Modern.az

Unudulan deputatlar: Sərdar Cəlaloğlunu infarkt həddinə çatdıran, İsa Qəmbəri şoka salan, Etibar Məmmədova xəyal qırıqlığı yaşadan HÜQUQŞÜNAS

Unudulan deputatlar: Sərdar Cəlaloğlunu infarkt həddinə çatdıran, İsa Qəmbəri şoka salan, Etibar Məmmədova xəyal qırıqlığı yaşadan HÜQUQŞÜNAS

Reportaj

11 Aprel 2022, 14:05

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Yusif Bağırzadədir.

Yusif Bağırzadə 1995-ci ildə seçilən və 2000-ci ildə səlahiyyətləri başa çatan Birinci çağırış Milli Məclisin üzvü olub.

1995-ci il noyabrın 12-də 33 saylı Birinci Nizami (Gəncə) seçki dairəsindən deputat seçilən Y.Bağırzadə parlamentə bitərəflərin təmsilçisi kimi daxil olmuşdu.

O, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyası sədrinin müavini idi.
 

Yusif Qəzənfər oğlu Bağırzadə 1961-ci il fevralın 19-da Gəncə şəhərində anadan olub. Daşkənd Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Evlidir, iki oğlu var.

Tərcümeyi-halında rus, özbək və fransız dillərini bildiyi yazılıb.
 



Yusif Bağırzadə Birinci çağırış Milli Məclisin ilk üç ilində bitərəf deputat olsa da, 1998-ci ildə eks-spiker Rəsul Quliyevin Azərbaycan Demokrat Partiyasına (ADP) sədr seçilməsindən sonra bu təşkilatın sıralarına qoşulmuşdu.


Ümumiyyətlə, Yusif Bağırzadə vaxtilə ciddi səs-küy doğurmuş bir neçə siyasi qalmaqalın episentrində olub.

Birinci hadisə - Rəsul Quliyevin ardınca ADP-yə keçid...

1998-ci ildə Milli Məclisin birdən-birə 6 deputatının bəyanat verərək müxalifət partiyasının – ADP-nin sıralarına qoşulduğunu elan etməsi o zaman böyük siyasi qalmaqallı hadisə kimi günlərlə qəzetlərin manşetindən düşməmişdi.

Həmin vaxt bitərəf deputat Y.Bağırzadə və hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlamentdəki beş üzvünün Rəsul Quliyevin ardınca getməsi iqtidarı ciddi şəkildə qəzəbləndirsə də, gedənləri geri qaytarmaq artıq gec idi.

YAP-dan ayrılıb Rəsul Quliyevin arxasınca gedənlər bunlar idi: 100 saylı Şəmkir kənd seçki dairəsindən majoritar sistem üzrə deputat seçilən Mahir Əsədov, 31 saylı Birinci Kəpəz (Gəncə şəhəri) seçki dairəsindən mandat alan (majoritar sistem üzrə) Şamil Yusifov, majoritar sistem üzrə 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilən Akif Şahbazov, 85 saylı Samux-Goranboy seçki dairəsindən (majoritar sistem) deputat seçilən Solmaz Ələsgərova və YAP-ın proposional sistem üzrə siyahısından Milli Məclisə üzv olan Zəminə Dünyamalıyeva.
 

Beləcə, Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq hakim partiyanı parlamentdə təmsil edən beş nəfər və daha bir bitərəf deputat bəyanat verərək, ADP-yə keçməklə ölkədə əməlli-başlı səs-küy yaratmışdılar.


Qeyd edək ki, həmin vaxt ADP-nin sədri keçmiş baş prokuror İlyas İsmayılov, baş katibi isə Sərdar Cəlaloğlu idi. Rəsul Quliyevin rəhbərlik etdiyi "Beynəlxalq Demokratiya və Ekologiya Fondu"nun da bu təşkilata birləşməsindən sonra isə ADP-də həmsədrlik postu yaradıldı və partiyaya iki nəfər sədrlik etməyə başladı.

1998-ci ildə Rəsul Quliyevə görə Milli Məclisin birdən-birə 6 deputatının ADP-yə keçməsilə bu partiya xeyli gücləndi, onun siyasi meydandakı nüfuzu möhkəmləndi.

O zaman ABŞ-da mühacirətdə olan keçmiş spiker Rəsul Quliyevin tezliklə Azərbaycana qayıdacağına ümid edənlər çox idi və xeyli güclənmiş ADP bu yöndə ciddi mübarizə sərgiləyirdi. Tərəfdarları olduqca fəal şəkildə Rəsul Quliyevin okeanın o tayından rəhbərlik etdiyi partiyanın uğur əldə edəcəyinə inanırdılar. Bu səbəbdən də keçmiş spikerin təbliğatı aparılır, onun qayıdışı üçün yollar arayırdılar. Həmin mübarizə sayəsində ADP o dövrün yaxşı təşkilatlanmış, eyni zamanda müxalifət cəbhəsinin sayılıb-seçilən siyasi qurumuna çevrilmişdi.

Yusif Bağırzadə Rəsul Quliyevin tərəfdarı olaraq siyasi fəaliyyətini 1998-ci ildən 2003-cü ilin sonuna kimi Azərbaycan Demokrat Partiyasında apardı.

2000-ci ildə parlamentin üzvü kimi səlahiyyətlərini başa vuran sabiq deputat partiyada keçmiş spiker R.Quliyevə ən yaxın adamlardan biri sayılırdı. Hətta deyilənə görə, o zamanlar maddi imkanları xeyli güclü olan R.Quliyevin ADP-yə ayırdığı maliyyə vəsaiti də partiyaya Y.Bağırzadə vasitəsilə çatdırılırmış.

İkinci hadisə - MSK qalmaqalı...

Yusif Bağırzadə ikinci dəfə qalmaqallı hadisənin episentrinə 2003-cü ilin payızında düşdü.

2003-cü ildə ölkə prezident seçkilərinə gedirdi. Beynəlxalq təşkilətların, xarici ölkələrin, böyük dövlətlərin diqqəti Azərbaycana yönəlmişdi. Qanunvericiliyə görə, seçkilərdən öncə yenidən təşkil olunan Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibində parlamentdənkənar siyasi partiyaların da iştirakı təmin edilməliydi.

O zaman Azərbaycan Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Müsavat Partiyası tərəfindən MSK üzvlüyünə namizədlər irəli sürülmüşdü. 
ADP tərəfindən əsas üzvlüyə sabiq deputat, hüquqşünas Yusif Bağırzadə təqdim olunmuşdu. 13 iyun 2003-cü ildə təqdim olunan namizədlər təsdiqlənərkən Yusif Bağırzadə də Mərkəzi Seçki Komissiyasının üzvü seçildi.

Beləcə, sabiq deputat MSK üzvü kimi fəaliyyət göstərməyə başladı.

Yusif Bağırzadənin üzvü olduğu ADP 2003-cü ilin prezident seçkilərində Rəsul Quliyevin qərarı ilə Müsavat Partiyasının başqanı – “Bizim Azərbaycan” Blokunun vahid namizədi İsa Qəmbərə dəstək verirdi.

Nəhayət 2003-ü ilin oktyabrında prezident seçkiləri keçirildi və YAP bu marafonda qələbə qazandı.

O zaman seçkilərin nəticələri ilə razılaşmayan müxalifət özünün MSK-dakı təmsilçilərinin yekun protokolları imzalamayacağını gözlədiyi anda böyük qalmaqal yaşandı. Bu qalmaqal isə ADP-nin MSK-dakı üzvü Yusif Bağırzadə və AXCP-nin MSK-dakı üzvü Asif Mahmudovun sayəsində yaşandı.



Qeyd etdiyimiz kimi, ADP həmin seçkilərdə İsa Qəmbərin prezidentliyə namizədliyini, AXCP isə Etibar Məmmədovun (AMİP sədri) namizədliyini dəstəkləyirdi.

Müxalifət cəbhəsində hamı gözləyirdi ki, onların MSK-dakı təmsilçiləri Yusif Bağırzadə (ADP), Asif Mahmudov (AXCP) və Vidadi Mahmudov (Müsavat) yekun protokolları imzalamayacaq.

Amma seçkilərdən sonra müxalifətin iradəsinin əleyhinə gedən Yusif Bağırzadə və Asif Mahmudov yekun nəticələri əks etdirən protokolları imzalamaqla (müxalifətdən yalnız Müsavatın təmsilçisi Vidadi Mahmudov imzalamadı-A.Q.) ciddi rezonans doğuran addım atdılar.

Bu hadisə ilə müxalifət düşərgəsində aləm bir-birinə dəydi. Yusif Bağırzadənin atdığı addım ADP-nin baş katibi Sərdar Cəlaloğunu infarkt həddinə çatdırdı, Müsavat başqanı İsa Qəmbəri isə şoka saldı.

Sonralar qəzəblənmiş Sərdar Cəlaloğlu mətbuata açıqlamasında Yusif Bağırzadənin addımına görə Rəsul Quliyevi ittiham edərək dedi: “Yusif bəyin MSK-ya göndərilməsinə Rəsul Quliyev təminat vermişdi. Seçkinin yekun protokoluna imza atması da Rəsul Quliyevin razılığı ilə olmuşdu. O, Rəsul Quliyevdən xəbərsiz heç vaxt həmin addımı atmazdı”.

Y.Bağırzadənin addımı partiya siyasətinə zidd mövqe kimi dəyərləndirildi və keçmiş deputat ADP üzvlüyündən çıxarıldı. (Asif Mahmudov da AXCP-dən uzaqlaşdırıldı-A.Q.)

Beləcə, 1998-ci ildə eks-spiker Rəsul Quliyevin arxasınca ADP-yə gələn sabiq deputat Yusif Bağırzadənin bu partiyadakı fəaliyyəti 2003-cü il prezident seçkilərinin nəticələri ilə bağlı yekun qərarı imzalaması ilə başa çatdı.
 

Üçüncü hadisə - AMİP-ə gözlənilməz gəliş və qəfil gediş...
 

Keçmiş millət vəkili Yusif Bağırzadənin MSK üzvü kimi fəaliyyəti 2005-ci ilin sonuna kimi davam etdi. 2006-cı ildə MSK-nın yeni tərkibi seçildiyindən onun buradakı işinə də xitam verildi.

Daha sonra siyasi fəaliyyətə bitərəf olaraq davam edən Y.Bağırzadə gözlənilmədən 2010-cu il aprelin 9-da Azərbaycan Milli İstiqlal Partiyasına üzv qəbul olundu. O zaman Yusif Bağırzadə AMİP-ə üzv olmaq üçün Siyasi Şuraya özü müraciət etmişdi. Sabiq deputatın partiyaya qəbulu haqda qərar Siyasi Şuranın iclasında yekdilliklə müsbət cavablandırıldı.
 



2010-cu ilin 10 iyul tarixində isə Azərbaycan Milli İstiqlal Partiyasının X Qurultayında Yusif Bağırzadə bu siyasi qurumun sədri seçildi. 

Təbii ki, Y.Bağırzadənin partiya sədrliyinə gəlməsinə AMİP lideri Etibar Məmmədov xeyir-dua vermişdi. O zaman keçmiş deputatın sədrliyə gəlişindən sonra AMİP-in siyasət meydanında güclənəcəyinə olan ümidlər doğrulmadı və heç bir ciddi uğur qazanılmadı.

Y.Bağırzadə düz 5 il AMİP-dəki sədr postunda əyləşdi. Onun sədr olduğu dövrdə AMİP müxalifət qüvvələrini birləşdirən İctimai Palatanın üzvlüyündən çıxdı.

İctimai Palata 2010-cu il parlament seçkilərinin nəticələrinə etiraz olaraq 2011-ci ilin fevralında müxalifətin aparıcı partiyaları tərəfindən təsis edilmişdi.
Qurumun əsas məqsədi 2010-cu il parlament seçkilərinin nəticələrinin ləğv olunması və yeni parlament seçkilərinin keçirilməsi idi.

2011-ci ildə AMİP İctimai Palatanı tərk edərkən sədr Y.Bağırzadə bu addımı İctimai Palata daxilində müxalifət partiyaları arasında əməkdaşlığın qurula bilməməsilə əsaslandırmışdı.

Yusif Bağırzadə ilə bağlı növbəti gözlənilməz hadisə 2015-ci ilin oktyabrında - parlament seçkilərinə sayılı günlər qalanda baş verdi. AMİP sədri postundan və ümumiyyətlə partiyadan istefa verən Yusif Bağırzadə səhhəti ilə əlaqədar siyasətdən getdiyini elan etdi.

AMİP-dəkilər gözlənilməz istefadan çaşqın vəziyyətə düşmüş, partiya lideri Etibar Məmmədov isə yəqin ki xəyal qırıqlığına uğramışdı.

Yeri gəlmişkən, o zaman Yusif Bağırzadə ikinci dəfə deputat olmaq istəyirdi. O, 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. Amma sonra Dairə Seçki Komissiyası imza vərəqələrini ona çox gec təqdim etdiyinə görə seçkidən imtina etdiyini bildirdi.

Sabiq deputat müstəqil politoloq kimi...

AMİP-dən gedəndən xeyli sonralar – 2017-ci ildə Modern.az-a müsahibə verən sabiq deputat siyasi aləmdən qəfil çəkilməyinin səbəbini ailəsi, şəxsi problemlərilə məşğul olmaqla bağlayaraq demişdi ki, biznesin bir neçə sahəsi ilə məşğul olur:

“Qazaxıstan, Orta Asiya, Avropa ölkələrində çalışıram. İşimlə əlaqədar tez-tez bu ölkələrə getməli oluram”.

O zaman eks-deputat səhhətindəki problemlərin qaydasına düşdüyünü də söyləmişdi.



Övladlarından da danışan Y.Bağırzadə hər iki oğlunun Böyük Britaniyada təhsil aldığını bildirmişdi. O, böyük oğlunun İngiltərənin sabiq baş naziri Toni Bleyer, Böyük Britaniyanın ilk qadın baş naziri olmuş Marqaret Tetçerin təhsil aldığı universitetin magistraturasında, kiçik oğlunun isə həmin təhsil ocağının bakalavriat pilləsində oxuduğunu qeyd etmişdi (indi yəqin ki, təhsillərini başa vurublar - A.Q.)

Y.Bağırzadə hazırda politoloq kimi fəaliyyət göstərir. Onun siyasətə dair çıxışları əsasən beynəlxalq məsələlərlə bağlı olur. Keçmiş deputatın bu çıxışlarında əsasən hakimiyyətin xətti müdafiə olunur.

Bu günlərdə Modern.az-ın əməkdaşına fəaliyyəti barədə qısa açıqlama verən sabiq parlamentari siyasət aləmindən getmədiyini, onu daha biznes sahəsinə heç nəyin bağlamadığını, növbəti parlament seçkilərində iştirak edib-etməyəcəyi haqda danışmaq istəmədiyini qeyd edib.


A.Qorxmaz

***


Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR 
Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi 
Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR... 
Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR 
Unudulan deputatlar - Oğul itkisi ilə barışa bilməyən ƏMƏKDAR JURNALİST 
Unudulan deputatlar - Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur YAZIÇI…
Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR 
Unudulan deputatlar: Rəsul Quliyevin güdazına gedən AKADEMİK 
Unudulan deputatlar: İdmançı, həkim, prezidentliyə namizədin qəfil ÖLÜMÜ - FOTOLAR 
Unudulan deputatlar: YAP-dan küsən PROFESSOR 
Unudulan deputatlar: Heydər Əliyevin danladığı professor: “Belə şey olmaz Fikrət, olmaz!” 
Unudulan deputatlar: sərxoş sürücünün badına gedən Hikmət həkim…
Unudulan deputatlar: Elçibəyə rəqib olan, kabinetini AXC-yə verən, Heydər Əliyevin təriflədiyi Xalq YAZIÇISI 
Unudulan deputatlar: “Uşaqlarımdan muğayat olun” deyib vəfat edən partiya sədri - FOTOLAR 
Unudulan deputatlar: Səlahiyyətlərini başa vura bilməyən məşhur ƏLİYEVÇİ - FOTOLAR
Unudulan deputatlar: Heydər Əliyev məktəbinin yetirməsi, eks-Baş prokurorun əmisi… - FOTOLAR 
Unudulan deputatlar: Hicablı parlamentari, hacı xanım... - FOTOLAR
Unudulan deputatlar: “Jurnalistlərin dostu” seçilən, Etibar Məmmədovun əvvəlcə müavini, sonra rəqibi olan, Milli Məclisdən gülməcələr yazan PROFESSOR 
Unudulan deputatlar: Heydər Əliyevlə Həccə gedən, Rəsulzadəyə şeir yazan, böyrəkləri çıxarılan ŞAİR
Unudulan deputatlar: Musa Yaqubun şairlikdən Milli Məclisə gedən YOLU - FOTOLAR
Unudulan deputatlar: Elçibəyi təhqir edən, Putindən mükafat alan NAZİR OĞLU
Unudulan deputatlar: “Bizim Cəbiş müəllim”ə çəkilən, parlamentə seçilən, səhnədən erkən gedən AKTRİSA
Unudulan deputatlar: Heydər Əliyevin qiymətləndirdiyi KARDİOLOQ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır