Modern.az

“Altılı masa”nın namizədi Kılıçdaroğlu olacaq?

“Altılı masa”nın namizədi Kılıçdaroğlu olacaq?

Aktual

2 Mart 2023, 22:22

Türkiyənin müxalif partiyalarının təmsil olunduğu “Altılı masa”nın prezidentliyə namizədi böyük ehtimalla Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu olacaq. O parlamentdə ana müxalifət partiyasının lideri kimi iddialıdır. Namizədliyini bu dəfə də irəli sürməsə, partiyadaşları arasında və cəmiyyətdə nüfuzunu itirəcək.

 

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Türkiyədə keçiriləcək prezident seçkilərində müxalifətin namizədinin kim olacağı barədə şərhində bildirib.

 

O deyib ki, prezidentliyə namizəd kimi adları çəkilən digər iki fiqur – İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlu və Ankara bələdiyyə başçısı Mənsur Yavaş Kamal Kılıçdaroğlu qədər iddialı deyillər. Bu iki bələdiyyə başçısı “Altılı masa”nın istənilən qərarını dəstəkləyəcəklər.

 

Politoloqun sözlərinə görə, “Altılı masa”da yer alan liderlərin əksəriyyəti Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə hazırdır, sadəcə İyi Partiyasının lideri Meral Akşener qərar verməkdə çətinlik çəkir.

 

"Meral Akşener qalib gələ biləcək siyasətçinin prezidentliyə namizəd olmasını istəyir. Görünür, Akşener hesab edir ki, Əkrəm İmamoğlu və ya Mənsur Yavaş namizəd olarsa, müxalifətin hazırkı Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan üzərində qələbə çalmaq ehitmalı yüksələcək. Ancaq fikirmcə, Meral Akşener sonda Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləmək məcburiyyətində qalacaq. Müxalifətin vaxtı daralır, namizəd məsələsini yubatması əleyhinə işləyəcək. Əgər seçki mayın 14-də keçiriləcəksə, seçki kampaniyası üçün 70 günə yaxın zaman qalacaq. Bu, Türkiyənin tamamında seçki kampaniyası aparmaq üçün kifayət etməyə də bilər", - Elxan Şahinoğlu əlavə edib.

 

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilməsi planlaşdırılır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı