Modern.az

Cənab Tramp, Anarı zibilə salma!

28 Dekabr 2016, 10:43

Mahir Qabiloğlu

 

HAŞİYƏ: Bakı Süd Kombinatında kadrlar şöbəsində işləyirdim. Direktor da Feyzulla Cəlilov adlı bir yaxşı adam idi.  Bir də görürdün ki, daxili telefon aləmi dağıdır. Dəstəyi götürürdüm.

–       Mahir, tez elə, Tükəzbanın, Xoşqədəmin, Gülçöhrənin, Pakizənin, Zərqələmin şəxsi işlərini gətir mənə.

Tez 300 nəfərin içindən dediyi adamların papkasını seçib aparırdım otağına. Deyirdi ki, “şəxsi işlər qoy qalsın. Sən isə get”. Üç-dörd gündən sonra  yenə telefon özünü dağıdırdı. Dəstəyi götürürdüm:

–       Mahir, təcili Allahverdinin, İmamverdinin, Tanrıverdinin, Yarverdinin, Haqverdinin şəxsi işlərini gətir mənə.

Yenə də 296 nəfərin içindən dediyi adamların papkasını seçib aparırdım otağına. Deyirdi ki, “şəxsi işlər qoy qalsın. Sən isə get”. O gün tələb etdiyi şəxsi işləri qaytarırdı özümə ki, “apar”.

Belə hallar ayda 4-5 dəfə təkrar olunurdu. Mən də baş açmırdım ki, direktor niyə belə edir. Günlərin bir günü mənim də tabe olduğum İqtisadiyyat və Kadrlar şöbəsinin rəisi İsmayıl Mahmudoviçdən soruşdum ki, “Ay İsmayıl müəllim, Feyzulla müəllim, axı niyə belə edir? Papkaları beş-beş istəyir”. O da 28 yaşında “Bakmoloko” kimi İstehsalat Birliyinin sədri işləmişdi. Rəhbərlik etmənin sirlərini bilirdi. Mənə izah etdi ki, bəs Feyzullaya bir nəfər haqqında məlumat lazımdır. Amma o beş nəfərin şəxsi işini istəyir . Məhz kiminlə maraqlanmasından sənin duyuq düşməməyinçün.  Birdən gedib bütün kollektivə yayarsan ki, bəs müdir filan işçiylə maraqlanır. Sex rəisi də həmin işçiylə düşülüşər. Anladın?  (SON)

Cənab Donald Tramp, prezidentliyin mübarək!  Uğurlar arzulayıram. Yəqin ki, andiçmə mərasimin çox təmtaraqlı keçəcək. Azərbaycandan da qonaq və ya qonaqlar çağıracaqsan. Xahiş edirəm, bizdən qonaq çağıranda mentalitetimizi nəzərə al.

HAŞİYƏ: İskəndər Həmidov (keçmiş daxili işlər naziri): “Bilirsiniz mənim bədbəxtçiliyim hardan başlandı? Amerikaya – prezident Klintonun inaqurasiya mərasiminə mən dəvət olundum, Amerikadan qayıdandan sonra hərəkat yoldaşlarım elə bildi ki, mən də özümü Amerikaya sata bilərəm, gəlib növbəti prezident ola bilərəm”. (Modern.az saytı. Müsahibədən parça. 13.04.2012)  (SON)

Cənab Tramp, deyəsən qəliz danışdım. Onda bir az xırdalıyım ki, aydın olsun. Yoxsa ki, mənim bu haşiyələrimi, ironiyalarımı açmaq üçün gərək Amerikan-Azərbaycan institutu təsis edəsən. Buna da vaxt gedəcək. İnaqurasiyadan sonra isə dediklərimin heç bir mənası olmayacaq.

Bilirəm ki, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla yaxşı əlaqələriniz var. Yəqin ki, onu inaqurasiyaya dəvət edəcəksən. Xahiş edirəm, Azərbaycandan dəvət olunanların sayını beş nəfər elə: Anar Rzayev (AYB sədri), Anar Nağılbaz (repçi), Anar Turan (“Xalq qəzeti”nin müxbiri), Anar Məmmədov (Ziya Məmmədovun oğlu) və Mahir Qabiloğlu (azad sənətkar). Qoy heç kim ayırd edə bilməsin ki, bu ANARLARDAN hansı sənə yaxındır. Ara yerdə Anar Məmmədovu zibilə salma. O cümlədən...  Necə ki, nəvaxtsa Klinton müəllim nazir İsgəndər Həmidovu zibilə salmışdı. 

İndi soruşacaqsan ki, “ay azad sənətkar, sənin adın axı Anar deyil, Mahirdir. Sən özünü bu siyahıya niyə salmısan ki?” Həəə, yəqin sən o lətifəni eşitməmisən.

Deməli, bir yaşlı ər-arvad gecə yatıblarmış. Birdən Əzrayıl peyda olur və qadını yuxudan ayıldır. Soruşur:

–       Ey qadın, gəlmişəm sənin canını almağa. Adın nədir?

–       Xədicə. – deyə qadın qorxa-qorxa cavab verir.

Əzrayıl bir an duruxur. Kövrəlir.

–       Yox, səni apara bilmərəm. Sənin adın müqəddəs addır. Yaşa hələ. Amma əliboş da qayıda bilmərəm. – deyib Əzrayıl yatağın o biri tərəfinə keçir. Başlayır kişini dümsükləməyə. Demə kişi bunların söhbətini eşidirmiş. – Ay kişi, sənin adın nədir?

–       Mənim adım Əhməddir, – deyə kişi qorxa-qorxa cavab verir, ardınca da əlavə edir: – Amma, xalq arasında mənə Xədicə deyirlər.

İndi lətifəsi mənə yaxın... Cənab Tramp, sizin inaqurasiyada iştirak etmək üçün 5-6 günlük Anar olmağa dəyər. Dəvətə görə əvvəlcədən təşəkkür. Görüşənədək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi