Modern.az

Günahmızın ayları...

4 Aprel 2017, 09:32

Məhsəti Şərif


Hər ayda bir göz yaşı, hər ayda bir niskil. Bayram süfrələrini toplamadan hüzn içimizə girir. 20 yanvar, 26 fevral, 31 mart, Aprel şəhidləri, Agdam, Fizuli, Laçın, Kəlbəcər, Şuşa, Cəbrayıl... hərəsini bir aya qoysaq, ömrümüz bitdi. Ayların günahı yoxdu. Əslində bizik günahkar. Bu qədər yükü çiynimizdən ayların üzərinə atıb, sonra da ağlayıb-sızlayıb, qeyd edirik. Məncə ayları, günləri bu qara tarixdən təmizləməyin vaxtı çoxdan keçib. Yavaş yavaş gec qalırıq. Hər aya qara tarixləri yazaraq, illərə qovuşdurub otururuq. Biz bu tarixləri yaradan günahkarlar, həm də bu dünyadan gedirik. Biz getdikcə unudulacaq, unudulduqca bizim tariximiz kiçiləcək.


Bəzən, yalandan balon kimi şişirdilib gündəmi məşğul edən məsələləri izləyir və uzülürəm. Çünki bunların ortaya bilərəkdən atıldığını hansısa önəmlı bir mövzuya kölgə salınmaq üçün yaradıldığını bilirəm. Hay-küyə, emosional, pafoslu sözlərə getdikcə istəyimiz artır. Ağıl almaqdan çox, vermə yetənəyimizə heyranam. Biz, başımızdan aşan mövzuların içində mövzu qıtlığı yaşayırıq.


Yaxşı ki, üzərindəki tarixləri qaraladığımız aylar var. Yoxsa necə vətənpərvər olardıq? Aprel şəhidlərini anırıq bu günlərdə. Biz apreldə ölü bildiyimiz ruhumuzun əslində oyaq olduğunu da öyrəndik. Apreldə nə baş verdiyini əslində bizdən çox o işin içindəkilər, şəhidlər bildi. Biz isə döyüş ruhumuzu oyadan o şəhidlərin də şəhidliyini müzakirə edəcək qədər irəli gedə bildik.
1 dağ, təpə üçün şəhid olmağa dəyərdimi deyərək, yarğıladıq.

İndi aprel gəlmiş, yenə yetənəyimizi üzə çıxarmışıq. Sanki, üç gün öncə itən eşşəkləri, öpüşməyə cəhd edən gənci az qala beynəlxaq məsələyə çevirən, intihar edən yazarın özəl ailə sorunlarını həddimiz olmadan müzakirə edən biz deyildik? Bəzi istisnaları çıxsaq, hansımız Qarabağı gündəmdə tuturuq? Cəbhədən şəhid xəbəri gəlməsə, unuduruq belə. Səmimiyyətimiz bu qədərdi.

Əsirlikdə olan Dilqəm və Şahbaz üçün hansı beynəlxalq təşkilatın önünə getmişık? Nə zaman toplu halda etiraz etmişik? Erməni gəlib Bakıda anasının məzarını ziyarət edəndə, Bakıda qarşılanmasından danışanda, hansı müxalıfət partiyası, hansı QHT -dən iki nəfər aksiya keçirməyə cəhd elədi? Tolerantıq eləmi? Batsın belə tolerantlıq! Mən tolerantlığımı ailəmdən iki şəhid verəndə, yurdum işğal ediləndə Xocalı soyqırımında itirmişəm.


Aprel çıxar, may gələr... Müstəqilliyimizi bayram edərik. Torpağının yarısı işgal altında olan Azərbaycanın yarımçıq müstəqilliyi. May həm də Şuşanın ayıdır axı. Alınmaz qala deyirdik Şuşaya. Alıb, üstündə kef sürürlər... Ayların yaxasını buraxın. Vicdanınızdan yapışın! Bəlkə o zaman nəsə oldu...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…