"Bu ilin altı ayı ərzində respublika ərazisində faydalı qazıntıların çıxarılması ilə əlaqədar 364 olmaqla, ümumilikdə 1506 istismar sahəsinə monitorinq keçirilib".
Modern.az xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdikləri “Ekologiyanın mühafizəsi” adlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, monitorinq işləri yataq sahələrinə yerində baxış, müasir texniki avadanlıqların istifadəsi ilə əldə olunmuş məlumatlar və peyk görüntülərinə əsasən yerinə yetirilib: "Toplanılmış informasiyaya uyğun təhlillər aparılıb, uçot və hesabatlılıq təmin edilib, müəyyən edilən 342 qanunsuz fəaliyyətlə əlaqədar müvafiq hüquqi tədbirlər həyata keçirilib. Qanunsuz fəaliyyətlə bağlı 2020-2022-ci illər ərzində Agentliyin İdarə Heyətinin Qərarı ilə əsasən çay yataqlarında icazə şərtlərini pozmuş yer təki istifadəçilərinə verilmiş 97 icazə sənədi ləğv edilib, hüquqi və fiziki şəxslər barəsində ümumilikdə 160 protokol (fiziki şəxslərlə bağlı 112, hüquqi şəxslərlə bağlı 48), fiziki şəxslərlə bağlı 111 inzibati tənbehvermə haqqında qərar, hüquqi şəxslərlə bağlı isə məhkəmələrə edilmiş müraciətlər əsasında 40 məhkəmə qərarı qəbul edilib. Aşkar edilmiş qanunsuz fəaliyyətlə bağlı tərtib edilən akt və arayışların digər hissəsi hüquqi qiymət verilməsi məqsədi ilə Baş Prokurorluğa göndərilib".
S.İdayətov vurğulayıb ki, aparılan monitorinq tədbirləri çərçivəsində qanun pozuntusunun təkrarlanması hallarına da rast gəlinib: "Bir sıra yer təki istifadəçiləri tərəfindən bir neçə dəfə qanunsuz istismar işlərinin aparıldığı aşkar edilmiş və hüquqi tədbir görülməsi üçün toplanmış məlumatlar Baş Prokurorluğa göndərilib. Bunlardan Mirislam MMC, SND group MMC, Taleh A.T müəssisəsi, VVN MMC və b. göstərmək olar".
"Agentlik və Baş Prokurorluqla aparılan birgə fəaliyyət tədbirləri, icazə şərtlərini pozmuş yer təki istifadəçilərinə verilmiş qanunamüvafiq məcburi göstərişlər, cərimələrin tətbiq olunması, maarifləndirmə və təbliğat işləri nəticəsində yerin təkinə qanunsuz istifadə hallarının sayında azalma müşahidə olunub. 2022-ci ildə 100-ə yaxın qanunsuz fəaliyyət aşkar olunduğu halda, bu ilin 6 ayı ərzində bu rəqəm 28 olub. Yaranmış qanun pozuntuları və müvafiq sahədə inzibati xəta əlamətləri ilə əlaqədar faktlar aşkar edildikdə qanunvericiliyə uyğun tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumatların verilməsini təmin etmək, hüquq mühafizə və yerli özünüidarəetmə orqanları ilə birgə fəaliyyətin göstərilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi Agentlik tərəfindən davam etdiriləcək", - sədr əlavə edib.