Modern.az

Sabiq milli təhlükəsizlik naziri HARALARDADI...

Sabiq milli təhlükəsizlik naziri HARALARDADI...

Reportaj

25 Aprel 2022, 11:06

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Əməkdaşımız bu dəfə sabiq milli təhlükəsizlik naziri Fəxrəddin Təhməzovun harada olduğunu öyrənməyə çalışıb.

General-mayor Fəxrəddin Təhməzov müstəqil Azərbaycan Respublikasının ikinci milli təhlükəsizlik naziri olub. Onun nazir kimi fəaliyyət dövrü 1992-1993-cü illəri əhatə edib.

1991-ci ilin sonlarında Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa edəndə təhlükəsizlik orqanının rəhbəri general-mayor İlhüseyn Hüseynov idi. O, 1991-ci ilin sentyabrında Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri vəzifəsinə təyin olunmuşdu.

1991-ci ilin noyabrında Azərbaycanın təhlükəsizlik orqanının adı dəyişdirilərək Milli Təhlükəsizlik Nazirliyi (MTN) edildi. İ.Hüseynov 1992-ci ilin may ayına kimi - Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyəti gələnədək Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etdi.

1992-ci ildə hakimiyyətə gələn AXC İ.Hüseynovu təhlükəsizlik orqanlarından ehtiyata buraxdı. Əvəzində Fəxrəddən Təhməzov milli təhlükəsizlik naziri postuna təyin olundu.

Qeyd edək ki, AXC rəhbərliyi o zaman yeni milli təhlükəsizlik nazirindən əvvəl onun birinci müavini postuna təyinat etmiş və həmin vəzifəyə Sülhəddin Əkbər gətirilmişdi. O zaman Rusiyadan Azərbaycana qayıtmış Namiq Abbasov isə nazir müavini təyin olunmuşdu.

Nazir vəzifəsinə namizəd isə prezident Əbülfəz Elçibəyin yanında keçirilən müşavirədə həll olunmuş və o zaman iclas iştirakçıları  Fəxrəddin Təhməzovun üzərində dayanmışdılar.

Fəxrəddin Təhməzov 1992-ci ilin mayından 1993-cü ilin iyun ayına kimi milli təhlükəsizlik naziri postunda çalışıb.

Fəxrəddin Ayət oğlu Təhməzov 10 yanvar 1951-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində müəllim ailəsində anadan olub. 1968-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində orta məktəbi, 1973-cü ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirdikdən sonra bir müddət Əli-Bayramlı şəhərində orta məktəbdə müəllim işləyib.

F.Təhməzov 1975-ci ildə həqiqi hərbi xidmətini başa vuraraq pedaqoji fəaliyyətini davam etdirib.

1975-1977-ci illərdə SSRİ DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbində təhsil alıb, məktəbi bitirdikdən sonra 1977-ci ilin avqust ayından 1990-cı ilin iyun ayına qədər Azərbaycan DTK-sının mərkəzi aparatında kiçik əməliyyat müvəkkili, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisinin müavini, bölmə rəisi vəzifələrində fəaliyyət göstərib.

1990-cı ilin iyun ayından 1991-ci ilin dekabr ayına kimi dövlət təhlükəsizlik orqanının Gəncə şəhər və dəmir yol stansiyası şöbəsinin rəis müavini vəzifəsində işləyib.

1992-ci ilin yanvar ayından Milli Təhlükəsizlik Nazirliyinin Bakı şəhər İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.

Fəxrəddin Təhməzov 1992-ci ilin may ayının 16-da milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunub və həmin ayın 23-də general-mayor rütbəsi alıb.

1993-cü ildə AXC-nin hakimiyyətdən getməsi F.Təhməzovun da postunu itirməsilə nəticələndi. O, həmin ilin iyununda baş vermiş “Gəncə qiyamı”ndan sonra tutduğu vəzifədən azad edildi. Həmin dövrün hadisələrini, o zamankı siyasi prosesləri izləyənlər yəqin xatırlayarlar, parlamentdə keçirilən və AzTV ilə canlı yayımlanan iclasda Ali Sovetin yeni sədri Heydər Əliyev F.Təhməzovun fəaliyyətini sərt şəkildə tənqid edərək, onun nazir kimi özünü doğrultmadığını vurğulamışdı. 

O zaman nazir vəzifəsindən azad edilən F.Təhməzov hətta “Gəncə qiyamı”nın yatırılmasında iştirakına görə, qısa müddətdə həbsdə də yatmalı oldu.

Fəxrəddin Təhməzov bu ilin yanvarında 71 yaşını tamam edib. Əməkdaşımız sabiq nazirlə bağlı araşdırma edərkən məlum olub ki, təhlükəsizlik xidməti generalı hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur, Azərbaycanın təhlükəsizlik orqanları üçün milli kadrların hazırlanmasında iştirak edir. O, DTX-nın Akademiyasına bu ali təhsil ocağının sabiq rəisi Ziya Yusifzadə tərəfindən işə götürülüb.

DTX-nın Akademiyası 1 dekabr 1998-ci ildə yaradılıb.  Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan xüsusi təyinatlı dövlət təhsil müəssisəsidir.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü