Modern.az
Qəzənfər Həmidoğlu Patriarxın payızı: Kissincer Putinə lobbiçilik edir

Qəzənfər Həmidoğlu

Patriarxın payızı: Kissincer Putinə lobbiçilik edir

Analitika

25 May 2022, 08:52

Qəzənfər Həmidoğlu

Amerikan xarici siyasətinin patriarxı Henri Kissincer hesab edir ki, Qərb Rusiyanı dağıdıcı məğlubiyyətə uğratmaq səylərindən əl çəkməli, Ukrayna isə Moskvanı təhrik etməmək və sülhə nail olmaq üçün öz ərazisinin bir hissəsindən imtina etməlidir...


Davosda keçirilən Dünya İqtisadi Forumuna videorabitə ilə qoşulan ABŞ-ın keçmiş dövlət katibi (1973-1977) və Amerika prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşavirinin (1969-1975) sözlərinə görə, Qərb Ukraynanı “situasiyanı qəbul etməyə” inandırmalıdır: “Müharibə özü ilə gətirəcəyi və aşılması çətin olacaq sarsıntı və gərginlik anına çatmadan Ukrayna danışıqlara başlamalıdır”.


Putin üçün de-fakto lobbiçilik edən Kissincer hesab edir ki, ideal variantda tərəflər arasında ayrılma xətti əvvəlki status-kvoya qayıtmaq olmalıdır. Savaşın bu xətti keçməsi artıq Ukraynanın azad edilməsi yox, Rusiyaya qarşı yeni müharibə demək olacaq.


Qərbi Rusiyanı məğlub etməkdən çəkindirən keçmiş dövlət katibi hesab edir ki, bu, Avropa üçün risklidir, çünki Rusiyanı Çinin qucağına atacaq: Qərb Rusiya ilə Çinin yaxınlaşmasına inkan verməməlidir. Kissincer həmçinin Qərb liderlərinə xatırlatmağı özünə borc bilib ki, Rusiya 4 əsrdən artıqdır ki, “Avropanın həyati vacib hissəsidir”...


Yeri gəlmişkən, son 35 ildə ilk dəfə idi Davos forumu Rusiyanın iştirakı olmadan keçirilirdi. Daha doğrusu, rusları foruma dəvət etməmişdilər. Amma Kissincer Davosda Moskvanın səsi oldu...
 



Şübhəsiz ki, 98 yaşlı Kissincer geosiyasi şahmat taxtasının əfsanəvi fiqurudur. Vyetnam müharibəsinin başa çatmasında mühüm rolu olub və buna görə Nobel sülh mükafatı alıb. Çin-Amerika əlaqələrinin normallaşmasında, ABŞ-la SSRİ-nin münasibətlərinin istiləşməsində onun da payı olub...


Amma Ukrayna üçün “Marşal planı”nın təməlinin atıldığı “Davos-2022”də Kissincerin xəbərdarlıq, təxmin və tövsiyələri yetərincə boyat idi: “qlobal diplomatiyanın ağsaqqalı” hələ də köhnə əsrin paradiqmalarına qapanıb, Nikson-Brejnev dönəmindənqalma tezislərindən əl çəkmir.


Son illərdəsə Kissincer aşkar Putin heyranına çevrilib. 2014-cü ildən – Krımın ilhaqından sonra o, dəfələrlə Rusiyaya səfər edib, Putinlə görüşüb. Ukraynanı “özgə maraqlarının qurbanı” sayan Kissincer Krımın Rusiyaya verilməsi tərəfdarıdır. Kissincerin fikrincə, Ukraynanın neytral statusuna nail olunması, Kiyevin Rusiya və Avropa arasında “körpü”, “forpost” və ya “bufer- dövlət”ə çevrilməsi bu ölkə ətrafında yaranmış situasiyanın həllində “ideal nəticə” olardı...


Qoca Henrinin Davosdakı “furor”u digər qocaya – demokrat Co Baydenə sataşmaq, ABŞ prezidentinin Ukrayna siyasətini bəyənməzlik idi ki, bu da şübhəsiz ki, Kissincerin respublikaçı mənşəyindən qaynaqlanır...


Kissincerdən əvvəl Makron da belə “ərazi güzəşti” kimi biabırçı təkliflə çıxış edərək Zelenskiyə “anlatmaq” istəmişdi ki, bu, Putinin “simasını saxlamaq” üşün lazımdır.


Maraqlıdır, Kissincer bəyanatını Zelenskinin Davos forumunun açılışındakı güclü nitqindən sonra səsləndirib. Rusiya ilə kompromisi qeyri-mümkün sayan Ukrayna liderinə görə, “əgər Rusiyanın Ukraynaya təcavüzü cavabsız qalarsa, kobud güc yenə dünyaya hökmranlıq etməkdə davam edəcək. Kobud güc danışmır, öldürür...”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi