Modern.az

"Avropa İttifaqı insanların həyatını təhlükə altına atır"

"Avropa İttifaqı insanların həyatını təhlükə altına atır"

Education

20 Fevral 2015, 16:42


"Avropa sərhədlərinə qədər irəliləyən qaçqınlar və miqrantlar sərhəddə deportasiya təhlükəsi ilə üzləşirlər".

Modern.az xəbər verir ki, bunu  ATƏT Parlament Assambleyasının (PA) Vyanada keçirilən növbəti qış sessiyasında sözügedən qurumun Demokratiya və insan hüquqları komitəsinin iclasında "İnsan hüquqları: miqrantlar, qaçqınlar və məcburi köçkünlər" mövzusunda müzakirələr zamanı  Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova dilə gətirib.     

Onun sözlərinə görə, ATƏT PA 1996-cı il iyul ayının 9-da qəbul edilən Stokholm bəyannaməsində qaçqın və miqrantların problemlərinin həlli üçün milli və beynəlxalq səviyyədə səyləri fəallaşdırmağa çağırıb.    “Qaçqın və məcburi köçkünlərin kütləvi axınının əsas səbəblərinə nəzər salan Assambleya ATƏT-in dəstəyi ilə Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya, Dnestryanı və digər münaqişələrin həllinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bununla belə, 2014-cü il Bakı bəyannaməsində ATƏT PA qurumun ərazisində sığınacaq axtaran insanların dramatik vəziyyətinin daha da pisləşməsinə dəlalət edən hadisələrin baş verdiyini etiraf etməyə məcbur olub”.    

R. Aslanova deyib ki, miqrasiya barəsində ATƏT PA iştirakçı dövlətləri dəfələrlə mənşə və tranzit ölkələri ilə ATƏT-in miqrasiya sahəsində daha geniş fəaliyyəti mövzusunda dialoqu aktivləşdirməyə, eləcə də Avropa Komissiyası tərəfindən verilən qiymətə uyğun olaraq, üçüncü ölkələr, xüsusilə də mənşə və tranzit ölkələrlə sıx əməkdaşlıq qurmaqla, qanunsuz miqrasiyanın başlıca səbəblərinin aradan qaldırılmasına yönəlmiş uzunmüddətli proqramlar və təşəbbüslər çərçivəsində təxirəsalınmaz tədbirlər görməyə çağırıb:

"Bununla əlaqədar, Azərbaycan yürütdüyü miqrasiya siyasəti sahəsində bir sıra islahatları və yenilikləri uğurla həyata keçirib. 2013-cü ilə qədər Miqrasiya Məcəlləsi qəbul edilib. Dövlət Miqrasiya Xidmətinin yaradıldığı müddətdən indiyə qədər Azərbaycan miqrasiya siyasətinin yaxşılaşdırılması, bürokratik prosedurların, daxili və xarici mühacirət qaydalarının, miqrantların qeydiyyatının sadələşdirilməsi, məşğulluqla bağlı yardımın göstərilməsinə yönəlmiş bir sıra islahatları müvəffəqiyyətlə həyata keçirib.  

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə viza rejiminin və readmissiyanın sadələşdirilməsinə dair razılaşma imzalayıb. Bu, miqrasiya siyasətinin Avropa standartları ilə daha sıx təmasda olmasına və Avropa ilə qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasına imkan yaradacaq. Eyni zamanda, çalışan miqrantlara qarşı ksenofob, xüsusilə də islamofob və radikal münasibətin artması, onların əmək hüquqlarının məhdudlaşdırılması, Avropa ölkələrində sığınacaq axtaran şəxslərə və qaçqınlara qarşı pis rəftar və ayrı-seçkilik hallarının artması xüsusi narahatlıq doğurur".

R. Aslanova bildirib ki, miqrantların axını qarşısında sərhədlərini bağlamağa cəhd edən Avropa İttifaqı insanların həyatını təhlükə altına atır və qaçqınların əsas hüquqlarını pozur:

"Buna sübut olaraq, "Avropa divarları: Avropa sərhədlərində miqrantların və qaçqınların insan hüquqlarının pozulması" adlı 2014-cü il "Beynəlxalq Amnistiya" hesabatını göstərmək olar. Həmin hesabatda Avropa İttifaqının son on il ərzindəki miqrasiya siyasəti təhlil olunur.Avropa sərhədlərinə qədər irəliləyən qaçqınlar və miqrantlar sərhəddə deportasiya təhlükəsi ilə üzləşirlər. Brüssel tərəfindən 2005-ci ildə başladılan Aİ miqrasiya siyasəti olduqca səmərəli, eyni zamanda, çox sərtdir: o, ən zəif və müdafiəsiz insanlara zərbə vurur.

Bu siyasət Avropa İttifaqına milyardlarla avroya başa gəlir: hər bir dövlət miqrantların yolunda yeni, daha çətin maneələrin yaradılması üçün ildə büdcədən milyonlarla pul ayırır. 2007-ci ildən 2013-cü ilə qədər Aİ öz xarici sərhədlərinin bağlanmasına 2 milyard avroya yaxın vəsait xərcləyib, halbuki miqrantların və qaçqınların onun ərazisində yaşama şərtlərinin yaxşılaşdırımasına cəmi 700 milyon avro sərf edib.      

Bu baxımdan, ATƏT Avropa ölkələrini insanlar üçün qaçqın statusunun alınması prosedurunun əlyetərli olması labüdlüyünü qəbul etməyə və onların problemlərinin həllinin başqa ölkələrin üzərinə atmaq cəhdlərinə yol verməməyə çağırıb. Həmçinin ATƏT-in tərkibinə daxil olmayan ölkələrlə qanunsuz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlıq şərtlərini yenidən müzakirə etmək lazımdır".  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı