Modern.az

Dövlət borcu ÜDM-in neçə faizini təşkil edib? 

Dövlət borcu ÜDM-in neçə faizini təşkil edib? 

24 May 2023, 11:25

2023-cü il 01 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 15566,6 milyon manat və ya 2022-ci il üzrə faktiki ÜDM-in 11,6 faizini təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb. 

 

2022-ci ilin əvvəli ilə müqayisədə 2023-cü il 01 yanvar tarixinə ümumi dövlət borcunun səviyyəsi mütləq ifadədə 490,7 milyon manat və ya 3,3 faiz artıb.

 

Bununla belə, 2022-ci il ərzində neft qiymətlərinin proqnozlaşdırıldığından daha yüksək olması (bir barel neftin orta illik qiyməti proqnozlaşdırılan 50 ABŞ dolları müqabilində 103,6 ABŞ dolları olmuşdur), habelə qeyri-neft iqtisadiyyatının həm real, həm də nominal ifadədə əhəmiyyətli artımı nəticəsində 2022-ci il üzrə ÜDM-in proqnozlaşdırılan həcmindən 40967,8 milyon manat daha artıq və yaxud 133825,8 milyon manat təşkil etməsi ümumi dövlət borcunun 2022-ci il üzrə faktiki ÜDM-ə nisbətinin 4,6 faiz bəndi azalmasını şərtləndirmişdir. Ümumi dövlət borcunun 73,1 faizi birbaşa xarici dövlət borcunun, 26,9 faizi isə birbaşa daxili dövlət borcunun payına düşür.


Beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində hesabat ili ərzində faktiki istifadə olunmuş kredit vəsaitləri və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2023-cü il 01 yanvar tarixinə birbaşa xarici dövlət borcu 6693,2 milyon ABŞ dolları (ÜDM-in 8,5 faizi) təşkil etmişdir. Hesabat ilinin əvvəli ilə müqayisədə xarici dövlət borcunun həcmi nominal ifadədə 700,2 milyon ABŞ dolları və ya 9,5 faiz azalmış, onun ÜDM-ə nisbəti isə 2021-ci ilin sonu ilə müqayisədə 5,0 faiz bəndi azalıb. 


İmzalanmış müqavilələrə uyğun olaraq xarici dövlət borcunun 47,6 faizinin 5 ilə qədər olan müddətə, 43,3 faizinin 5 ildən 10 ilə qədər olan müddətə, 9,1 faizinin isə 10 ildən yuxarı müddətə kreditorlara qaytarılması nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var