Modern.az

BDU-da televiziyalar tənqid olundu 

BDU-da televiziyalar tənqid olundu 

Актуально

7 Noyabr 2018, 12:05

BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı ilə əlaqədar dəyirmi masa keçirilib.

 

Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, dosent Səidə Abbasova tədbiri açaraq qeyd edib ki, Respublikamız öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlayıb. Ümummilli lider Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə  fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilib, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılıb, bütünlükdə dil mədəniyyətimizin qarşısında geniş üfüqlər açılıb.

 

S.Abbasova onu da bildirib ki, ulu öndər Heydər Əliyevin dil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə ardıcıl olaraq imzaladığı fərman və sərəncamlar respublikada geniş əks-səda doğurub və xüsusən dilçilər tərəfindən rəğbətlə qarşılanıb.

 

Kafedranın dosentləri Sultan Seyidova, Zöhrə Nəbiyeva, Xanımana Manaflı və Nigar Hacıyeva bildiriblər ki, dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal alıb.

 

Bildirilib ki, dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi bir qayda olaraq yüksək estetik tələblərə cavab vermir və dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədə olur. O da bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədi ilə imzaladığı bu fərmanla əlaqədar olaraq hüquqi tənzimlənmə və daimi nəzarətin yaradılması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə  imkan yaradacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı