclisin deputatı

Dünən Strasburqda türklərin inşa etdikləri Eyyub Sultan camisinə Cümə namazına getmişdim. Xütbədən öncə imam hər kəsi ayağa qalxaraq son günlərdə Türkiyənin Suriyada başlatdığı hərbi hərəkatda həlak olan şəhidlərə sayğı duruşuna dəvət etdi. Ardınca Türk ordusunun müzzəffər olması üçün bütün camidəkilər dualar etdilər.

Doğrudan da gözəl bir həmrəylk duyğusu yaşamış olduq. Xaricdə yaşayan türklərin öz məmləkətləri ilə iç-içə savaşın məsuliyyətini paylaşması olduqca əhəmiyyətlidir və bəndəniz də öz qardaşlarımızın bu davranışlarında iştirakçı olmaqdan xeyli məmnun idi.

Bunlarla yanaşı içimdə bir sual da doğdu ki, əcaba görən Azərbaycan ordusu da Qarabağı azad etmək üçün həlledici əməliyyatlara başlasa, bizlər hansı formada xaricdə yaşayan azərbaycanlıların həmrəyliyini, əsgərlərimizlə eyni duyğuları paylaşmağı təmin edə bilərik. Birləşdirici təşkilatımız yox, məktəbimiz yox, camimiz yox və ən pisi də birləşdirici ideyamız yox.

Bir millətin dövlət qurması ilə iş bitmir, onun fərdlərini bir-birinə bağlayan ideyadan söhbət gedir. Ölkədə demokratiyanın səviyyəsi qaneedici və ya razı salmayan ola bilər, iqtidarı müxalifəti ilə qanlı bıçaq ola bilər, sosial statuslar fərqli ola bilər, lakin xaricdə yaşayan insanlarımızla vətəndəkilərin rəsmiyyətdən uzaq mənəvi əlaqələrini qoruyub saxlayan mənəvi bağlardan söhbət gedir.

Türkiyənin gücü bundadır. Burada da hökumətdən narazı insanlar var, ancaq hamısı bir yerdə Türkiyə dövlətinin, Türkiyə ordusunun qalib gəlməsi üçün dua edə bilirlər, maddi yardım göstərə bilirlər. Bu həmrəylik istər din üzərindən olsun, istər milli kimlik üzərindın, istər ortaq Vətən üzərindən olsun, əvvəl- axır hansısa forması mütləq tapılmalıdır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok