Heydər Əliyev hətta protokol xarakterli səfərlərdə də maksimum dərəcədə çox iş görməyə, siyasi və iqtisadi xarakterli görüşlər keçirməyə, predmetli söhbət etmək, konkret təkliflərlə müraciət edən hər bir dövlət adamına, tanınmış ekspertə, mətbuat nümayəndəsinə vaxt ayırmağa çalışırdı.
Modern.az xəbər verir ki, bunu 1999–2004-cü illərdə Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsində işləmiş və hazırda ölkəmizin Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri olan Vilayət Quliyev "Xalq qəzeti"nə müsahibəsində deyib.
Sabiq nazir deyir ki, o, hər dəfə Prezidentin prinsipiallığının, cəsarətinin, dəqiq siyasi qiymətləndirmələrinin, ölkəmizlə bağlı məsələlərdə güzəştsizliyinin, dərin təhlil və ümumiləşdirmə bacarığının şahidi olurdu.
"Rəsmi ziyafətlərdəki beş-on cümləlik tostları da kağızdan oxuyan bəzi dövlət və hökumət başçılarından fərqli olaraq Heydər Əliyev yüksək natiqlik istedadı, hazırcavablığı, yerinə düşən incə zarafat və yumoru ilə də diqqəti çəkirdi. Tərəddüdsüz demək olar ki, hər bir səfər həm də Prezidenti daha yaxından tanımaq üçün əlavə şans idi.
Əgər çoxsaylı səfərlərdən mütləq hansısa birini fərqləndirmək zərurəti yaransaydı, 2002-ci ilin aprelində Qarabağ münaqişəsinin həlli ilə bağlı həlledici danışıqların aparıldığı Ki-Vest səfəri üzərində dayanardım.
Olduğu bütün ölkələrdə dövlət və hökumət başçıları ilə ünsiyyət zamanı Heydər Əliyev üçün əsas meyar inandığı həqiqətlər, xalqımız və dövlətimiz üçün faydalı və zəruri saydığı məsələlər idi. Həmin cəhətlər Ki-Vest danışıqlarının da məzmun və mahiyyətini təşkil etmişdi. ABŞ Dövlət katibi Kolin Pauell və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kondoliza Raysın iştirakı ilə Ermənistan prezidenti Robert Koçaryan və Minsk qrupu həmsədrləri formatında keçirilən görüş dövlətçilik təfəkkürü, siyasizəka, intellekt mübarizəsi idi. Əslində, Prezident Heydər Əliyev Ki-Vestdə təkbaşına altı nəfərə qarşı dayanmışdı. Ermənistanın mövqeyi bəlli idi. ABŞ rəsmiləri, Minsk qrupu həmsədrləri də erməni tərəfini işğalçı kimi tanımadan Azərbaycandan alacaqları güzəştlər hesabına Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olmağa çalışırdılar. Amma bütün səylərinə baxmayaraq ümidləri doğrulmadı.
Heydər Əliyev isə Ki-Vestdə yalnız işğalçı ölkənin lideri Köçəryana deyil, onun açıq və gizli havadarlarına müraciətlə münaqişənin illərlə həllini tapa bilməməsinin əsas səbəbi kimi işğalçı ilə işğala məruz qalanın bərabər tutulması olduğunu göstərmişdi: “Çətin danışıqlar gedişində Ermənistan tərəfi həmişə qeyri-konstruktiv mövqe tutmuşdur və bu gün də bu mövqedə qalır. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyinə və danışıqlarda bu üstünlükdən istifadə etdiyinə görə, biz Ermənistanla razılığa gələ bilmirik. Ermənistan hər vasitə ilə Azərbaycanın ərazisinin bir hissəsini qoparmağa, özünə birləşdirməyə və ya Dağlıq Qarabağ üçün müstəqillik statusuna nail olmağa çalışır”.
Köçaryan bir neçə min kilometr yol keçib Ki-Vestə gəlməkdən məqsədinin siyasi bəyanatlar vermək olmadığını iddia eləsə də, əslində, Azərbaycan Prezidentinin sərt ittihamları qarşısında deməyə sözünün olmadığını göstərdi.
Vaşinqtonda davam edən rəsmi səfər zamanı kiçik Corc Buşla Ağ Evdə iştirakçısı olduğum görüşdə ABŞ-nın 43-cü Prezidenti sonralar etiraf etdiyi kimi “Heydər Əliyevin şəksiz liderliyi-nə, cəsarətinə, misilsiz dünya-görüşünə və natiqlik istedadına” heyran qaldığını gizlətməmişdi"", - diplomat qeyd edib.