Modern.az

Qutqaşenə gedəndə... Qahirəyə gedəndə...

10 Dekabr 2016, 11:00

QABİL


Qutqaşenə gedəndə

Boynuma qol saldı o.

Qahirəyə gedəndə

Ürəyimdən çaldı o.

Kaş ki, yaxın olaydı

Mənə uzaq səfərdə...

Adam yaxın mənzilə

Elə-belə gedər də.

 

Qutqaşenə gedəndə:

Gəl, görüşək – söylədi.

Qahirəyə gedəndə:

Məndən əl çək – söylədi.

Qutqaşenə gedəndə

Kaş ki, dönəydi üzü

Qahirəyə peşiman

Göndərməyəydi bizi...

 

Qutqaşenə gedəndə

Mənim qəlbim quş oldu.

Qahirəyə gedəndə

Onun qəlbi daş oldu.

O gözlərdə, gözlərdə

Neçin yad oldum belə?

Xoşbəxt o adamdı ki

İstədiyi vaxt ölə...

 

Qutqaşenə gedəndə

Ruhum ulduzda, Ayda

Qahirəyə gedəndə

Ruhsuz bədəndi göydə,

Təyyarə qanadında

Göyə qalxmağa nə var –

Təyyarə ruh qaldırmaz,

Təyyarə yük qaldırar...

 

Qutqaşenə gedəndə

O qorudu qəlbimi

Ləl kimi, gövhər kimi.

Qahirəyə gedəndə

O sındırdı qəlbimi

Ucuz şüşələr kimi...

Quş sınıq qanadıyla

Yaxına bir cür çatar,

Uzağın qorxusu  var

Ay allahsız ovçular!

 

Qaranlıq boşluqları

Təyyarə yarır gedir.

Türkiyə üzərindən

Misirə varır gedir.

Qutqaşenə gedəndə

Sevinc ilə qoşa mən...

Qahirəyə gedəndə

Qüssəylə baş-başa mən.

Sağ olsun sevinc-kədər

Tək deyiləm müxtəsər

Qutqaşenə gedəndə...

Qahirəyə gedəndə.

 

1973

 

GECƏYARI QAHİRƏNİN KÜÇƏLƏRİNDƏ

 

Bilsəydim ki, sən mənimlə barışacaqsan,

Bilsəydim ki, sən mənimlə görüşəcəksən

Kədər məni, qüssə məni çaşdırardımı,

Göz yaşlarım Nil çayını daşdırardımı

Gecəyarı Qahirənin küçələrində?!

 

Bilsəydim ki, ümidimiz üzülməyəcək,

Sənli... mənli... bu hicrana dözülməyəcək,

Vidalaşıb intizarlı günüm, ayımla

Səhraları oyadardım hay-harayımla,

Gecəyarı Qahirənin küçələrində.

 

Bilsəydim ki, saçlarıma qonan həsrəti

Yenə sənin öz əllərin arıdacaqdır...

Bilsəydim ki, ürəyimdə donan möhnəti

Yenə sənin öz əllərin əridəcəkdir.

Qəm ləşkəri heç üstümə yeriyərdimi,

Səmum yeli məni büküb bürüyərdimi

Gecəyarı Qahirənin küçələrində.

 

Bilsəydim ki, sən mənimsən, yenə mənimsən,

Bülbülləri geri dönmüş çöl-çəmənimsən.

Ehramları qaldırardım yeddinci qata,

Fir’onlar da mat qalardı həmin büsata

Gecəyarı Qahirənin küçələrində.

 

Bilsəydim ki, sənsizliyin ömrü gödəkmiş,

Ayrılığın bir ötəri acı küləkmiş,

Son baharı calamazdım mən ilk bahara,

Hicranımı tapşırardım qürbət diyara

Gecəyarı Qahirənin küçələrində.

 

1973

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi