Modern.az

Günay İbrahimlinin mahnısı niyə “qara siyahı”ya düşüb - AÇIQLAMA

Günay İbrahimlinin mahnısı niyə “qara siyahı”ya düşüb - AÇIQLAMA

7 Aprel 2023, 11:18

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını yayımlayıb. Siyahıda müğənni Günay İbrahimlinin "O kimdir ki" mahnısı da yer alıb.


Modern.az xəbər verir ki, ifaçı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib və quruma etirazını bildirib.

 

Konstitusiyanın yaradıcılıq azadlığı barədə maddəsini xatırladan müğənni musiqisinin qeyd olunan siyahıya əlavə edilməsini yaradıcılığına qarşı çirkin təbliğat adlandırıb:

 

“Bu gün mediada Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı siyahıda mənim də adımın yer aldığını gördüm. Bu cür mötəbər və önəmli bir qurumun qeyri-peşəkar və qeyri-ciddi əməkdaşlarının, heç bir açıqlama gətirmədən mənim ifamı və adımın o siyahıya salınmasında, ehtimal edirəm ki, qərəz var. Narkotiki, pis əməlləri, cinayəti, özünəqəsdi, tüfeyli həyatı təbliğ edən şəxs və ifalarla mənim adımın bir siyahıda olmasını mənə və yaradıcılığıma qarşı aparılan çirkin təbliğat hesab edirəm. Niyəsə qurumun rəsmi saytında bu xəbərə rast gəlmədim və hesabatda hansısa kitaba istinad edirlər. Təsadüfə baxın ki, hansısa “mübariz” bir şəxs o kitabdan siyahını götürüb, yerli mediamıza yönləndirib və ya qurumun özü bu addımı atıb. Bu siyahıya mənim adımı əlavə edən “psevdointellektual”, "ziyalı", guya mental dəyərlərimizə sadiq olan şəxslər əsas gətirə bilərmi, mənim “O kimdi ki?” adlı ifamda cinayət xarakterli məzmun hansıdır? Neçə şəxs narkotikə qurşanıb? Neçə şəxs özünə qəsd edib və ya özünəqəsd etmə səviyyəsinə çatıb? Əllərində statistika və rəqəmlər varmı? Təbii ki, bu yanaşma çirkin böhtandır mənə qarşı".

 

Günay İbrahimli iddiaların əsassız olduğunu vurğulayıb: “Kimisə təftiş edərkən ədalət əsas meyar olmalıdır. Bu siyahıda sırf mənim adımın və ifamın olmasını əsla qəbul etmirəm. Araşdırmada doğru eyhamlar var. Buna qarşı deyiləm. Amma heç bir istinad, əsas gətirmədən adımın hallanmasını şəxsimə qarşı qeyri-etik davranış olaraq qiymətləndirirəm. Monitorinq Mərkəzi işini sanballı, peşəkar mütəxəssislərə həvalə etmədikcə, kimlərinsə şəxsi qərəzini, zövqünü etalon qəbul edib, qaralama aparacaqsa, bu işi görməsə yaxşıdır”.

 

İfaçının etirazı ilə bağlı Olay.az-a danışan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin mütəxəssisi Kəmalə Onur deyib ki, "O kimdir ki?" mahnısı dil normalarına aid səhvlər olduğu üçün siyahıya düşüb:

 

 

“Məsələ burasındadır ki, sözügedən monitorinq təkcə narkotik asılılığı və cinayəti aşılayan mahnılarla bağlı deyildi. Günay İbrahimlinin mahnısında dil normalarına aid səhvlər olduğu üçün siyahıya düşüb. Məsələn, [gisas], [na’nkor] sözləri əslində elə tələffüz olunmur. Mənim mahnıda tutulan səhvlərdən xəbərim yoxdur. Sadəcə öz eşitdiyim səhvlərdən ikisini qeyd edirəm. Tədbirin və hesabatın pis vərdişlərlə bağlı olduğunun düşünülməsinə səbəb isə yenə də oxunma və baxış sayı üçün məhz bu mövzunun qabardılmasıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok