Modern.az

Bəs neyləyim, neyləyim?

18 Oktyabr 2016, 13:23

Qabil



Kəndimizdə qəşəng qız

Birdir, ikidir məgər?

Onları gecə-gündüz

Dəng eləyir elçilər.

 

Eləsi yoxdur ancaq

Bəyəndiyimdən gözəl.

Gözəl qız çoxdur, ancaq,

Gözaltımdır ən gözəl.

 

Heyranam göz-qaşına,

Alışıram, yanıram.

Evlərinin başına

Hər axşam dolanıram.

 

Qarşıma çıxmayanda

Könlümü bürüyür qəm.

Üz-üzə gələn anda

Özümü itirirəm.

 

Şeytan-şeytan gülərək

O keçir aram-aram.

Yəqin deyir: mənimtək

Varmı utancaq adam?

 

Üəyimdən keçəni

Necə açım söyləyim?

Başa salın bir məni

Bəs neyləyim, neyləyim?

 

1958

 

***

 

O qız məndən uzaqdır

 

Onda ki, deyirdim sənsiz soluram

Susuz, bağibansız bağça-bağ kimi.

Kimsəsiz oluram, qərib oluram

Obaları köçmüş bir yaylaq kimi.

Sən məni duymurdun zərrə qədər də,

Qəlbim əriyirdi qəmdə-kədərdə.

 

Arzumun zirvəsi səni sanırdım,

Yoxdu taleyimdən özgə istəyim.

“Xoşbəxtlik” deyəndə səni anırdım;

Gülərmi – deyirdim – sənsiz ürəyim?

Əfsus, iztirabım sənə yad idi,

Möhnətim, əzabım sənə yad idi.

 

Keçdi o zamandan on il, on bir il,

Saç qara qalsa da, mən yaşa doldum.

Çıxdın xatirimdən, bu gizli deyil.

Həyatda həm qəmgin, həm də şad oldum.

Çatdım neçə-neçə arzu-kama mən,

Əlçatmaz zirvətək qaldın fəqət sən.

 

Budur, görüşürük səninlə yenə,

Can alan nazından qalmamış əsər.

Nə qədər mehriban olmusan mənə,

Yadından çıxıbmı o işgəncələr?

Mən həmin adamam, həmin, əzizim!

Səni eyləyirəm əmin, əzizim!

 

Ruhumu oxşamır, açıq deyim qoy,

Peşman baxışların, gecikmiş nazın.

Camaat dağılıb, qurtarıbdır toy,

Nə mənası vardır qavalın-sazın!

Yox, yox, tənə deyil söylədiklərim,

İnan ki, alışır, yanır ciyərim.

 

Əlim saçlarında gəzsə də bəzən,

Köhnə xatirəylə o gəzir ancaq.

Oduna yandığım deyilsən ki, sən

O qız yenə məndən uzaqdır, uzaq.

Uzaq zirvələrdə qalan qar kimi,

Uzaqdır əlçatmaz ulduzlar kimi.

 

1958

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi