Modern.az

I sinif uşaqlarına görə yığılan qeyri-rəsmi ödənişlər

I sinif uşaqlarına görə yığılan qeyri-rəsmi ödənişlər

Ölkə

31 Avqust 2010, 16:12


Yeni tədris ilinin yaxınlaşması ilə əlaqədər 6 yaşı tamam olan uşaqalrın orta məktəblərdə birinci sinfə qəbulu prosesi gedir. Təhsil Nazirliyinin məlumatına görə, 2010-2011-ci tədris ilində ümumtəhsil məktəblərinin I sinfinə 123 min 844 şagirdin qəbul olunacağı gözlənilir.

2009-2010-cu dərs ilində I sinif şagirdlərinin sayı 118 min 581 nəfər olub. Bu göstərici 2007-ci ildə 117 min 921, 2008-ci ildə isə 119 min 600 nəfər təşkil edib.
 
Qeyd edək ki, bu il I siniflərə Təhsil Nazirliyinin 796 nömrəli əmri ilə sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər.

Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar qəbul edilir. Komissiyanın rəyi əsas tutulmaqla vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilmiş uşaqlar haqqında yerli təhsil orqanlarına məlumat göndərilir. Həmin uşaqların müvafiq məktəblərin I sinfinə qəbulu mövcud qaydalar üzrə rəsmiləşdirilir.

6 yaşı tamam olmuş övladını Orta məktəbə yazdıran valideynlər lazımi sənədləri toplamaq üçün bir xeyli xərcə düşməli olurlar. Bu barədə Nəsimi rayonundan olan valideynlər Modern.az-a məlumat veriblər. Onların sözlərinə görə, altıyaşlıların I sinifə qəbulu üçün lazım olan arayışları alarkən qeyri-rəsmi ödənişlər tələb olunur. Belə ki, uşaqlara poliklinkalardan sağlamlıq arayışının alınması valideynlərə 10-20 manata başa gəlir. Mənzil İstismar sahələrindən yaşayış yeri haqqında arayış almaq elə-belə başa gəlmir - minimum 5 manat ödəməlisən.

Məktəblərdə də altıyaşlıların sənədlərinin qəbulu prosesi də narazılıqsız ötüşmür. Məsələn, bəzi valideynlərin öz uşaqlarını məktəblərdə daha yaxşı pedoqoji təcrübəyə malik hesab olunan müəllimlərin siniflərinə yazdırmağa çalışması direktorlara “şirinlik” verməklə başa gəlir.

Səhiyyə Nazirliyindən Modern.az-a bildirilib ki, tibb müəssisələrində sağlamlıq haqqında arayış pulsuz verilir. Odur ki, şikayəti olanlar Səhiyyə Nazirliyinin Daxili Nəzarət Qrupunun 498-61-10, 498-75-29 nömrəli telefonlarına müraciət etməlidirlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı