Modern.az

QALMAQAL - Milli Dram Teatrın direktoru: “Səməndər Rzayevin oğlu psixi xəstəxanada müalicə olunub”

QALMAQAL - Milli Dram Teatrın direktoru: “Səməndər Rzayevin oğlu psixi xəstəxanada müalicə olunub”

Ölkə

2 Fevral 2013, 13:39

Görkəmli aktyor, əməkdar artist Səməndər Rzayevin oğlu Rəşid Səməndərin Akademik Milli Dram Teatrından işdən çıxarılması barədə xəbər vermişdik. Aktyor bildirib ki, onu qanunsuz olaraq işdən çıxarıblar və işdən çıxarılmasına səbəbkar kimi teatrın rəhbərini göstərir.
Modern.az məsələ ilə bağlı Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun mövqeyini öyrənib.

“Mənim xətrim belə istəməyib deyə, işdən çıxartmaq olar?! Burada truppa müdiri, Həmkarlar Təşkilatı var. Siz bilirsiniz ki, kimdən söhbət gedir? O, iki dəfə psixi xəstəxanada müalicə olunub. Bunu sənədlə də təsdiqləyə bilərəm”.

Teatr rəhbəri bildirib ki, aktyora qarşı heç bir ədalətsizlik olmayıb: “Elə şey ola bilməz ki, kiməsə qarşı hansısa bir ədalətsizlik olsun, mən də buna imkan verim. Məni tanıyanlar bilir ki, mən ömür boyu ədalətsiz iş tutmamışam. Hətta mən ədalətsiz iş görən insanlara görə işdən getmişəm. Bu onun birinci hadisəsi olmayıb, dəfələrlə belə hallar baş verib. Bu adamın hərəkətləri adekvat deyil, müəyyən mənada aktyorlar üçün onun hərəkətləri təhlükəlidir. Anasının da, həkiminin də bundan xəbəri var. Yəni teatrın rəhbərinin başı xarabdır ki, istedadlı bir adamdan imtina etsin?!”. 

İsrafil İsrafilov R.Səməndərin hərəkətlərinin təhlükəli olduğunu bildirib. “Aktyorlarla arasında dəfələrlə dava düşüb. Sabah bu adam bir hadisə törədə bilər, kiminsə həyatına son qoya bilər. Heç kim də cavabdeh olmayacaq, çünki əlində sənədi var. Onun dəfələrlə ailəsi ilə söhbət etmişik, işləməsi mümkün deyil. Bu məsələ mənim üçün heç də xoş deyil, çox ağrılı məsələdir. O istedadlı, bacarıqlı adamdır. Amma bunun ikinci bir çıxış yolu yoxdur. Siz təsəvvür edin ki, mən məxsusi onun üçün tamaşa hazırlatdım ki, baş rolda o olsun. Həmin əsəri Azərbaycan dilinə tərcümə etdirmişəm, iki ay əziyyət çəkilib”.

Akademik Milli Dram Teatrının direktoru R.Səməndərin işdən çıxarılmasını digər aktyorlarla müzakirə etdiyini söyləyib.
“Onun atası ilə dostluq edən adamlar var, mən onlarla görüşdüm, dedim ki, məsələ belədir. Mən qorxurdum ki, digər aktyorlara nəsə olar. Çünki şikayət edib deyirdilər ki, stolu götürür çırpmağa, stəkanları sındırır. Onun fəsildən-fəsilə halı dəyişir. O öz hərəkətlərinə cavabdeh olmur. Həm də fiziki cəhətdən də güclü oğlandır, onun vəziyyəti pisləşəndə, saxlamaq da mümkün olmur. Gah gəlib deyirdi ki, anam mənə yeməkdə nəsə verir, mənə belə deyir və s”.

İ. İsrafilov aktyorun işdən çıxarılmasına təəssüf etdiyini qeyd edib. “Özünün çox yaxşı təfəkkürü var, dünyagörüşü çox zəngindir. İstedad baxımından Allah vergisidir. Amma səhhətindəki problemlər onun belə yerlərdə işləməyinə imkan vermir.  Bura kollektiv işdir, aktyorlar gəlib mənə ondan şikayət edirlər. Mən axı onu nə qədər qoruya bilərəm?! Təəssüf ki, vəziyyət belədir. Amma çox təəssüf edirəm ki, onun kimi istedadlı şəxsin səhhəti  işləməsinə mane olur”.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək