Modern.az

Müstəqilliyin 70-ci əfvi: Yüzlərlə məhkum azadlığa qovuşacaq

Müstəqilliyin 70-ci əfvi: Yüzlərlə məhkum azadlığa qovuşacaq

Ölkə

5 Aprel 2024, 14:22

Bu ilin may ayında Azərbaycanda əfv sərəncamının imzalanacağı gözləbilir. Aprelin 3-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları start götürüb. İclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb. Bu il komissiya ümumilikdə 700-dən çox müraciətə baxacaq.

 

Qeyd edək ki, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması dövlət quruculuğu prosesinin prioritet istiqamətlərindən birini təşkil edir. Burada humanizm siyasətinin biri də azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsidir. Belə ki, Azərbaycanda da bununla bağlı dövlət başçısı tərəfindən müxtəlif illərdə əfv haqqında sərəncamlar imzalanıb, həmçinin amnistiya aktları qəbul olunub.

 

İlk olaraq ölkədə məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə o, Əfv Məsələləri üzrə Komissiya ilə əvəz olunub.

 

Modern.az-ın məlumatına görə, indiyədək Azərbaycanda 69 əfv sərəncamı və 12 amnistiya aktı imzalanıb. Sözügedən humanist addımların nəticəsində minlərlə şəxs azadlığıa qovuşub.

 

Azərbaycanda ən böyük əfv sərəncamı isə ötən il olub. Belə ki, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanan bu əfv sərəncamı müstəqil Azərbaycan tarixində ən böyük əfv aktıdır.

 

Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.


Qeyd edək ki, bu sərəncamlar nəticəsində azadlığa çıxan şəxslər arasında vaxtilə müxtəlif vəzifələrdə çalışan yüksək rütbəli məmurlar da var.

 

Məsələn, keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunaraq həbs edilib. 2016-cı ildə isə Ə.İnsanovun həbs müddəti yeni ittihamlarla 7 il 5 gün artırılıb. Sabiq nazir 2019-cu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilib.

Keçmiş müdafiə naziri Rəhim Qazıyev 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək haqqında ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 12 il həbsdə qalan Qazıyev 2005-ci ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.

 

Sabiq baş nazir Surət Hüseynov də əfv olunanlar arasındadır. O, 2004-cü ilin martın 17-də verilən əfv fərmanı ilə həbsdən azad edilib. Baş nazir vəzifəsini itirdikdən sonra Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilmişdi.

 

2016-cı ilin martın 17-də verilən əfv sərəncamı ilə azadlığa çıxanlar arasında prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev də olub. O, 2013-cü ilin iyununda tutularaq, məhkəmənin hökmü ilə qaçaqmalçılıqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Əfv olunan digər bir məmur mədəniyyət nazirinin müavini Rafiq Bayramovdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilən sabiq nazir müavini 2020-ci ildə DTX tərəfindən keçirilən əməliyyatla həbs olunub.

 

O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 4 il 6 aya endirmişdi.

 

Cəzaların humanistləşdirilməsi prinsipi ölkənin mühüm prioritetlərindən sayılır. 2017-ci ildə Azərbaycan Prezidenti tərəfindən imzalanan “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam, 2019-cu ildə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman bunun bariz sübutudur. 2017-2020-ci illərdə Cinayət Məcəlləsinə 600-dən artıq dəyişiklik edilib. Bu dəyişikliklər nəticəsində xeyli əməl dekriminallaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir