Modern.az

Xankəndidə yuva salmış bütün cinayətkarlar saxlanılacaq - Deputat

Xankəndidə yuva salmış bütün cinayətkarlar saxlanılacaq - Deputat

Aktual

27 Aprel 2023, 17:40

Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın öz ərazi suverenliyini tam şəkildə bərpa etməsi deməkdir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

 

O bildirib ki, Azərbaycanın bütün əraziləri dövlət orqanlarımızın nəzarətindədir: "Bu çox vacib və önəmli hadisədir. Dövlətlərarası sərhədlərdə yerləşdirilmiş nəzarət- buraxılış məntəqələri müvafiq milli və beynəlxalq qanunlar əsasında fəaliyyət göstərir. Ermənistanla sərhədə beynəlxalq qanunlara uyğun şəkildə nəzarət edilməsi bir çox problemləri birdəfəlik həll etmiş olacaq.

 

Birincisi, ölkə ərazisinə giriş-çıxış və idxal-ixrac əməliyyatları  dövlət qurumlarımızın nəzarəti altında həyata keçiriləcək ki, bu da milli təhlükəsliyimizin təmin edilməsinin başlıca şərtlərindən biridir. Artıq Azərbaycan ərazisindən talan edilmiş mal və məhsulların Ermənistan ərazisinə və ya Ermənistan vasitəsilə üçüncü ölkələrə göndərilməsi mümkün olmayacaq".

 

"İkincisi, Ermənistan ərazisindən ermənilərin və üçüncü tərəflərin ərazimizə qeyri-qanuni şəkildə girişinin qarşısı  birdəfəlik alınacaq. Münaqişə dövründə olduğu kimi, Ermənistan ərazisindən ölkəmizə, xüsusilə Qarabağ bölgəsinə silah-sursat keçirilməsinə və hərbi qüvvə göndərilməsinə son qoyulur. Ən vacib məqamlardan biri ondan ibarətdir ki, indiyədək Qarabağ ərazisində dövlət idarəçilik orqanlarını zəbt etmiş separatçı ünsürlər və münaqişənin davam etdiyi bütün dövrdə hər hansı bir şəkildə Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı cinayət əməlləri törətmiş bütün şəxslər artıq Azərbaycan ərazisini nəzarətsiz tərk edə bilməyəcəklər. Xankəndidə özlərinə yuva salmış bütün cinayətkarlar saxlanılacaq və məhkəmə qarşısına çıxarılacaq. Nəhayət, bütün bunlar Ermənistanın bizim daxili işlərimizə qarışmaq imkanını tamamilə aradan qaldırır və iki ölkə arasında münasibətlərin normallaşması üçün yol açılır.

 

İki ölkə arasında münasibətlərin normallaşması və bütövlükdə Cənubi Qafqaz bölgəsində sabitliyin bərqərar olunması isə öz növbəsində bölgəmizin Avrasiya miqyasında geostrateji əhəmiyyətini dəfələrlə artırır. Nəticədə Cənubi Qafqazda yaranmaqda olan ən yeni reallıqlar həm Azərbaycan, həm də Ermənistan üçün daha faydalı olacaq. Bütün bunlar Vətən müharibəsindən sonra bölgədə vəziyyətin sabitləşdirilməsi istiqamətində Azərbaycan dövlətinin apardığı sülhyaratma siyasətinin nəticəsidir”,- deyə deputat əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et