Modern.az

WUF13-də inkiliziv şəhərlər müzakirə olundu

WUF13-də inkiliziv şəhərlər müzakirə olundu

Aktual

Bu gün, 19:30

2026-cı il mayın 20-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə” adlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İB-nin sədri Cəsarət Hüseynzadə çıxışında bildirib ki, tədbirin məqsədi təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin inkişafı istiqamətində BMT təşəbbüslərinin və Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi sahəsində dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və ekspertlər arasında dialoqu gücləndirmək, beynəlxalq təcrübələri təşviq etmək və ictimai iştirakçılığı artırmaqdır.

Panel müzakirələrində Milli Məclisin deputatı Pərvanə Vəliyeva “İnklüziv şəhərlərin qurulması DİM 11-in həyata keçirilməsinin əsas hərəkətverici qüvvəsidir” mövzusunda çıxış edərək bildirib ki, şəhərsalma siyasəti və planlaması insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir. Xüsusilə inklüzivlik və əlçatanlıq prinsipləri əsas prioritet olmalıdır ki, fiziki məhdudiyyəti olan şəxslər də daxil olmaqla hər bir vətəndaş şəhər mühitində rahat və bərabər şəkildə iştirak edə bilsin.
“Bizim məqsədimiz yalnız müzakirə aparmaq deyil, həm də konkret təkliflər formalaşdırmaqdır. Bu təkliflər gələcək şəhərlərin daha dayanıqlı, inklüziv və yaşana bilən olmasına xidmət etməlidir", - deyə Pərvanə Vəliyeva deyib.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, Azərbaycanın bütün ərazilərini əhatə edən dövlət proqramları və inkişaf konsepsiyaları mövcuddur. Əsas məqsədlərdən biri işğaldan azad olunmuş ərazilərin təhlükəsiz şəkildə bərpası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhər mühitinin formalaşdırılmasıdır.
"Əhalinin sosial rifahının yaxşılaşdırılması və həyat şəraitinin yüksəldilməsi də prioritet istiqamətlərdəndir. Bu yanaşma Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir", - deyə V.Rəhimzadə deyib.

Milli Məclisin deputatı Vüqar İskəndərov vurğulayıb ki, şəhərlərin inkişafı davamlı dəyişiklik və yenilənmə prosesidir. Bu baxımdan əsas məqsəd ərazilərin balanslı inkişafını təmin etmək, şəhər və kəndlər arasında harmoniyanı qorumaq və yaşıllaşdırma kimi vacib istiqamətləri genişləndirməkdir.
" Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri bu modelin ən bariz nümunəsidir. Burada həyata keçirilən layihələr inklüzivlik, sosial bərabərlik və müasir şəhər standartları əsasında qurulur", - deyə deputat bildirib.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəis müavini İsmayıl Zeynalov müxtəlif sahələrdə təhlükəsizlik məsələləri təkcə səmərəlilik baxımından deyil, həm də insan həyatı üçün ciddi risklərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını önə çəkib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimov "Şəhərsalmada ictimai iştirakçılıq: Azərbaycan təcrübəsi necə inkişaf edə bilər?" mövzusunda təqdimatla çıxış edib.
Ekspert şəhərsalma proseslərində ictimai iştirakçılığın əhəmiyyətindən danışıb. O vurğulayıb ki, vətəndaş cəmiyyəti institutlarının qərarvermə proseslərinə cəlb olunması daha inklüziv və dayanıqlı şəhər mühitinin formalaşmasına töhfə verir.

Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, “İqtisadi və Sosial Araşdırmalara Dəstək” İctimai Birliyinin sədri Əyyub Kərimli  bildirib ki, şəhərlərə investisiyanın cəlb edilməsi və bu prosesin səmərəli idarə olunması şəhər idarəçiliyində maliyyə dayanıqlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahədə beynəlxalq təcrübələr göstərir ki, şəhərlərin idarə olunması və inkişafı üçün əhəmiyyətli maliyyə resursları tələb olunur.

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əlimməmməd Nuriyev bildirib ki, Qarabağda və digər bölgələrdə həyata keçirilən yeni şəhərsalma təşəbbüsləri beynəlxalq təcrübələrin Azərbaycana gətirilməsi və yerli modellərin dünyaya təqdim olunması üçün vacib platformadır. “Hazırda Azərbaycan Qarabağda, Şuşada və digər bölgələrdə yeni şəhərsalma və məskunlaşma təşəbbüslərini həyata keçirir.

Tədbir çərçivəsində iştirakçılar urbanizasiya, sosial inklüzivlik, mənzil siyasəti, təhlükəsiz şəhər infrastrukturu, ictimai iştirakçılıq və yaşıl maliyyələşmə mexanizmləri üzrə fikir mübadiləsi apararaq, beynəlxalq təcrübələr və yerli yanaşmaları müzakirə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı