Modern.az

Bir şəklin tarixçəsi: Məşhur Behbudovlar ailəsi - Rəşidin qardaşı və bacısı...

Bir şəklin tarixçəsi: Məşhur Behbudovlar ailəsi - Rəşidin qardaşı və bacısı...

Reportaj

7 Yanvar 2024, 10:16

Behbudovlar Azərbaycan mədəniyyəti və incəsənətin inkişafında müstəsna xidmətləri olmuş məşhur ailələrdəndir.

Bu ailənin ən görkəmli nümayəndəsi Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunub. Keçmiş SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyicinin qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto “Behbudovlar” adlanır. Behbudovların ailə albomuna məxsus fotonu Rəşid Behbudovun kürəkəni Kamil Şahverdi təqdim edib.

Zaman 1982-ci il, məkan Tiflis şəhəri... Bu şəhərin Behbudovlar ailəsi üçün özünəməxsus  yeri olub.

Şəkildə soldan sağa: Ceyran xanım (Rəşid Behbudovun həyat yoldaşı), Rəşid Behbudov, onların qızları Rəşidə xanım, Rəşid Behbudovun qardaşı Ənvər Behbudov və Behbudov qardaşlarının bacısı Nəcibə xanım.
 

Behbudovların atası Məcid Behbudovun özü də Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri olub. Məcid Behbudov 18 aprel 1873-cü ildə Şuşada anadan olub.
Uşaqlıqdan gözəl və məlahətli səsi olan Məcid Behbudov gənc yaşlarından xanəndəliyə başlayıb. O, Qazaxın Salahlı kəndindən olan rus ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun qızı Firuzə xanımla ailə qurub. Cütlük evlənəndən bir müddət sonra Tiflis şəhərinin azərbaycanlılar yaşayan məhəlləsinə yerləşiblər. 1910-cu ildə o, artıq Gürcüstanda məşhur xanəndələrdən biri idi. O zamanlar Məcid Behbudov bir çox Avropa ölkələrindən səsini vala yazdırmaq üçün dəvətlər alırdı. Bu səfərlərdə xanəndəni rus və fransız dillərini gözəl bilən həyat yoldaşı Firuzə xanım müşayiət edirdi.

Məcid Behbudovun ən çox oxuduğu yer Tiflisin “Dvoryanski klubu” olub. O, həmçinin, musiqili tamaşalarda, toylarda, el şənliklərində də çıxış edib.

Məcid Behbudovun səsi yazılmış onlarca val bu gün ən məşhur muzeylərdə, o cümlədən, Böyük Britaniyanın məşhur Kral Kitabxanasında qorunub saxlanılır. Sovet hakimiyyəti illərində Məcid Behbudov Tiflisdə musiqi, Firuzə xanım Vəkilova isə maarif sahəsində çalışıblar. Firuzə xanımın vəfatından (1933) sonra Məcid Behbudov bir yerdə qərar tuta bilməyib və dəfələrlə yaşayış yerinə dəyişib. O, 1945-ci ilin sentyabrında Qazaxda vəfat edib və elə orada da torpağa tapşırılıb...

Məcid Behbudov və Firuzə Vəkilovanın 3 övladı dünyaya gəlib: Ənvər, Nəcibə və Rəşid.
Onların övladları atadan gələn ənənəni davam etdirmiş, milli mədəniyyətimizin inkişafında mühüm rol oynamışlar. 

Böyük oğul Ənvər Behbudov 20 mart 1912-ci ildə Şuşa şəhərində anadan olub. O, Moskvadakı Ümumittifaq Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsini bitirib (1942). Rusiyanın Ulyanovsk, Xabarovsk, Novosibirsk teatrlarında rejissor və bədii rəhbər olub. V.Kaçalov adına Böyük Dram Teatrında (Kazan) və M.Qorki adına Dram Teatrında (Rostov) baş rejissor işləyib.
1966-cı ildən Azərbaycan Opera və Balet Teatrında baş rejissor olub, "Koroğlu" operasını tamaşaya qoyub. 1969-cu ildən Azərbaycan Rus Dram Teatrının baş rejissoru işləyib. Burada bir çox əsərləri tamaşaya qoyub.
Ənvər Behbudov Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri, həmçinin, medallarla təltif edilib. Rusiyanın Xalq artisti olan məşhur rejissor 18 mart 1993-cü ildə Moskva şəhərində vəfat edib.


Behbudov qardaşlarının bacısı Nəcibə Behbudova Azərbaycanın tanınmış aktrisası olub. Nəcibə Behbudova 6 yanvar 1914-cü ildə Tiflisdə anadan olub. 9 yaşında Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub.
O, bir neçə il Tiflisdəki Azərbaycan Teatrında çalışıb. 1947-ci Bakıya gəlib və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib. Ömrünün sonuna kimi bu teatrda çalışıb.
Aktrisa “Bəyin oğurlanması” filminvə Bibixanım, “Ulduz”da Tamam xala, “Fəryad” filmində erməni axçısı kimi yadda qalan obrazlar yaradıb.
Nəcibə xanım teatr sahəsindəki xidmətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adı ilə təltif olunub. Rus Dram Teatrında işləyən teatr rejissoru Ağaəli Məstanovla ailə həyatı qurub. Bu evlilikdən oğlu Cəfər və qızı Firuzə dünyaya gəlib.
Nəcibə Behbudova 7 dekabr 1999-cu ildə Bakıda vəfat edib və Yasamal qəbirsanlığında dəfn olunub.
Oğlu Cəfər Behbudov ötənn əsrin 80-ci illərində Azərbaycan estrada sənətində parlayan ifaçılardan olub, sonradan Ukraynaya köçüb və 2019-cu ildə orada vəfat edib.

Səsi, sənəti, fitri istedadı ilə əbədiyaşarlıq qazanmış Rəşid Behbudov 1915-ci ildə Tiflisdə dünyaya göz açıb. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidmət zamanı ordu ansamblının, əsgərlik illərindən sonra isə Tiflis estrada qruplarından birinin solisti olub.

Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film tezliklə nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov Stalin mükafatına layiq görülüb.

R.Behbudov uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. 
İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov bənzərsiz səsi, zahiri görkəmi və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardandır.

Milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun ifası sayəsində mümkün olub.

Sənətkar sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və digər ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin populyarlaşmasında çox böyük rol oynayıb. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına, o cümlədən SSRİ Xalq artisti adına layiq görülüb.

Rəşid Behbidov və həyat yoldaşı Ceyran Behbudovanın bir övladı dünyaya gəlib – Rəşidə xanım.

Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskvada vəfat edib. Dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.

Korifey sənətkarın xanımı Ceyran Behbudova 2017-ci ilin mayında vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

Ə.Qafarlı

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusunda dərc olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir