Modern.az

Cəbhədə şiddətli döyüşlər gedir - Ukrayna irəliləyir

Cəbhədə şiddətli döyüşlər gedir - Ukrayna irəliləyir

Analitika

16 Avqust 2023, 09:22

Ukrayna cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlərin getdiyini və əks-hücum əməliyyatı çərçivəsində müəyyən uğurlar qazandığını bildirir.

 

Modern.az bu barədə yerli rəsmilərə və mediaya istinadən xəbər verir.

 

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyir ki, cəbhə boyunca ordunun irəliləməsi Rusiya tərəfindən minalanmış sahələr və güclü istehkamlara görə əngəllənib. Buna baxmayaraq, Ukrayna hərbçiləri Rusiyanın nəzarətində olan Donetskdən təxminən 100 km cənub-qərbdə yerləşən Staromayorsk kəndi ətrafında irəliləyib və rusları cənubda iki cəbhədə sıxışdırıb. 

 

Onun sözlərinə görə, qoşunlar həmin kəndin yanında yerləşən Urojayn qəsəbəsinə nəzarət etmək üçün mübarizə aparıb. Ukraynanın Zaporojye vilayətinin işğal olunmuş bölgəsində Moskva tərəfindən yaradılan qanunsuz hakimiyyətin nümayəndəsi bildirib ki, Kiyev hər iki yaşayış məntəqəsində möhkəmlənməyə çalışıb.

 

"Urojayn yaxınlığında döyüşlər gedir və döyüş məhz bu ərazi üçün gedir. Staromayorsk yaxınlığında cənub və cənub-şərq oxlarında müəyyən uğurlar var", - Malyar qeyd edib.

 

Xatırladaq ki, Ukrayna qüvvələri iyun ayında çoxdan gözlənilən əks-hücum əməliyyatına başlayıb və müəyyən uğurlar əldə edib, lakin Kiyevdəki rəsmilər qazanılan uğurların onların istədiklərindən daha yavaş olduğunu və Rusiyanın sərt müdafiəsi ilə üzləşdiyini bildiriblər.

 

Malyar yaşanan çətinlikləri belə izah edib; "Silahlı Qüvvələr ərazinin tam minalanması, əsas yüksəkliklərdəki istehkamlar, (və) daimi minaatan və artilleriya atəşi ilə üz-üzədir... Bundan əlavə, ruslar aviasiyadan sıx şəkildə istifadə edirlər."

 

Nazir müavini əlavə edib ki, Ukrayna hərbçiləri son bir həftə ərzində Baxmut şəhəri ətrafında təxminən 5 kvadrat kilometr ərazini geri ala biliblər. O, həmçinin bildirib ki, rus qoşunları şərqdəki Kupyansk və Liman şəhərləri ətrafında hücumlarını davam etdirir. "Ukrayna ordusunun Baxmut oxunda uğur qazanmasından sonra ruslar bu hücumları gücləndiriblər", - Malyar vurğulayıb.

 

Qeyd edək ki, Rusiya hələ də Ukraynanın təxminən beşdə birinə, o cümlədən Krım yarımadasına, şərqdə Luqansk vilayətinə və Donetsk, Zaporojye və Xersonun bir hissəsinə nəzarət edir. İşğal olunmuş ərazilərə Ukraynanın sahil xəttinin böyük hissəsi və sənaye mərkəzi olan Donbasın bir hissəsi də daxildir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir