Modern.az

Əliş kişinin söhbətləri

31 Oktyabr 2016, 11:00

Vüqar Tofiqli


Əliş kişi maraqlı adam idi. Hər axşam un dəyirmanının qarşısına çıxar, maraqlı söhbətləriylə hamının diqqətini özünə çəkərdi. Ağır müharibə illərində göstərdiyi şücaətlərdən, 60-cı illərdəki un əvəzinə qarğıdalı unundan necə istifadə etməklərindən danışar, gənclərə dözümlü və səbrli olmağı öyrətməyə çalışardı. Sözünü hədər yerə deməyi sevmirdi Əliş kişi. O sözü onu başa düşənə deyərdi. Bəziləri kimi laqqırtı vurmağı və mənasız qiybəti də sevməzdi.


Bizim Əliş kişi belə adam idi. Həmişə oturub-durub deyərdi ki, mən söz demirəm, deyəndə sözüm çarpanaq verir. Əvvəl bu fikir mənə çatmırdı. Amma indi başa düşürəm ki, düz deyirmiş. Bəzən həqiqətən, dediyin sözün əsl mənası qalır kənarda, danışığındakı hansısa sözün ucundan tutub ucuzluğa gedirlər. Nəticədə adamı həvəsdən salır, hər hansı yaxşı işi belə gorməyə əlin gəlmir.


“Həyat gözəldir, onu elə yaşamaq lazımdır ki, çarpanaq verməsin”,- bunu da Əliş kişi deyirdi. Amma neyləsən də, o çarpanaqlar olur. Mümkün deyil. Ya elə bir addım atırsan ki, səhv olur, ya da ki, səhv etməyə məcbur olursan. Özün də səhv olduğunu bilirsən, amma atırsan. Sonda özünə haqq qazandırmağa çalışırsan ki, bu da bəlkə Allahın yazısıymış. Əbəs yerə özümüzü aldadırıq.


“Hər günün yox, hər saatın qədrini bilmək lazımdır” -deyən Əliş kişi səksən yaşı haqlasa da,  əlinə çəlik almaga tələsmir, şax yeriməyi sevərdi. Deyərdi bala, hər meyvəni öz vaxtında yeyərlər. Vaxtında yeməsən çüyüyəcək, ondan heç araq çəkmək də mümkün olmayacaq. Odur ki, çəliyin də öz vaxtı var. “Çəliyə möhtac qalmaq konkret ölümə hazırlaşmaq deməkdir”.


Mən də uşaq vaxtı Əliş kişinin bu söhbətlərinə qulaq asmaqdan doymazdım. Onun gəlişini təxmin etdiyimdən dərslərimi də oxumağı üst-üstə salmırdım. Bir gün kefi kök gəlmişdi meydana. Dəyirmanın qarşısına meydan deyərdi. O zamanlar dəyirman həyəti meydan kimiydi. Danışırdı ki, ““polutorka” sürən vaxtımdı, bir gün səhər arvad dedi ki, “Əliş, ehtiyatlı ol, pis yuxu görmüşəm”. Hərdən onun sözləri çin çıxırdı. Dedim, “ay Nərgiz, sən dədeyin goru, nə görmüsən?”. Arvad dedi “qoy “qara su”ya danışım sonra””.


Əliş kişigilin evlərinin arxasından qara su arxı keçirdi.

“Arvadın tərsliyini bildiyimdən day sözü çevirmədim. Nə isə gəldi ki, “bəs görmüşəm ki, Ağdama gedirsən. Maşın da taxılnan yüklüdür. Uzundərəni düşər-düşməz rul əlindən çıxır və maşın dərənin dibinə yuvarlanır. Maşın axmaz çaya çatanda nar kollarını qırıb dayanır. Sən də maşının içində çırpınırsan. Gördüm ki, ay Əliş alnından qan şora verir eyyy. Əlimi üzdüm, kişi əldən getdi, - deyib əlimi üzümə atanda, xoruzumuz pəncərədən banladı. Ayıldım ki, səhərdir. Yuxu görürmüşəm. Sən İbrahimin canı ehtiyatlı ol”. (İbrahim Əliş kişinin böyük oğlunun adı idi. Nəsillikcə onun canına and içərdilər-V.T.).
Nə isə, günümü elə kolxoz həyətində bir təhər yola verdim. Dedim birdən arvadın yuxusu çin çıxar, balalarım yetim qalar. Hətta rəhmətlik Abdulla kişinin yazdığı putyovkanı da saxladım ki, Ağdama sabah gedəcəyəm. Axşam tərəfi evə gəldim. Heyvanı, toyuq cücəni rahatlayandan, çay-çörəyimizi arvad-uşaqnan bir yerdə yeyəndən sonra, arvad dedi, “bəlkə bir bacımgilə gedək, ay Əliş. Neçə vaxtdır xəbərim yoxdu”. Day yüz ildə bir dəfə arvad söz deyir, onun da sözünü yerə salmayacaqdım ki.
Dedim dur xoruz-beçənin ikisinin ayağını bağla, götür gedək.
Nə isə, durub gedəsi olduq, istəkli baldızımgilə. Xoş beş-on beş, bunlar dərdləşir, arada qeybət eliyir, günləri illərə, illəri də qərinələrə bölürdülər. Zaman gəldi qalxası olduq. Elə gəldim ki, “polutoraka”nı xodduyum, ayağımı pedala basmışdım ki, motorxanada bir partıltı, bir guppulutu cıxdı ki, dedim Allah sən saxla, dünyanın sonu gəldi.
Motorxananı tüstü duman götürdü. Maşın dedi kəs başımı, işə düşmərəm. Ə, bu nətəhər işdi, rahatlıqla gəldiyim halda, bu nə işiyidi, gəldi başıma. Nə isə. Arvad da oturub kabinkada düşmək istərmir. Dedim ay arvad, dədeyin gorü haqqı, yuxun çin çıxdı. Ərin olməlişmiş, akkumlyator öləsi oldu...”.

Mən də şirin-şirin Əliş kişinin bu nağılına qulaq asır, hadisənin nətər qurtaracağını gözləyirdim.

- Nətər olacaq. Axırda “polutorka”nı İdrisin traktoruna qoşub gətirdik evə..”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir