Füzuli rayonunda 15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” adlı toplantı keçirildi. Toplantıda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimai şuranın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Modern.az xəbər verir ki, tədbir başlamazdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, bir qrup şəhid ailəsi, qazilər, ziyalılar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Tədbir Dövlət Himninin səslənməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mövzu ətrafında geniş məruzə ilə çıxış etdi. 15 iyun-Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edən Alı Alıyev Azərbaycan xalqını qalib xalqa çevirən böyük Zəfərin Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından başlanğıc aldığını qeyd etdi. Heydər Əliyev siyasətinin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bir daha vurğulayan Alı Alıyev bütün Azərbaycan xalqını, eləcə də füzuliləri Milli Qurtuluş Günü münasibəti ilə ürəkdən təbrik edib.
Daha sonra Vətən Müharibəsi Qəhrəmanı, şəhid Fəqan Zalovun atası Amil Zalov, Vətən müharibəsi qazisi Niyaməddin Hüseynov, rayon ziyalıları Rafiq Səmədov və Vüqar Pənahov çıxış ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə yekunlaşıb.