Modern.az

Bir kiloqramı 200 manata: “Hər şeyin qiyməti qalxıb” – Bazardan REPORTAJ

Bir kiloqramı 200 manata: “Hər şeyin qiyməti qalxıb” – Bazardan REPORTAJ

Reportaj

20 Aprel 2022, 10:38

Son günlər bir çox ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Alış-veriş üçün mağazaya üz tutan sakinlər qiymətlərin hər ötən gün artdığını bildirirlər. Dünyada cərəyan edən iqtisadi böhranla əlaqədar idxal mallarında bahalaşma anlaşılan olsa da, yerli məhsuların əl yandıran qiymətləri vətəndaşları narazı salır. 

 

Bəs hazırda yerli bazarlarda vəziyyət necədir?

 

Modern.az-ın əməkdaşları paytaxtdakı “Yaşıl Bazar”a üz tutaraq, qiymətlərlə bağlı son vəziyyətin nə yerdə olduğunu müşahidə ediblər.

 

 

Bazarından girişindən məlum olur ki, bu gün alıcı qıtlığı yaşanır. Bazarda gözə görünənlər əsasən satıcılardır. Piştaxta arxasında müştəri yolu gözləyən satıcılara yaxınlaşıb qiymətlərlə maraqlandıq. 

 

Mövsümi meyvələrlə bəzədilən piştaxtalar göz oxşasa da, qiymətlər o qədər də ürəkaçan deyil. 

 

İllərdir bu işlə məşğul olan Nailə Həsənova qiymətlərdən çox alıcıların azlığından şikayətlənir:

 

Qiymətlərə gəlincə, təcrübəli satıcı vəziyyəti belə izah edir: “Badımcan, bibər, pomidor və xiyar kimi məhsullar indi Rusiyaya satıldığı üçün ölkədə qiyməti bahalaşıb. Bir ay əvvəl qiymət indikindən münasib idi. Zirə badımcanını 5 manata satıram, bir ay əvvəl İran badımcanını 3 manata satırdıq. Pomidorun özbək növü  4 manatadır. Salyan pomidorunu isə 3 manata satıram. "Cherry" pomidor Zirədə əkilir, onu da 10-11 manata satırıq. Şəmkirdə xiyar 3 manatadır, biz də onu 3-4 manata satırıq. Alçanın bir kiloqramı 60 manatdan başlayır 200 manata qədər dəyişir. Alça baha olsa da, alanlar var. Göycə alçasının kiloqramı 80 manatdır. Gördüyünüz kimi, alıcılıq qabiliyyəti zəifdir. Səbəb isə qiymətlərin baha olmasıdır”.

 

Digər həmsöhbətimiz Sail Ağayevdir. Qiymətlərin baha olduğunu etiraf edən satıcı alıcı üzünə həsrət qaldıqlarını bildirir:

 

“Meyvə-tərəvəzin növünə görə qiymətlər dəyişir. Pomidorun qiyməti 3 manatdan başlayır, çeşidinə görə artır.  Çiyələyin kiloqramı 5 manatdan başlayır, 20 manata kimi qalxır. Badımcan isə ölçüsündən asılı olmayaraq 4 manatdan təklif olunur. Satmağa meyvə-tərəvəz var, amma alan yoxdur. İnsanlar haqlıdır, hər şeyin qiyməti qalxıb”.

 

Söhbətimizi yekunlaşdırıb, alıcı axtarışına çıxırıq. Alış-veriş üçün bazara üz tutan Mehriban Qasımova qiymətlərdən razı olduğunu söyləyir:

 

“Bu bazara tez-tez gəlirəm. Qiymət yüksək kimi görünə bilər, ancaq dövr bunu tələb edir. Meyvələrin keyfiyyətindən, satıcıların səmimiyyətindən çox razıyam”.

 

 

Ekzotik meyvələr satan Ramiz dayı isə digərlərindən fərqli olaraq, alıcılıq qabiliyyətindən razı olduğu deyir:

 

“Xeyli müddətdir ki, bu işlə məşğulam, qazancım yaxşıdır. Avakadonun qiyməti 3 manatdan başlayır. Xüsusi qablaşdırılmış şəkildə 5 manata satılır. Manqonun qiyməti 8 manatdır, müxtəlif çeşidlərə görə qiymət dəyişir. Kakos şirəsi 15 manatdır. Gavalının bir kiloqramı 15 manatdır. Ananas 15 manata satılır. Mini ananas daha fərqli və dadlıdır. Mərakeşdən gətirilmiş portağalın qiyməti 10 manatdır. Braziliya yemişi 20 manat, draqon isə 15 manatdır. Mini bananlar da var, onların bir kiloqramı 25 manatdan başlayır. Bu meyvələrin hamısını soyuducu saxlayırıq. Şəftəli və nektarinin kilosu isə 45 manatdır”.

 

Bəs alıcılar nə düşünürlər? 

 

Bu məqamda onların da fikirlərini öyrənməyə davam edirik...

 

Müəllim odluğunu deyən paytaxt sakini Fatimə Süleymanova bəzi qidaların supermarketlərlə müqayisədə bazarda ucuz olduğunu söyləyir:

 

“Bazarda quru meyvələr və çərəzlər mağazalardan daha ucuzdur. Ancaq meyvə-tərəvəz nisbətən bahadır. Şəhərdə tapılmayan bir çox meyvəni buradan alırıq. Qiymətlər ucuz olsa, yaxşı olar”.

 

Digər məhsulların qiymətlərini də soruşmağı unutmadıq. Belə ki, daha çox hamilə xanımların aldığını ərik çaqqalası 15 manata təklif olunur. Satıcıların dediyinə görə, bu məhsulun alıcıları elə də çox olmur.

 

 

Yazın sevimli məhsullarından olan qulançarın bir dəstəsi 8 manata satılır.

 

 

Bazara gəlmişkən alça və çiyələyin dadına baxmadan getmək olmazdı. Qiymətlər yüksək olduğundan 5 manat verib 6 ədəd alça alıb mövsümün açılışını etdik.

 

İnanmaq istərdik ki, dünyanı cənginə alan böhran geridə qalacaq və qiymətlər tezliklə hamının cibinə uyğun olacaq. 

 

Bu ümidlə reportajı yekunlaşdırıb, bazarı tərk edirik...

 

 

Fotolar: Fatma Abdulla

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü