
“Heç bir azərbaycanlı iqtidar partiyasından olan namizədə səs verməli deyil”. Bunu Modern.az-a açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı, müxalifətdə olan “Vahid Milli Hərəkat” Partiyasının nümayəndəsi Azər Süleymanov bildirib.
Sabahki seçkilərdə hər şeyi Gürcüstan xalqının müəyyən edəcəyini bildirən deputatın fikrincə, əsas mübarizə Saakaşvili və İvanişvilinin namizədləri arasında olacaq.
“Kiçik dövlətdə 23 namizəd qeydiyyatdan keçib və sərbəst öz təşviqat proqramlarını həyata keçirirlər. Əsas namizədlər Nino Burcanadze, David Bakradze və Georgi Marqvelaşvilidir. Fikrimcə, əsas mübarizə Saakaşvilinin namizədi Bakradze və İvanişvilinin namizədi Marqvelaşvili arasında olacaq. Gürcüstan xalqı kimi dəstəkləsə, o, da qalib gələcək”.
Gürcüstan azərbaycanlıları arasında səs verəcəkləri namizəd məsələsində yekdilliyin olmadığını bildirən deputat bununla belə, partiyasının namizədi Bakradzenini qalib gəlməsini istəyir.
“Bu gün heç kim deməsin ki, bütün azərbaycanlılar bir partiyaya toplaşıb. Azərbaycanlılar hər bir partiyada var. Əsas üç namizəd var. Qalan namizədləri nəinki camaat, heç özləri özlərini tanımırlar. Müxalifət partiyasının nümayəndəsi olduğuma görə, çox istərdim ki, azərbaycanlılar David Bakradzeyə səs versinlər. Qalibin adını tezliklə biləcəyik”.
Azər Süleymanov İvanişvili hakimiyyətini tənqid edərək, azərbaycanlılar üçün heç bir addımların atılmadığını bildirib.
“Müxalifət partiyasının nümayəndəsi olduğuma görə demirəm, amma İvanişvili hökümətinin 1 il hakimiyyətdə olduğu dövrdə Gürcüstandakı azərbaycanlılar qarışıq bütün xalqlara vədlər verdilər ki, ölkədə radikal dəyişikliklər olacaq. 1 il ərzində gördülər ki, heç bir şey dəyişməyib. Heç bir azərbaycanlı iqtidar partiyasından olan namizədə səs verməli deyil. Bu mənim fikrimdir. İvanişvili dönəmində azərbaycanlılar yaşayan böldəgə heç bir yenilik olmadı”.
Vüqar İsmayılov