Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Amerika və Avropa İttifaqının Ermənistan-Azərbaycan arasında uzun sürən münaqişənin üstünə su səpərək sülh sazişinin imzalanması təşəbbüsünə və ya moderatorluğuna qısqanclıqla yanaşan Rusiya, ənənəvi olaraq öz baş diplomatının dili ilə yenə bu “suyu” bulandırmaqda davam edir.
Baxın Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən görüşdə qarşılıqlı olaraq bir-birinin ölkəsinin suveren ərazi bütövlüyünü tanıması, nəhayət sülh sazişinin tezliklə bağlanmasına ümid yaratsa da, bu görüşün ardınca Moskvada üç ölkə - Azərbaycan, Rusiya və Ermənistan baş diplomatlarının üçtərəfli görüşündə bu məsələyə məhz Rusiya baş diplomatı Lavrovun mövqeyinin həmişə olduğu kimi “net” olması, Moskvanın Bakı və İrəvan arasında münaqişənin sonsuza qədər davam etməsi istəyini bir daha sübut etmiş oldu.
Bildiyimiz kimi, Paşinyan Brüssel görüşündə Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə, hətta dəqiq rəqəmlərlə - 86.6 min kilometri tanımasını ifadə etsə də, Lavrov Moskva görüşündə sülh sazişinin yalnız iki ölkə arasında delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra mümkün olabiləcəyini bildirdi. Sözsüz ki, bununla Rusiya baş diplomatı delimitasiya və demarkasiya prosesinin çox uzun çəkən məsələ olduğununu yaxşı bildiyindən, elə məhz bu səbəbdən Azərbaycan və Ermənistan arasında sülhün imzalanmasına heç vaxt razı olmadığını açıq mətnlə ortaya qoydu.
Ümimiyyətlə, Azərbaycan və Ermənistan arasında nə vaxt sülh sazişindən söz düşür, Moskva dərhal 10 noyabr üçtərəfli bəyanatı əlində bayraq tutaraq, bu bəyanatın alternativinin olmadığını dilə gətirir. Maraqlıdır, bəs o zaman Moskva nədən bu bəyanatın hazırda icra olunması daha vacib olan 4-cü bəndi icra etməkdən yan keçir? Əksinə, bu azmış kimi, Lavrov iki ölkə XİN rəhbərlərinin razılığa gəldiyi məsələlərdən çıxarış edərək, “Bu razılaşmalar Qarabağda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında təhlükəsizlik və sabitliyin təmin edilməsinə aiddir”, - deyə separatçılara 2 il 6 aydır ki, faktiki olaraq cangüdənlik edən “sülhməramlıların” mövcud olduğu müddətdə Azərbaycan ordusunun burada antiterror əməliyyatı aparmasına imkan verməyəcəklərinə açıq şəkildə işarə edir.
Diqqət edin, Lavrov sülh müqaviləsini ayrı bir mövzu adlandıraraq, onu ən sonuncu mərhələyə saxlayıb, iki ölkə baş diplomatlarının adından bəyan edir ki, “Tərəfdaşlarımız bu gün təsdiqləyiblər ki, nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, delimitasiya məsələlərinin həlli olmadan, Qarabağda və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyəti ümumən yaxşılaşdırmadan sülh müqaviləsi istiqamətində konkret olaraq irəliləmək çətindir”. Sual yaranır, niyə çətin olur?
Məgər bir-birinin ərazi bütövlüyünü artıq tanımış Ermənistanla Azərbaycan tərəfi əvvəlcə sülh sazişi bağlayıb, sonra yerdə qalan bu məsələləri sakit şəkildə öz aralarında həll edə bilməzlərmi? Axı niyə iki ölkə arasında delimitasiya və demarkasiya, nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədində, Qarabağda təhlükəsizliyin təmin edilməsi məhz Rusiya tərəfinin müşahidəçiliyi ilə həyata keçirilməlidir?
Əlbəttə, bütün dünya yaxşı bilir ki, Ermənistanla Azərbaycan arasında Qarabağ “dramının” müəllifi və rejissoru Moskvadır. Rəsmi İrəvan artıq bu “səhnədə” “artistlik” etməsindən nə isə qazana bilmədiyinin fərqində olduğundan, nəhayət ki, yorulub öz “roluna” son qoyur. Ancaq hələlik görünən odur ki, Ermənistan və Azərbaycan arasında uzun sürən bu qanlı münaqişədən Paşinyan əl çəkir, amma Lavrov əl çəkmir...
Şübhə yox ki, mayın 25-də Moskvada planlaşdırılan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə Rusiya prezidentinin yeni bir söz demək etimalı azdır. O, eynilə öz baş diplomatının dediklərini təkrarlayacaq. Doğrudur, təkrar biliyin anası olsa da, Azərbaycan tərəfi özünü yeni hədəflərə kökləməli və 3 il öncə BMT-nin 4 məlum qətnaməsini özü icra etdiyi kimi, Rusiya rəsmilərinin dilində əzbər olmuş üçtərəfli bəyanatın yerdə qalan bəndlərini qaldırıb separatçıların başına çırpmalıdır.