Modern.az

Ombudsman amnistiya üçün Milli Məclisə müraciət etdi

Ombudsman amnistiya üçün Milli Məclisə müraciət etdi

24 Yanvar 2011, 18:27

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Azərbaycan Respublikasının Milli Məclisinə məhbuaslarla bağlı amnistiya elan edilməsi üçün müraciət edib. 
Modern.az-ın məlumatına görə, bu barədə Ombudsman aparatının mətbuat xidmətindən xəbər verilib.
"Məlum olduğu kimi, Müvəkkil fəaliyyət dövrü ərzində Ombudsman haqqında Konstitusiya Qanununa əsasən, əfv və amnistiya ilə bağlı müraciətlər etmişdir. Ombudsmanın müraciətləri, qaldırdığı vəsatətlər nəzərə alınaraq, bu günədək ümumilikdə 326 məhkum, o cümlədən yetkinlik yaşına çatmayan, qadın, xəstə, ahıl məhkumlar, həmçinin jurnalistlər azadlığa buraxılmışdır.

Bu günlərdə E.Süleymanova Azərbaycan Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi ilə bağlı müraciət etmişdir"-deyə məlumatda bildirilib.

Müraciətdə deyilir: “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar çərçivəsində ölkənin bütün hüquq sistemində böyük dəyişikliklər baş vermiş, insan hüquqlarının təmin edilməsinə xidmət edən bir çox qanunlar qəbul edilmişdir. Bu islahatlar sırasında amnistiya və əfvetmə xüsusi yer tutur.

Müstəqil Azərbaycan dövlətində amnistiya siyasətinin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz Ümummilli liderin və bu siyasətin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan demokratik-hüquqi islahatların və dövlətin cinayət-hüquq siyasətinin humanistliyinin təzahürünün tərkib hissəsini təşkil edən 9 amnistiya aktı qəbul olunmuş və 48 əfv fərmanı imzalanmış, on minlərlə insan ailəsinə və cəmiyyətə qovuşmuşdur.

Sonuncu iki amnistiya aktı isə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş və minlərlə insana şamil edilmişdir”.

Müraciətdə bu ilin bir sıra əlamətdar milli və beynəlxalq əhəmiyyətli tarixi hadisələrin ildönümləri ilə zəngin olduğu, bunların sırasında dövlət müstəqilliyimizin 20 illiyi, Azərbaycanın Avropa Şurasına üzv qəbul olumasının 10 illiyi, məhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun 10 illiyi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına və İşgəncələrə qarşı mübarizə üzrə Avropa Konvensiyasına ölkəmizin qoşulmasının 10 illiyinin xüsusi yer tutduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, bütün dünyada olduğu kimi, bu il Azərbaycanda da insan hüquqları sahəsində mühüm beynəlxalq hüquqi aktlar olan «Vətəndaş və siyasi hüquqlar haqqında» və «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktların qəbul olunmasının 45, qüvvəyə minməsinin 35 illiyinin qeyd olunacağı da vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun 1.5-ci maddəsinə əsasən, Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi barədə təklif verə bilər.

E.Süleymanova göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiyasında və dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş insan hüquq və azadlıqlarına hörmət və ehtiram göstərərək, ümumbəşəri dəyərlərə və demokratiya ideallarına əsaslanaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, azadlığın, ədalətin və sülhün demokratik cəmiyyətin ən ümdə və zəruri şərti olduğunu qeyd edərək və  Konstitusiya Qanununun qeyd olunan müddəalarını rəhbər tutaraq amnistiya haqqında qərarın qəbul edilməsini təklif edib.

Müraciətdə müstəqillik dövründə sayca 10-cu olan bu amnistiya aktının qəbul olunmasının ölkədə və beynəlxalq aləmdə xüsusi əks-səda doğurmaqla, Azərbaycanın demokratik, hüquqi dövlət olduğunu, demokratik dəyərlərə, humanizm prinsiplərinə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirəcəyinə və millət vəkillərinin bu təklifi dəstəkləyəcəyinə inam ifadə olunub.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü