Modern.az
Qəzənfər Həmidoğlu Böyük qaçış - Putin versus RuZiya

Qəzənfər Həmidoğlu

Böyük qaçış - Putin versus RuZiya

Analitika

24 Sentyabr 2022, 08:15

Qəzənfər Həmidoğlu

Mixail Bulqakovun məşhur “Qaçış” əsərində belə bir təsbit var: “...rus dili yalnız senzuradankənar söyməyə və ya daha pisi hansısı dağıdıcı şüarlar qışqırmağa yararlıdır”. İndi Rusiyanın bir qismi Kremldəkiləri söyərək “məlum yerə” göndərir, digər qismi isə patrioitik şüarlar bağırmaqda davam edir. Amma artıq “Русские идут!” şüarı köhnəlib, dəbdə “Русские бегут!” narratividir...


İki gün əvvəl “Qismən səfərbərlikdən total deqradasiyaya...” adlı yazımda Putinin səfərbərlik qərarının rus cəmiyyətini tezliklə mənəvi aşınmaya məruz qoyacağını güman etmişdim. Amma ruslar sadəcə tezliklə deyil, ildırım sürəti ilə deqradasiyaya yuvarlandılar...
 

Buryatiyadan Natalya Semyonova Facebook-da yazır: “ Bu gün hərbi komissarlıqdan mənim iki il əvvəl ölmüş qardaşım üçün gəldilər. Qardaşım heç vaxt orduda xidmət etməyib, sağlamlığı buna imkan verməyib... Onlar əvvəl inanmadılar ki, qardaşım ölüb, sonra üzr istədilər. İndi necə inanasan ki, səfərbərlik “qisməndir” və hamını səfərbərliyə cəlb etmirlər? Onlar ölülülərin də dalınca gəlirlər. Bir tərəfdən onların bütün məlumatları köhnəlib, digər tərəfdən Buryatiya həmişə oldiğu kimi bütün planetdən irəlidədir - ət tədürükü üçün hazırdır!”.
 

Buryatiya Putinin əsas “ət tədürükü” məntəqəsidir, küçədə kim əllərinə keçirsə, götürüb aparırlar. Sosial şəbəkələrdə yazılanlara görə, “voyenkomat” gecələr evlərə girir və yaşına-başına baxmadan buryatı götürüb gedir. Adamlar evdə yatmağa qorxurlar. Fərasətlilər Ulan-Udedən Ulan-Batora – monqol qardaşlarına pənah aparırlar...
 

Tragikomik situasiyadır. Rusiyadan qaçan qaçır, qaça bilməyənlərsə, səfərbərlikdən yayınmaq üçün dahiyanə üsullar ixtira edirlər. Məsələn, müdafiə naziri Şoyqu tapşırıb ki, narkomanları orduya cəlb etməsinlər. Artıq aydındır ki, ruslar nəyə aludə olmalıdırlar. Yəni, “qismən” səfərbərlik Rusiyada narkobiznesi çiçəkləndirəcək.
 

Vəkil Anatoly Gakenberg isə deyir ki, səfərbərlikdən qaçmaq üçün daha sadə prosedur var – qırğıza çevrilmək. Hazırda qüvvədə olan anlaşmaya əsasən, “1991-ci il dekabrın 15-dək RF-də doğulan şəxs Rusiya vətəndaşlığından imtina edib RF-də iş və yaşayış hüququnu saxlamaqla Qırğızıstanın vətəndaşı ola bilər”. Bununla bağlı Qırğız Respublikası Hökuməti 1999-cu il martın 4-də 128 saylı qərar qəbul edib. Koroğlunun məşhur sözlərini ruslar üçün belə korrektə etmək olar: İgidlik ondur, səkkizi qaçmaq, biri gözə görünməmək və biri də qırğız olmaq...
 


Bəziləri səfərbərlikdən yayınmaq üçün həbsə düşməyi məsləhət görürlər. Amma məhbusları da cəbhəyə getməyə məcbur edirlər...
 

Putinin onun bütün planlarını pozan ukraynalılara nifrəti məlumdur. Kremlin sahibinin Ukraynadan qisas almaq hikkəsi ilə Rusiyanın başını hansı bəlaya soxduğu da göz önündədir. Amma ruslar da günahkardırlar, çünki savaşmağı bacarmadılar, vojd-fürerin xülyasını reallaşdıra bilmədilər, papağını yerə soxdular. Putin isə əmin idi ki, şəninə tərif dediyi rus əsgərinin qarşısında kimsə dura bilməz.

Güman ki, vaxtilə Hitlerin keçirdiyi transformasiyanı indi Putin yaşayır. “Böyük alman xalqı və onun döyüş ruhu” ilə fəxr edən fürer düşmən bunkerinə yaxınlaşarkən bütün əsgər və zabitlərini “qorxaqlar və vətən xainləri” adlandırmış və özünü asmamışdan əvvəl alman xalqını “döyüşməyi bacarmamaqda” suçlamışdı.
 

İndi Putin də savaşmağı yadırğayan xalqına qəzəblənib və Ukrayna cəhənnəminə göndərməklə onları cəzalandırır. Hər halda, fevralın 24-dən əvvəl dəfələrlə hərbi təlimlər keçən 150-200 minlik bir ordunun bacarmadığı bir işi tələm-tələsik ordan-burdan yığılıb cəbhəyə göndərilən qoşun yığınağının bacarmayacağını təxmin etmək üçün elə də böyük ağıl yiyəsi olmaq lazım deyil.
 

Hesab edilir ki, Putinin kvintessensiyası bu sözlərdə gizlənir:“Bizim belə dünya nəyimizə lazımdır, əgər orda Rusiya yoxdursa?” Amma Rusiyaya yaşatdıqları və son səfərbərlik Kreml sahibinin gerçək mahiyyətini belə təsbit erməyə vadar edir: Belə Rusiya nəyimə lazımdır, əgər orda mənim istəklərim gerçəkləşməyəcəksə? Qorxunc narrativdir...
 

Rusiyadakı səfərbərliyə etirazlar antisavaş mövqeyi və ya hərəkatı deyil. Ruslar Putin ordusunun Ukraynada törətdiyi faciə və vəhşiliklərə etiraz etmədilər. Rus ordusu Ukraynada şəhərləri, kəndləri yerləbir etsə də, dinc insanları qırsa da, onlar sanki heç nə baş verməyibmiş kimi qonşuluqdakı müsibəti görmək və eşitmək istəmədilər. Əksinə dəstəklədilər, bəraət qazadırdılar, küçələrə çıxıb kütləvi Z-ləşdilər, “antixoxol”laşdılar. İndiki etirazları isə panika və həyatları, gələcəkləri üçün qorxunun nəticəsidir.
 

Hələlik Rusiyadakı antisəfərbərliyi kütləvi antimüharibə hərəkatı kimi qiymətləndirmək çətindir. Amma ataları, qardaşları, oğulları Ukraynada “ətçəkən” maşından keçdikcə və “200 nömrəli yüklər”in – Ukraynadan gələn tabutların sayı artdıqca, panika və qorxu gec-tez böyük antisavaş hərəkatına çevrilməyə məhkumdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok