Modern.az

“Milyonerlər məhəlləsi” - 1

21 Aprel 2017, 15:50

Hidayət Elvüsal

 


Yox, bu, siz deyən Bakıdakı həmin o məhəllə deyil. Oranı hər kəs tanıyır. Mən özgə məhəllədən danışıram. Burda da milyonçular yaşayır. Bunların da pulu var.

...Və nəvəsi deyəndə ki, gedirəm Almaniyada dişimi çəkdirməyə, nənəsinin qulağı az-maz eşitdi. Özünü atdı qonaq otağına:

- Bu hara gedir?

- Germaniyaya!

- Nə?! Otur oturduğun yerdə! Hitlerin yanında nə işin var? Baban hələ də ordan qayıtmayıb. İndi də səni gözləyək?

Nəvə barmağını şalvarının “cırıq” yerinə soxdu:

- Nənə, Hitler ölüb!

- Kimdən eşitdin?

- Sovet informasiya bürosundan. Özü də 1945-ci ildə.

- O, ölən köpəyoğlu deyil. Özünü bijdiyə qoyub.

Nəvə əlindəki telefonu qurdaladı:

- Bəs hara gedim, nənə?

Nənə kresloya oturdu:

- İntaliyaya!

- İtaliya da Mussolinin yeridi. O da faşistdi.

Xalası gözünü süzdürüb:

- Ə, İtaliya demir, Antalya demək istəyir. Eləmi, mama? O qəşəng yeri deyirsənmi?

- Aaz, o urus qızdarının çimişdikləri yeri deyirəm.

- Hə də Antalya!

Kişi duşdan çıxdı:

- Aaz, bu “fauri”di, nədi, gözəl şampundu.

Xala dik atıldı:

- Ə, onnan çimirdin?

- Noulub, aaz, ona? Çiyələk iyi verir.

Xala əlini dizinə vurdu:

- Evin tikilsin sənin! Ə, o şampunla qab yuyurlar e, qab!

- Nə qab, aaz?

Evin xanımı gəldi:

- Sənə görə fərqi yoxdu! Üstünə milçək dərmanı püskürdüb işə getmirdin? Bu da elə bir şeydi.

Kişi çaydan bir qurtum alıb, oğluna döndü:

- Ə, o “Mersedes”lərin “Jiquli” motoruynan olanı var?

Oğlan qulağındakı brilyant sırğanı sığalladı:

- Yox! Amma motosqlet matoruyla var, - deyə hirslə atasının görməmişliyinə deyindi.

- Hardadı?

- Nə?

- O motosqlet matoruyla olan “Mersedes”?

Oğlan bir anlıq dondu. Sonra ağır-ağır dilləndi:

- Hələlik birini düzəldiblər. Ona da Merkel minir.

- Merkel kimdi?

- Almaniyanın konsleri!

Nənə sanki yuxudan ayıldı:

- Ə, kiri! Demədim Germaniyadan danışma mənim yanımda! Baban oralarda itkin düşüb.

Kişi kövrəldi:

- Orda itkin düşməyib, mama!

- Bə harda düşüb?

- Sibirdə! Yüz dəfə demişəm sənə.

- Orda nə işi varmış?

- Müharibədən qaçıb. Gələndə də tutub göndəriblər Sibirə. Orda da…

İstədi desin ki, “evlənib”. Demədi. Anasının könlünü qırmadı. Bir dəfə ögey qardaş-bacısı ilə görüşmüşdü. Amma bunu gizlədirdi.

Nənə:

- Sibir uzaqdı? - deyə soruşdu.

Oğul telefonu qurcaladı:

- Yox, bizim kəndin yanındadı.

- Soğannı tərəfdə?

- Yox, nənə! Sarımsaqlı tərəfdə!

- Bizdə elə kənd yoxdu.

- Təzə salıblar!

Kişi oğluna göz ağartdı:

- Duraram ayağa, sənin o cırıq şalvarını boynuna qalstuk elərəm!

Xanım şokolatı dişləyib, ərinə tərəf döndü:

- Sabah toya çağırblar.

- Kim?

- Pəltək Həsən!

- Kimnən qohum olur?

- Oğru Hüsüylə!

- Beləə! Toyda kim oxuyacaq?

- Faiq!

- Hansı Faiq?

- Xalq artisti.

Kişi bir xeyli fikirləşib, dilləndi:

- Aaz, o Faiq, muğamat-zad oxuya bilir?

Oğlan gülümsündü:

- Yox! Amma “Yanıq Kərəmi”ni yandırır.

Kişi ağır-ağır başını tərpətdi:

- Yandırar, yandırar! Xalq artistidi, zarafat deyil. “Yanıq Kərəmi” də oxuyar, “Baş Sarıtel”i də, - deyib cibindəki dollarları xışıldatdı, - “Ala bula, boz keçi”ni də, hələ desən, “Ay pipiyi qan xoruz”u da oxuyar… Oxumasa, oxudaram!

 

(ardı olacaq)

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir