Modern.az

Bütün geosiyasi mərkəzlər Zəngəzur dəhlizinin açılmasına RAZILAŞIB

Bütün geosiyasi mərkəzlər Zəngəzur dəhlizinin açılmasına RAZILAŞIB

19 Oktyabr 2023, 13:40

“Ermənistanın Sünik (Zəngəzur-red.) bölgəsindən dəhliz açmaq mövzusu bağlanmayıb”.

Modern.az-ın məlumatına görə, bu barədə Ermənistanın “Joğovurd” qəzetinin məqaləsində bildirilib.

Qəzet bunu onunla əsaslandırır ki, bütün geosiyasi mərkəzlər Zəngəzur dəhlizdən danışır, hər bir də açıqlamasında onu özlərinin baxış bucağından şərh edir.


Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizinin açılmasında xüsusən maraqlı olduğunu yazan “Joğovurd” qeyd edib ki, indiyə kimi heç bir geosiyasi mərkəz bu dəhlizin və ya yolun olmayacağını bildirməyib.

“Görünən odur ki, dünyada Ermənistanın bu dəhlizi Azərbaycana verməsi ilə bağlı konsensus var, amma onun hansı sənəd əsasında və hansı statusda olması ilə bağlı konsensus yoxdur”.


“Joğovurd” xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan da öz açıqlamalarında Zəngəzurdan yol veriləcəyini inkar etmir, amma dəhliz formalaşdırılmasından yayınır.

“Bu baxımdan oktyabrın sonunda Brüsseldə keçiriləcək Mişel-Əliyev-Paşinyan görüşü həlledici əhəmiyyət kəsb edir və dəhliz-yolun hansı sənəd əsasında veriləcəyi də məhz orada həll olunacaq”, - məqalədə qeyd edilib.


Məqalə müəllifi onu da bildirib ki, Rusiya prezidenti Vladimir Putin həmişə bəyan edib ki, yolların açılması regiona müsbət təsir göstərə bilər. ABŞ və Avropa İttifaqı da bu mövzuda oxşar açıqlamalar verir.

“Amerika tərəfi Ermənistanın suverenliyinin qorunmasından danışır. ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 21-də deyib: “Birləşmiş Ştatlar Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”.
Avropa tərəfi də tez-tez oxşar bəyanatlar verir. “Avropa İttifaqı Ermənistanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir”, - deyə Avropa Parlamentinin rəhbəri Roberta Mezola dünən analoji bəyanatla çıxış edib.

Beləliklə, vəziyyət onu göstərir ki, Ermənistanın bu dəhlizi Azərbaycana verməsi ilə bağlı geosiyasi konsensus var, lakin Qərb heç bir halda onun Rusiyanın nəzarətində olmasını istəmir. Amma hər bir halda dəhliz-yol olmalıdır. Nəyin bahasına açılacağı və kimin nəzarətində olacağı bu ayın sonunda Brüsseldə bəlli olacaq”, - “Joğovurd” yazıb.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…