Modern.az

ABŞ Senatında Bakıya səfir təyinatı müzakirə ediləcək

ABŞ Senatında Bakıya səfir təyinatı müzakirə ediləcək

Aktual

12 İyun 2023, 11:14

ABŞ Senatında Azərbaycana səfir təyinatı ilə bağlı dinləmələr keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Senatın saytında məlumat yayılıb.

 

Bildirilib ki, iyunun 13-də Senatın Xarici Əlaqələr Komitəsində Mark Libbinin Azərbaycan səfir təyin edilməsi müzakirə olunacaq. Onun namizədliyi ABŞ Prezidenti Co Bayden tərəfindən irəli sürülüb.

 

Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən 2019-cu ildə təyin olunan Örl Litzbergerin səlahiyyət müddəti ötən ilin iyul ayında başa çatıb. ABŞ hələ də Azərbaycana yeni səfir təyin etməyib. 2022-ci ilin may ayının 25-də Co Bayden Mark Libbi adlı diplomatı Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb. Ancaq, bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə, həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb.

 

Mark Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində çalışır. O, 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub. Bundan əlavə, Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində nəzarətçi və daha sonra Böhranların İdarə Edilməsi üzrə Direktor müavini vəzifəsində fəaliyyətini davam etdirib. Mark Libbi daha sonra Mərkəzi Avropa İşləri Ofisində direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru olub.

Whatsapp
Bizə yazın!
Keçid et