Modern.az

Bir şəklin tarixçəsi: Ramiz Rövşən Müsavata himn yazdı, Cavanşir Quliyev bəstələdi, Aygün Kazımova OXUDU

Bir şəklin tarixçəsi: Ramiz Rövşən Müsavata himn yazdı, Cavanşir Quliyev bəstələdi, Aygün Kazımova OXUDU

15 Dekabr 2021, 13:15

Dekabrın 15-i Azərbaycan poeziyasında öz dəsti-xətti olan görkəmli şair Ramiz Rövşənin doğum günüdür – 75 yaşı tamam olur.


Modern.az
 saytının “Bir şəklin tarixçəsi” rubrikasında yayımladığı bu fotonun 25 yaşı var.

Fotonin tarixçəsini bizə 2012-ci ildən İsveçdə yaşayan azərbaycanlı yazıçı, publisist, bloger Vahid Qazi danışır.

Zaman 1996-cı il... Məkan Bakı şəhəri...

“Bir gün bir məclisdən çıxanda Cavanşir Quliyev dedi ki, Müsavat Partiyasının himni hazırdı, gəlin gedək dinləyin, görün necə alınıb. Gec olmasına baxmayaraq, onun evindəki studiyaya getdik. Cavanşir bəy himni Ramiz Rövşənin sözlərinə yazmışdı. Dinlədik. Əzəmətli himn alınmışdı. Bəyəndiyimizi dedik, təşəkkür etdik. “Kimdi oxuyanlar?”,-deyə soruşduq.  “Aygün Kazımova razı oldu, o biri də özüməm” dedi.  “Müxalifət partiyasının himnini oxumaq hər müğəninin hünəri deyil, sağ olsun”, - bunu da Nəsir Əhmədov dedi. O vaxt (elə indi də) müxalif partiyaya himn yazmaq da hər şairin, bəstəkarın işi deyildi.

Bir dəfə söhbətlərin birində Ramiz Rövşən dedi ki, Azərbaycanın azad, varlı, qüdrətli dövlət olmasını hamıdan çox onun yaradıcı adamları istəməlidi: “Çünki bizim yaratdıqlarımızın yalnız o halda yaşamaq ehtimalı var ki, Azərbaycan dövləti, xalqı və dili yaşasın”.

Bütün çətinliklərə rəğmən Azərbaycan dövləti, xalqı, dili yaşayacaq və böyük şairini də yüzillər boyu yaşadacaq, buna inanıram. 75 yaşın mübarək, Ramiz bəy!”.



Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.
 

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.

 
2013-cü ildə "Türk Dünyası Bilim, Kültür və Sanat Ödülü"nü alıb.
 

Avrasiya Akademiyasının akademiki və akademiyanın "Avrasiya Əfsanəsi" mükafatının sahidir (2019).
 

Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.
 

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Elmi-Bədii Şurasının, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi