Modern.az

Qoru özünü!..

26 Oktyabr 2016, 15:33

QABİL


Fələk özü bilər neynəyər sənə,
Hiylədən, kələkdən qoru özünü!
Səndə nə işi var pələngin, şirin,
Hünüdən, milçəkdən qoru özünü!

***

Böyük adamların işi başqadır,
Xırda adamlardan qoru özünü!
Açığın-aşkarın işi başqadır,
Örtülü bazardan qoru özünü!

***

Eybi yox, kükrəsin qasırğa, tufan
Oğrun yeldöyəndən qoru özünü!
Xoşun gəlməsə də qaraqabaqdan
Dili “can” deyəndən qoru özünü!

***

“Qul xətasız olmaz, ağa kərəmsiz”
Xəta heç. Günahdan qoru özünü!
Nəfsin vicdanında qoy salmasın iz
Kəmşirin tamahdan qoru özünü!

***

Elə hey deyirsən: “Şeytana lə’nət!”
Özünə lə’nətdən qoru özünü!
Özünə xəyanət – dəhşət xəyanət
Dəhşət xəyanətdən qoru özünü!

***

Mö’cüzə peyğəmbər şə’ninə şayan
Yerişin itəndə qoru özünü!
Elə ki, sallandın dalay-dalaydan
Söz-sovun bitəndə qoru özünü!

***

Qürurun əlçatmaz zirvəsi aləm.
Sən oxlov udannan qoru özünü!
Qaydadır aşığa dəmkeş tutar dəm.
Şaha dəm tutannan qoru özünü!

***

Ovqatın gülüdür gülüb danışmaq
Şit-şit irişənnən qoru özünü!
Üzdə şapalağı unudan uşaq,
Dalda goreşəndən qoru özünü!

***

Gözəldir aralı, şehli tər çiçək
Dərmanlı çiçəkdən qoru özünü!
Dönüb ruzun olar hər daş, hər kəsək
Minnətli çörəkdən qoru özünü!

***

Səma yeddi rəngdə, yeddi çalarda
Rəngi qarışanda qoru özünü!
Yer-göy bir hamarda, bir ixtiyarda
Üzü qırışanda qoru özünü!

***

Ay hələ... hələ ki, yaşıl yarpağım
Sarı yarpaqlardan qoru özünü!
Qızılbaş köhnəsi – ay qürub çağım,
Qoru! Qorxaqlardan qoru özünü!

***

Ehtiyat igidin yaraşığıdır
Sən də yaraşıqla qoru özünü!
Ömür Ay işığı, gün işığıdır
Bu qoşa işıqla qoru özünü!


25 iyul 1995

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi