Modern.az

Yaşı 65-i keçənlər də estetik əməliyyat üçün müraciət edir - Tanınmış cərrah

Yaşı 65-i keçənlər də estetik əməliyyat üçün müraciət edir - Tanınmış cərrah

Aktual

26 İyun 2023, 11:55

Azərbaycanda estetik əməliyyatlar sanki dəb halını alıb. A-dan Z-yə hər kəs xarici görünüşünü dəyişməyə can atır. Xarici görünüşünə “əl gəzdirənlər” arasında xanımlarla yanaşı, bəylərə də rast gəlmək olar.

 

Kimi burnunu kəsdirir, kimi dodaqlarını şişirtdirir, kimisi də özlərinin dili ilə desək, üzlərini dartdırır. Nəticədə xoş olmayan mənzərə ortaya çıxır: demək olar ki, hamısı bir-birinə bənzəyir…

 

Bəs günümüzdə insanlar daha çox hansı növ plastik əməliyyatlara üstünlük verirlər və bu, nədən irəli gəlir?

 

Mövzu ilə bağlı Modern.az-a danışan tanınmış plastik cərrah Vaqif Qələndər hazırda burun əməliyyatı üçün daha çox müraciət olduğunu bildirib.

 

 

“Bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də plastik əməliyyatlar üzrə ən çox müraciət edilən rinoplastika, yəni burun əməliyyatıdır. Daha sonra qadın piylərinin götürülməsi, üz dərisinin sallanmasının aradan qaldırılması, bədəndə olan piylərin liposaksiyası və bu kimi digər əməliyyatlar üçün xanımlar tərəfindən daha çox müraciət edilir. Əlbəttə, müxtəlif plastik əməliyyatlar üzrə müraciət edən kişilər də var. Amma qadınlara baxdıqda kişilərin sayı olduqca azdır. Plastik əməliyyata müraciət edən kişilərin sayı 100 üzərindən təxminən 15-20 faiz təşkil edir”, - həkim deyib.

 

V.Qələndər plastik əməliyyatlara maraq göstərən şəxslərin 18, 65-70 yaş aralığında olduğunu qeyd edib.

 

“Bu kimi əməliyyatlar əsasən təhlükəli əməliyyatlar hesab olunmur. Çünki əməliyyatlar sağlam şəxslərin üzərində aparılır. Plastik əməliyyatlardan qorxmağa ehtiyac yoxdur. Amma məsləhət görərdim ki, plastik əməliyyat etdirmək istəyən şəxslər əvvəlcə geniş araşdırma aparsın və işin mütəxəssislərinə müraciət etsinlər. Bu gün demək olar ki, bütün sosial şəbəkələrdə müxtəlif sahələr üzrə qeyri-peşəkar həkimlərin reklamı gedir. Bu səbəblə insanların araşdırma aparmasında və mütəxəssislərə müraciət etməsində fayda var”.

 

 

Qeyd edək ki, Azərbaycanda plastik əməliyyatların qiymətləri müxtəlifdir. Normalda 1500 manatdan başlayan qiymətlər, həkimin məşhurluğuna görə 5-10 min manat arasında dəyişir. Onu da bildirək ki, Azərbaycanda bu cür əməliyyatların qiyməti qonşu ölkələrlə müqayisədə nisbətən ucuzdur. Dünya statistikasına gəlincə, ən çox plastik əməliyyatlar ABŞ-da həyata keçirilir. Növbəti sıralardan Meksika, Braziliya, İtaliya və Çin qərarlaşıb.

 

Ölkələr üzrə plastik əməliyyatların növləri fərqlidir. Məsələn, Asiya ölkələrində daha çox burun əməliyyatı, ABŞ, Meksika, Avropada isə əsasən süd vəzlərinin əməliyyatı geniş yayılıb.

 

Aytac Əsədova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et