Modern.az

Yayın ən böyük təhlükəsi - Həkimlər həyəcan təbili çalır

Yayın ən böyük təhlükəsi - Həkimlər həyəcan təbili çalır

Aktual

6 İyun 2023, 15:00

Yay mövsümü ilə əlaqədar olaraq həşərat sancmalarının sayında artım müşahidə edilir. Bu isə insanları ciddi şəkildə narahat edir.

 

Bəs, xoşagəlməz hallardan necə qoruna bilərik? Yaxud həşərat sancması zamanı hansı addımı atmalıyıq?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Tibb Universitetinin professoru, tanınmış həkim Adil Qeybulla həşərat sancması nəticəsində ölüm hallarının mümükün olduğunu bildirib:

 

“Yay fəsli gəldikdə bu cür hallar artır. Ümumiyyətlə, həşəratların dişləməsi, sancması nəticəsində insan orqanizminə ilk təsir edən toksiki maddə zəhərdir. Təbii ki, həşəratlardan bəzilərinin zəhərləri insan üçün öldürücü deyil. Amma müəyyən allergik reaksiyalar yarada bilər. Əvvəla həşəratın sancdığı yerin ətrafında toksiki şişkinlik yaranır. Bu, həmin maddəyə qarşı allergik reaksiyadır. Digər tərəfdən ümumi allergik reaksiyalar anafilaktik şoka səbəb ola bilər”.

 

 

“Məsələn, el arasında “it arısı” deyilən arı növü var. Bu arıların sancması nəticəsində insanda güclü allergik reaksiyalar, yəni anafilaktik reaksiya və ölüm baş verə bilər. Arı sancmasından ölüm halı mövcuddur. Xüsusilə arıların boyun və üz nahiyəsini sancması daha çox təhlükə yaradır. Bundan başqa  müxtəlif həşəratlar, məsələn, hörümçəklərin insanı sancması çox təhlükəlidir. İnsanlar belə hallardan mümkün qədər qorunmalıdır. Oxşar hadisə ilə üzləşdikdə dərhal həkimə müraciət etmək lazımdır. Həm antiallergik dərmanlardan, həm də toksiki maddəni neytrallaşdırıcı dərmanlardan istifadə etmək mümkündür. Əgər bunlar insan həyatı üçün təhlükə törədirsə, onların antidotları istifadə olunur. Xırda həşəratların sancmasının bu cür təhlükələri mövcuddur. Hesab edirəm ki,  yay mövsümündə bu cür hadisələrdən mümkün qədər qorunmaq lazımdır. Vaxtında lazımı tədbirlər görülməlidir. İnsanlar son dərəcə ehtiyyatlı olmalı, xüsusilə açıq havada yemək yeyənlər, hər hansı fəaliyyətlə məşğul olanlar daha diqqətli olmalıdırlar”, - həkim vurğulayıb.

 

 

Allerqoloq Çinarə Novruzova isə həşərat sancması nəticəsində insanlarda xroniki xəstəliklərin yaranması hallarının olduğunu deyib.

 

“Yay mövsümündə insanlar daha çox açıq ərazilərdə, təbiət qoynunda zaman keçirir. Bu səbəbdən həşərat sancması hallarına tez-tez rast gəlmək mümkündür. Həşərat sancmaları insan bədənində bəzi allergik reaksiyalara, hətta ölüm hallarının yaranmasına gətirib çıxara bilər. Həşərat sancmaları nəticəsində bir çox insanlarda anafilaktik şok yaranır. Qarşısı alınmadığı zaman isə anafilaktik şok ölümə səbəb ola bilir. Lakin əksər hallarda allergik reaksiyalar qalıcı fəsadlar yaratmır. Allergik reaksiyalar ani reaksiyadır. Bunun qarşısı alına və ya uzun müddət davam edərsə, qarşısı alınıb sağala, yaxud daimi xroniki formaya keçə bilər. Həşərat sancması xroniki xəstəliklərə səbəb olur. Amma əksər hallarda yaranan xəstəliklərin səbəbi birbaşa həşərat sancması ilə əlaqədar olmur. Həşərat sancmasından qorunmaq üçün allergik reaksiyaları olan insanlar xoşagəlməz hal yaşamamaq üçün mütləq şəkildə üzərilərində xüsusi dərman vasitələrini gəzdirməlidirlər. Açıq bölgələrdə olarkən, meşəyə, dağa gedərkən dərmanlarını özləri ilə aparmaları məsləhət görülür”, - həkim qeyd edib.

 

Aytac Əsədova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür