Modern.az

Ortadakı RƏF

Ədəbi̇yyat

26 İyul 2022, 23:31

İbrahim Nəbioğlu
 

Hələ roman və povest nədir bilmirdim, heç düzəməlli nağıl da oxumamışdım;
 

nə sonralar dəli kimi ucdantutma əsərlərini oxuyacağım Heminqueyin adını eşitmişdim, nə də Borxesin;
 

Knut Hamsun, İvan Bunin, Stefan Svayq, Alber Kamyunu tələbəlik illərində kəşf edəcək;
 

antik və orta əsrlər ədəbiyyatını isə daha da gec tanıyacaqdım.
 

Uşaq idim, heç məktəbə də başlamamışdım, amma İsmayıl Şıxlının adını eşidirdim evdə.
 

Evimizdə bir İsmayıl Şıxlı kultu var idi…
 

Akademik Azad Mirzəcanzadə atamın da müəllimi və elmi rəhbəri olmuşdu. Atam tez-tez əziz müəllimimizin “Kitabı dəyərli qılan onun hansı kitabın yanında durmasıdır həm də" kəlamını təkrarlayardı. Gənc yaşlarımda tez-tez başımı qaldırıb kiçik evimizin böyük kitabxanasına baxar, atamın İsmayıl Şıxlı ilə Səməd Vurğunun rəflərdəki kitablarının yanına hansı əsərləri düzdüyünə baxardım. Mənim üçün həm də bir başlanğıc nöqtəsi, tramplin idi bu nəhəng ədiblər. Oxuduğum bütün digər kitablar onların yanındakılardan başlayıb uzaqlara qədər uzanırdı sanki. Sanki İsmayıl Şıxlı, Səməd Vurğun, Hüseyn Cavid olmasaydı mən bu qədər oxumaz, məsələn Fukididdən başlayıb gedib, məsələn, Yukio Misimaya qədər çıxmazdım.
 


Qırx yaşımı keçəndə artıq ata evindən çıxmışdım. Atamın böyük kitabxanası anam və qardaşıma əmanət idi. Türkiyədən Bakıya hər gələndə ata evimə girər-girməz özümü ilk əvvəl o otağa atardım. Atam dünyasını dəyişəndən sonra anam bütün özəl əşyalarını toplayıb o otağa keçmişdi. Kitabxana anamın otağı olmuşdu. Orada kitabların arasında yatır, xəstələnib yatağa düşəndə isə bütün gününü orada keçirirdi. “Otaqda bir kitablar vardı, bir də atamın ruhu”, – anam belə deyirdi…
 

Anamın son ayları idi.
 

Bakıya gəldim Yeni il ərəfəsində.
 

Otağına girəndə yatırdı. Yanında oturub əlini ovcumun içinə alıb öpməyə başladım. Gözlərini açıb təbəssüm etdi, “yaxşıyam mən… ac deyilsən ki” dedi, cavabımı eşitmədən yenidən yatdı. Əllərini buraxmadım, başımı qaldırıb ətrafa, divara asdığı şəkillərə, rəflərdəki saysız-hesabsız kitablara baxmağa başladım.
 

“Ortadakı rəf”də, “başlanğıc nöqtə” adlandırdığım yerdə “Dodaqdan qəlbə” kitabı durmuşdu. Gözlərimə inanmadım, axı atam Reşat Nuri Güntekinin kitabını heç vaxt bu rəfə qoymazdı…
 

Anamın əlini buraxıb cəld kitabı götürdüm. Açan kimi xatırladım, atam bu kitabı anamla nişanlı ikən ona hədiyyə etmişdi. Anam illər sonra, ömrünün son dəmində onun üçün çox dəyrəli kitabı götürüb ən dəyərli yazarların əsərlərinin yanına qoymuşdu…
 

Əlli yaşımı keçəndə “orta rəf”dəki kitabların yazarlarına başqa gözlə baxmağa başladım.
 

Məsələn, akademik Mirzəcanzadəni təkcə bir alim kimi yox dönməzliyin, dissidentliyin;
 

Hüseyin Cavidi romantizmin və Türkçülüyün; Səməd Vurğunu Vətənə və Ana dilimizə vurğunluğun, İsmayıl Şıxlını kişiliyin simvolları kimi görürdüm artıq.
 

Ağabəyim Məmməd müəllimin təbiri ilə desək, İsmayıl Şıxlı həm də Qazağın Konstitusiyasının müəllifidir. O Konstitusiya nə vaxt yazılıb, necə yazılıb, onu görən varmı – bilən yoxdur. Amma onu sanki biz hamımız oxumuşuq.
 

Və ona bəzilərimiz hələ də riayət eləməyə çalışırıq…
 

Bu gün o nəhəng insanın vəfat etdiyi gündür.
 

İsmayıl Şıxlının (22 mart 1919 – 26 iyul 1995) ruhu şad olsun!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər