ABŞ Prezidenti Donald Trump bildirib ki, İran sülh sazişi ilə razılaşmasa, Vaşinqton Tehrana qarşı hücumları davam etdirməyə hazırdır. Bununla belə, Tramp “doğru cavabları almaq” üçün daha bir neçə gün gözləməyə hazır olduğunu deyib.
Modern.az xəbər verir ki, jurnalistlər qarşısında çıxış edən Tramp vəziyyətin “kritik həddə” olduğunu və sürətlə gərginləşə biləcəyini bildirib.
“İnanın, əgər düzgün cavablar almasaq, bu çox tez bitəcək. Hamımız fəaliyyətə hazırıq”, - deyə o, Endryus birgə hərbi bazasında bildirib.
ABŞ prezidentindən nə qədər gözləyəcəyi soruşulduqda, Tramp bunun “bir neçə gün çəkə biləcəyini”, lakin eyni zamanda çox tez də başa çata biləcəyini deyib.
Tehran isə öz növbəsində ABŞ-a hücumları yenidən başlatmamaq barədə xəbərdarlıq edib.
“İrana qarşı təcavüz təkrarlanarsa, vəd edilən regional müharibə bu dəfə regionun sərhədlərini aşacaq”, - deyə İslam Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilir.
İran həmçinin Hörmüz boğazı kimi strateji əhəmiyyətli su yolunda nəqliyyatın hərəkətinə nəzarət etmək üçün yeni “Fars Körfəzi İdarəsi” yaradıb.
Tramp İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəkləri ilə bağlı qəti mövqeyini bir daha təkrarlayıb.
“Biz İran məsələsində yekun mərhələdəyik. Görək nə olacaq. Ya razılaşma əldə edəcəyik, ya da bəzi xoşagəlməz addımlar atacağıq, amma ümid edirəm ki, buna ehtiyac qalmayacaq”, - deyə Ağ Ev rəhbəri jurnalistlərə bildirib.
“İdeal olaraq, mümkün qədər az insanın həlak olmasını istəyərdim, çox insanın yox. Biz bunu istənilən halda edə bilərik”, - deyə o əlavə edib.