Modern.az

Bir şəklin tarixçəsi - İki məşhur tələbə yoldaşı: Aida İmanquliyeva və Əbülfəz Elçibəy

Bir şəklin tarixçəsi - İki məşhur tələbə yoldaşı: Aida İmanquliyeva və Əbülfəz Elçibəy

Reportaj

10 Oktyabr 2023, 13:04

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi budəfəki fotoda iki məşhur sima da yer alıb: Aida İmanquliyeva və Əbülfəz Elçibəy...

10 oktyabr tarixi Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru olmuş professor Aida İmanquliyevanın doğum günüdür.

Qeyd edək ki, mərhum Aida İmanquliyeva Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın anasıdır.

Aida İmanquliyeva 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsində təhsil alıb.

1992-1993-cü illərdə Azərbaycan Respublikasının prezidenti olmuş Əbülfəz Elçibəy (Əliyev) də Aida xanımla eyni vaxtda, eyni yerdə ali təhsil alıb – ADU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsində...

Təqdim etdiyimi fotoşəkil də həmin illərdə çəkilib. Şəkildə sağdan ikincilər onlardır: Aida xanım əyıləşib, Əbülfəz bəy isə ayaq üstündə dayanıb.

Milli Məclisin deputatı Fazil Mustafa deyir ki, mərhum Aida İmanquliyevanın Əbülfəz bəyə böyük hörməti var idi:

“Aida xanımla 1992-ci ilin fevral ayında qonşu İranda nümayəndə heyətində siyasət və mədəniyyət adamları ilə birlikdə on günlük səfərdə olmuşuq. Akademik Arif Paşayev və Aida xanım çox maraqlı və kommunikativ yol yoldaşı idi. Səfər müddətində Aida xanımla ədəbiyyat, din, ərəb və fars mədəniyyəti mövzularda xeyli söhbətlərimiz olub. O zaman mən AXC sədri Əbülfəz Elçibəyin müşaviri kimi bu səfərdə iştirak edirdim. Qeyd edim ki, Aida xanımın Əbülfəz bəyə böyük hörməti var idi. Səfərdən sonra onun salamlarını çatdıranda, Əbülfəz bəy də Aida xanım barəsində xoş fikirlər bildirmişdi. Dəqiq xatırlamıram, bir yerdə ya oxumuşdular, ya da institutda çalışmışdılar. İranda səfərdə böyük tədqiqatçı alim Qulamhüseyn Beqdelinin evini ziyarət etdik və onun zəngin kitabxanası ilə tanış olduq. O zaman bizimlə birlikdə nümayəndə heyətində olan Yaşar Qarayevin və Aidə xanımın Şərq ədəbiyyatı mövzusunda Qulamhüseyn Beqdeli ilə müzakirəsinin qulaq yoldaşı oldum və xeyli bilgiləndim. Düşünürəm ki, İranda yazdığım qeydləri bir gün geniş yazıya çevirim, çox maraqlı məqamlar var. Səfərdən az sonra dünyasını dəyişdi. Allah rəhmət etsin, xatirəmdə dəyərli ziyalı və mehriban insan kimi qalıb”.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok